“Futbolçular arasında münaqişə olsaydı…”

“Futbolçular arasında münaqişə olsaydı…”
ÖLKƏ FUTBOLU 19 Avqust 2013 / 15:30 3165
-  A +

“İnter” klubunun qapıçısı Səlahət Ağayevin Qol.Az saytına müsahibəsi

- Topaz Premyer Liqanın III turunda AZAL-a qarşı dünənki oyunda zədələnib meydanı tərk etdin. Hazırda durumun necədir?

- Görüşün beşinci dəqiqəsində ciddi zədə aldım, huşumu itirdim, ondan sonra nə baş verdiyini xatırlamıram. Başımda ağrılar olsa da, dünənkinə nisbətən yaxşıyam.

- Növbəti oyuna çıxa biləcəksən?

- Hələ ki, komandamız iki gün istirahətdədir. Məşqlərdə iştirak edə bilsəm, növbəti oyuna çıxa bilərəm.

- Komandanız artıq üç oyundur ki, hesabda irəli olsa da, üstünlüyünü qoruya bilmir və məğlub olur. Bunun səbəblərini öyrənə bilmisiniz?

- Səbəbini deyə bilmərəm. Ancaq hamı istəyir ki, qələbə qazansın. Biz də hər oyunda var qüvvəmizlə çalışırıq. Oyunlara istəklə çıxırıq. Bunun nəticəsində də hər üç oyundur ki, hesabı açan tərəf oluruq. AZAL-la oyunda da hesabda irəli olsaq da, 1:2 hesabı ilə məğlub olduq. Nədənsə üstünlüyümüzü qoruya bilmirik.

- Hesabı qoruya bilməməyiniz müdafiə xəttindəki səhvlərdən ola bilər?

- Deməzdim ki, bu uğursuzluqlarda kiminsə kobud səhvi var. Səhv məndən tutmuş, hücumçuya qədər olur.

- Adətən belə hallar komanda daxilində problemlər olanda baş verir.

- Heç bir problem yoxdur. Həmişəki kimi kollektivimiz mehribandır. Hansısa futbolçular arasında münaqişə olsaydı, deyərdim bununla bağlıdır. Ancaq futbolçular hamısı bir-biri ilə çox mehribandır. Yəqin ki “qara zolağ”a düşmüşük. Çalışıb bundan azad olmalıyıq.

- Mövsümün əvvəlində “İnter” in 9 xal itirməsi iddiasını azalda bilər? Hər halda 9 xalı bərpa etmək çox çətin olacaq.

- Üç oyunu xalsız tərk etmək işimizi çox çətinə saldı. Ancaq “İnter” həmişəki kimi iddialı olacaq.

- Növbəti oyununuz “Rəvan”ladır. Bu komanda da “İnter” kimi hələlik xal qazanmayıb. “Qara zolaq”dan çıxmaq üçün yaxşı şansınız olduğunu düşünürsən?

- Keçən oyunlardan əvvəl də qeyd edirdik ki, üç  xal bizə çox vacibdir. Ancaq bu dəfə mütləq qalib gəlməliyik. Çünki bir qələbə komandamızı uğursuzluqdan çıxara bilər. Həm də qalib gəlməsək, artıq digər iddialı komandalar bizi çox qabaqlayacaq və işimiz daha ağır olacaq. İnşallah həm “Rəvan”, həm də digər oyunlarda qələbələrimizi sıralayarıq.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner