Rövşən Əmiraslanov: "Simurq"a gəlməyimin əsas səbəbi..."

Rövşən Əmiraslanov: "Simurq"a gəlməyimin əsas səbəbi..."
GÜNDƏM 11 Avqust 2013 / 13:00 3114
-  A +

“Simurq” klubunun yarımmüdafiəçisi Rövşən Əmiraslanovun Qol.Az saytına müsahibəsi

- Əvvəlcə “Qəbələ”dən ayrılmağının səbəbini bilmək istərdik.

- Müqaviləm başa çatdı. Qalmağım üçün də yeni təklif təklif olunmadı. Mən də xoş münasibətlə "Qəbələ"dən ayrıldım.

- Bəs “Simurq”u seçməyinin səbəbi nə oldu?

- Yalan danışmağın mənası yoxdur, iddialı klubların heç birindən mənə təklif gəlmədi. AZAL-dan və “Rəvan”dan təklif almışdım. Yəni ortabab klublar idi. Əsas səsəblərdən biri də “Simurq”un baş məşqçisi oldu. Georgi Çixradzeni yaxşı tanıyırdım. İnandım ki, onun yanında daha yaxşı oynayaram. Ona görə də “Simurq”u seçdim. Həm də keçən mövsüm zədəli olduğum üçün demək olar ki, oynamadım. Formada deyildim.  Fikirləşdim ki, mənə dəstək lazımdır. “Simurq”da oynayacağıma inanıram.

- Ancaq baş məşqçi Çixradze “Rəvan”la oyunda sənə şans vermədi.

- Bu, komandaya yeni gəlməyimlə bağlı deyil. Reqlamentə əsasən bir nəfər 1992-ci il təvəllüdlü futbolçu oynamalıdır. Mənim mövqeyimdə isə Rəşad Eyyubov oynayırdı. Nədənsə onun oyunu baş məşqçini qane etmədi. Ona görə də Rəşad digər 1992-ci il təvəllüdlü oyunçu Məhərrəm Hüseynovla əvəzləndi. Baş məşqçinin qərarına hörmət edirəm. Məşqlərdə əlimdən gələni edəcəm ki, əsas heyətdə yerimi tutum və bir daha əldən verməyim.

- Komandanız çempionata yaxşı start verdi, “Rəvan”a qalib gəldiniz. “Simurq”un mövsümdə ilk oyunu ilə bağlı nə deyə bilərsən?

- Çempionatın ilk oyununda hər bir sürpriz nəticə qeydə alına bilər. Rəqibi də yaxşı tanıya bilmirdik. Çünki “Rəvan”a da xeyli futbolçu gəlib. Onların səviyyəsi haqda məlumatımız yox idi. Yəni rəqibi analiz edə bilməmişdik. Ona görə də çox ciddi hazırlaşmışdıq. Qalib gəlmək çox önəmli idi. Məqsədimiz üç xal qazanmaq idi. Bunu da bacardıq. Oyun bizi qane etdi.

Komandaların yeni mövsümdəki çıxışına əsasən hansıları özünüzə ciddi rəqib sayırsan?

- Çempionatda zəif komanda yoxdur. Rəqibini zəif sayan komanda artıq məğlubdur. Baxmayaraq ki, “Simurq”da yeniyəm, bilirəm ki, komandamızda elə bir fikir formalaşıb ki, hər bir oyuna final matçı kimi baxacağıq. Ona görə də hər bir rəqibə eyni gözlə baxırıq. Komandaların hamısı bizim üçün rəqibdir və hamısından üç xal almaq üçün vuruşacağıq.

- Keçən mövsüm “Simurq” çempionata yaxşı başladı. İddialı komandalardan biri idi. İndi rəhbərlik komandadan hansı nəticəni istəyir?

-  Mən komandaya gələndən rəhbərliklə bizimlə çox danışıb. Ancaq konkret klubun məqsədləri haqda danışığız olmayıb. Təbii ki, hər bir klub istəyər ki, ən yüksək yeri qazansın. Keçən il “Simurq” çempionatı dördüncü yerdə bitirdi. Çalışacağıq ki, bu il daha uğurlu nəticə qazanaq.


- Bu gün Topaz Premyer Liqanın II turunda "Xəzər Lənkəran"la qarşılaşacasınız. Bu oyun haqda nə deyə bilərsən?

- Yeni mövsümə yaxşı başlamışıq, ilk oyunda qələbə qazanmışıq. Bugünkü oyuna da ancaq qalib gəlmək üçün çıxacağıq. İlk turlarda qələbə qazanmaq əhəmiyyətlidir.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər