"Azarkeşlərimiz əmin olsunlar ki, "Neftçi" daha da böyük zəfərlər qazanacaq"

"Azarkeşlərimiz əmin olsunlar ki, "Neftçi" daha da böyük zəfərlər qazanacaq"
GÜNDƏM 31 Avqust 2013 / 00:47 3041
-  A +

Dünən Azərbaycan futbolu üçün tarixi gün idi . Belə ki,  “Neftçi” klubu məhz ötən il avqustun 30-da Kiprin APOEL klubunu səfərdə 3:1 hesabı ilə məğlub etməklə tarixində ilk dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmışdı. Qol.Az-ın məlumatına görə, "Neftçi"nin üzvləri – Rəşad Sadiqov və Flavinyo bununla bağlı fikirlərini klubun rəsmi saytına bildiriblər.
 
 
Rəşad Sadiqov: “Bu gün bizim üçün çox xoş gündür. Azərbaycan futbolu tarixində ilk dəfə olaraq avrokuboklarda qrup mərhələsinə yüksələn bir komandanın kapitanı kimi qürur hissi keçirirəm. Çox istərdik ki, “Qarabağ”, nəhayət, üçüncü cəhddə bu uğuru təkrarlasın, amma çox təəssüf ki, alınmadı. Buna baxmayaraq, bu il “Qarabağ” Azərbaycanı Avropada layiqincə təmsil etdi. Hər bir klubumuza bu nailiyyətə imza atmağı arzulayıram. Azarkeşlərimizə səslənirəm, onlar əmin olsunlar ki, gələcəkdə “Neftçi” nəinki bu tarixi uğuru təkrarlayacaq, hətta daha da böyük zəfərlər qazanacaq”.

Flavinyo: “APOEL-lə oyun yaxşı yadımdadır. Evdə heç-heçə oynasaq da, Kiprdə qalib gələcəyimizə inanırdıq və bunu bacardıq. “Neftçi” qrupda da yaxşı təsir bağışladı. Milanda “İnter”lə bərabərə qalmaq asan məsələ deyil. Biz özünəgüvən və güclü komanda oyunu hesabına bunun öhdəsindən gəldik. Qismətə bax ki, bir il bundan qabaq elə bu tarixdə bizə məğlub olan APOEL bu dəfə bəxtin hesabına qrupa düşdü. Öz günahımız ucbatından bu mövsüm avrokuboklarla erkən vidalaşdıq. Çalışacağıq ki, gələn mövsüm daha böyük zirvələri fəth edib, azarkeşlərimizi sevindirək”.

Daha çox


Son xəbərlər