Asif Məmmədov: "Komandamızda inamsızlıq var"

Asif Məmmədov: "Komandamızda inamsızlıq var"
ÖLKƏ FUTBOLU 13 Sentyabr 2013 / 14:32 1900
-  A +

“Neftçi” ilə oyun haqda onu deyə bilərəm ki, yaxşı oynamadıq. 1:3 hesabı ilə məğlub olmuşuqsa, deməli zəif çıxış etmişik. İkinci hissədə oyunumuzda nəsə göründü. Ancaq ümumi götürəndə çıxışımızdan razı qala bilmərik”.

Qol.Az saytına açıqlamasında bu sözləri “İnter”in yarımmüdafiəçisi Asif Məmmədov Topaz Premyer Liqanın VI turunda “Neftçi”yə məğlub olduqları oyun (1:3) haqda danışarkən deyib.

O, komandanın ardıcıl məğlubiyyətlərinin səbəbi haqda danışıb. Qeyd edib ki, klubda heç bir problem yoxdur, münasibətlər qaydasındadır:

“Çempionata uğursuz başlamışıq. Ona görə də komandamızda ruh düşkünlüyü, inamsızlıq var. Bizə qələbə lazımdır ki, futbolçularda özünəinam yaransın. Rəhbərliyin komandaya inamı böyükdür. Uğur qazanmaq üçün bizə hər cür dəstək göstərirlər. Ancaq hələ ki, bizdə alınmır. Müdafiə xəttində boşluqlarımız var. Dünənki oyunda isə Brüs Abdullaye ilə Laşanın olmaması öz sözünü dedi. “Tromse” ilə Bakıdakı oyunda onların müdafiə xəttində inamlı çıxışına görə qalib gəldik. Komandamız qol vura bilir. Ancaq sonra üstünlüyümüzü qoruya bilmirik. Bu da qeyd etdiyim kimi müdafiədəki boşluqlarla bağlıdır.

A.Məmmədov oyunda baş verən qalmaqallar və hakim Vüsal Əliyevin mübahisəli qərarlarına münasibət bildirib: “Futbolda belə şeylər çox olur. Uduzduğumuza görə bizdə bir az əsəb var idi. Abdulla Abatsiyev özünü saxlaya bilmədi. Çünki rəqib futbolçu Bertuççi yerdə olarkən onu vurdu. Hakim səhvləri oldu. Ancaq mənim bunları deməyimlə nəsə dəyişən deyil. Ancaq məğlubiyyəti hakimin üstünə atmaq düzgün olmaz.  Məncə, hələ ki, biz yaxşı oynamırıq”.

A.Məmmədov növbəti turda “Bakı” ilə qarşılaşacaqları oyun  haqda da danışıb:  “Bakı” ilə oyunda “qara zolaq”dan çıxmağa çalışacağıq. Zədəli və cəzalı futbolçularımız da həmin oyunda hazır olacaqlar. Üstəlik öz meydanımızda oynayacağıq. Tək “Bakı” yox, bütün komandalara qarşı oyun çətindir. Ancaq bu dəfə qalib gəlməyə borcluyuq”.

Daha çox


Son xəbərlər