Zaur Məmmədov: “İsraildə tamam başqa “Simurq” görəcəksiniz”

Zaur Məmmədov: “İsraildə tamam başqa “Simurq” görəcəksiniz”
ÖLKƏ FUTBOLU 3 İyul 2009 / 18:18 5467
-  A +

- Öncə başlayaq komandanızın “Bney Yehuda” ilə keçirdiyi dünənki qarşılaşmasından.
- Oyunumuzu ümumilikdə normal qiymətləndirərdim. Təcrübəsizlik öz sözünü dedi. Dərhal hiss olunurdu ki, komanda ilk dəfədir avrokuboklarda oynayır. Bu, xüsusilə ilk hissədə özünü açıq şəkildə göstərdi. Hətta ilk 45 dəqiqəni bərbad səviyyədə keçirdik. “Simurq”un Azərbaycan Premyer Liqasında oynadığı futbolu hamınız görmüsünüz. Axı biz top saxlayıb ani əks-hücumlara çıxmağı yaxşı bacarırıq. Dünən isə həmin oyundan əsər-əlamət yox idi. Futbolçularımız sanki özlərində deyildilər. Hamısı həyəcanlı idi. Bir tərəfdən onları da qınamıram. İlk dəfə idi bu cür ajiotaj şəraitində oyuna çıxırdılar, onlara 15 mindən artıq futbolsevər baxırdı. Odur ki, özlərini itirmişdilər. Diqqət yetirdinizsə, top saxlamağı bacaran yox idi. Hara gəldi vururdular.
- Rəqib necə komanda idi?
- Rəqib güclü idi. Xüsusilə texniki planda. Onların topla davranışlarını görmürdünüz? İlk toxunuşdan dərhal hiss olunurdu ki, necə texnikalı futbolçulardır. Hər halda, hamıya məlum oldu ki, “Bney Yehuda” heç də onların baş məşqçilərinin dediyi qədər zəif komanda deyildi.
- Sizin də qeyd etdiyiniz kimi, rəqib komandanın baş məşqçisi oyundan əvvəl qəribə açıqlamaları ilə diqqət çəkmişdi. O, “Sabahkı oyunda məğlubiyyət istəyirəm”, “Simurq” favoritdir və onların qələbə şansları 80 faizdir” kimi ifadələr işlətmişdi. O, bu fikirlərində nə dərəcədə səmimi idi?
- Mən ilk gündən dedim ki, onun dedikləri “yəhudi gedişi”dir. Ümumiyyətlə, bu tip gedişlər son vaxtlar futbolda dəb halını alıb. Yəni, məşqçi öz komandasının gücünü bir qədər aşağı qiymətləndirməklə rəqib komandada arxayınlıq yaradır. Nədənsə biz dünən onun dediyi fərqləri meydanda görmədik. O, deyir ki, mən mərhələ keçmək istəmirəm və bizim üçün ilk növbədə İsrail çempionatı önəmlidir. Bax bu məsələdə mənim iradım öz jurnalistlərimizədir ki, o zaman niyə ona sual vermədilər ki “avrokuboklar sizə lazım deyilsə, o zaman İsrail çempionatında niyə oynayırsınız?”. Yəni, ortada məntiq olmalıdır. Komandalar daxili çempionatda nəyə görə mübarizə aparırlar, xərc çəkirlər, oyunçu alır? Yüksək yer tutub avrokuboklarda oynamaq üçün. Əgər sənin üçün Avropa Liqası daxili birincilikdən önəmlidirsə, onda niyə çıxıb oynayırsan?
- “Simurq” avrokubokların debütanı idi. İlk dəfə bu miqyaslı yarışda oynayırdınız. Bu mənada klub olaraq hansı çətinliklərlə rastlaşdınız? Söhbət həm təşkilatı, həm də, digər məsələlərdən gedir.
- Çox çətinliklər oldu. Özü də bizim bəxtimizə İsrail klubu düşmüşdü və onlar müsəlman ölkəsinə gəlirdilər. Bu mənada bizdən ciddi təhlükəsizlik tədbirləri görmək tələb olunurdu. Bundan başqa, Fair Play qaydalarının da pozulmasına yol verməməli idik. Biz də bütün qüvvəmizi buna yönəltmişdik ki, hər hansı bir problem çıxmasın. Mənə elə gəlir ki, üzərimizə düşən işin öhdəsindən  gələ bildik. Biz onsuz növbəti mövsüm də medallar uğurunda mübarizə aparacağıq. Bu mənada 2010-cu il avrokuboklar yarışlarına vəsiqə qazanacağımız tədqirdə xeyli təcrübəyə malik olacağıq.
- Əksər azarkeşlər Pokoranı qorxaq futbol oynamaqda günahlandırdı. Evdə oynadığımız halda ukraynalı məşqçi bir hücumçi ilə meydana çıxdı. Bəzi hallarda isə “Simurq”un az qala bütün komanda ilə müdafiəyə çəkilməsi adamda elə təəssürat oyadırdı ki, sanki, qonaq “Bney Yehuda” yox, bizik. Petrov irəlidə təkbaşına heç nə edə bilmədi. Əksinə, israillilər böyük qüvvə ilə üzərimizə gəlməyə və qələbə qolunu vurmağa nail oldular.
- Bilirsiniz ki, bu, tək “Simurq”un yox, Pokoranın özünün də avrokuboklarda ilk matçı idi. Amma dünənki qarşılaşmadan mütləq dərs götürməlidir və başa düşməlidir ki, evdə belə oynmaq olmaz. Ən azı bir qol vurmalı idik. Bunun üçün isə daha çox hücumda olmalısan. Digər tərəfdən də baxanda, gərək bəxtin də ola. Əgər hesab 0:0 olarkən Petrovun zərbəsi dirəyə dəyməyib qapıdan keçsə idi, bəlkə də uşaqlar həvəslənib ikinci qolu vuracaqdılar.
- Sizə elə gəlmir ki, rəqibinizi Bakıda yox, Zaqatalada qəbul etsəydiniz nəticə başqa cür olardı?
- Mən məğlubiyyəti meydan amilinin üzərinə atmaq istəmirəm. Bakı da bizimdir. Amma təbii ki, Zaqatalanın öz yeri var. Oraya öyrəşmişik, ab-hava bizə daha doğmadır. Orada oynasaydıq, qələbə şansımız daha çox olardı.
- Sizi İsraildə daha ağır oyun gözləyir. “Simurq”un növbətə mərhələyə keçmək şansını necə qiymətləndirirsiniz?
- Məncə hələ heç nə itirilməyib. Sizin də qeyd etdiyiniz kimi, bizi qarşıda ikinci oyun gözləyir. Təbii, çətin olacaq. Amma müasir futbolda keçilməz rəqib yoxdur. Pokora da mətbuat konfransında bunu deyib, mən də təkrar edirəm. Alman klubu olub ki, ilk oyunu 0:3 hesabı ilə məğlub olub təkrar qarşılaşmada 5:0 hesabı ilə qalib gəlib. Bu mənada qətiyyən ümidimizi itirmirik və artıq bu gündən təkrar matçın hazırlığına başlamışıq. Ən əsası odur ki, dünənki qarşılaşmadan sonra futbolçularımla görüşəndə onların gözlərində qisas hissinin cizgilərini gördüm. Mən inanıram ki, səfərdə rəqibə öz gücümüzü göstərə biləcəyik. Bir daha deyirəm, “Simurq” təhlükəli, sürətli əks-hücumlar etməyi yaxşı bacaran komandadır axı. Bu mənada İsraildə tamam başqa “Simurq” görəcəksiniz.  

Daha çox


Son xəbərlər