Rəşad Abdullayev: "Futbolçularla bir-birimizi başa düşmürük"

Rəşad Abdullayev: "Futbolçularla bir-birimizi başa düşmürük"
XƏBƏR 3 Avqust 2013 / 17:41 2683
-  A +

"Bildiyiniz kimi, elə bu yay "Bakı”ya keçmişdim. Amma Avstriya toplanışından sonra baş məşqçi ilə hərtərəfli söhbətimiz oldu. Çox futbolçu transfer etdiyini dedi və "sənin kimi futbolçunu ehtiyatda saxlaya bilmərəm. Ya ehtiyatda qalıb, şansını gözləməlisən, ya da başqa kluba keçməlisən” söylədi. Mən də ikincini seçdim".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Rəvan"ın yeni transferi Rəşad Abdullayev klubun rəsmi saytına danışarkən deyib.

"Elə oldu ki, "Rəvan”la söhbətimiz və razılaşmamız baş tutdu. "Rəvan”la danışıb, karyeramı burada davam etdirmək qərarına gəldim. Karyeramda özüm üçün yeni səhifə açdım. Çünki mən həmişə oynamış futbolçu olmuşam. "Rəvan” Bakını təmsil etdiyindən bura keçməyi üstün tutdum. Həm də baxdım ki, bu komandanın perspektivi var, onların şərtləri də məni qane etdi. Komandanın heyətinə baxmışam, yaxşı uşaqlar var. Perspektiv gördüm deyə bura gəldim” - deyə Rəşad əlavə edib.

Yeni klubunda “27” nömrəli formanı geyinəcək futbolçu klubunun ən yüksək yerlər uğrunda oynayacağını bildirib: "Rəhbərliklə söhbətimiz zamanı da hər şeyin ciddi olduğunu hiss etdim. Məqsəd məncə, ilk “5-liy”ə düşməkdir. Amma bunun üçün startdan uğurlu başlamaq lazımdır. Lap elə “Simurq” ilə oyundan. Onlar ötən mövsüm sürpriz etdi, əsas iddiaçıların başı avrokuboklara qarışdığından zaqatalalılar hamını təəccübləndirdi. Sonradan da ilk “6-lığ”a düşdülər. Belə uğura “Rəvan” da imza ata bilər. Sadəcə, özünəinamı artırmaq və bir az soyuqqanlı olmaq lazımdır”.

R.Abdullayev deyib ki, əgər bu mövsüm "Rəvan"da uğurlu çıxış etsə, komandada daha uzun müddət qala bilər: "Hələ 31 yaşım var. Özümdə 35 yaşa qədər oynamağa güc hiss edirəm. Bütün təcrübəmi ortaya qoyacağam. Mən çox komanda dəyişən futbolçu deyiləm. Mövsüm mənim üçün uğurlu olsa, nəyə görə də “Rəvan”da qalmayım?! Hər şeyi zaman göstərəcək. İşlərim yaxşı getsə, hər şey məni qane etsə, burada qalaram”.

Sonda futbolçu bu gün Qəbələdə baş tutacaq “Simurq”la görüşdə oynamağa hazır olduğunu söyləyib: “Bakı” ilə hazırlıqlarda iştirak etmişəm. Yaxşı forma yığmışam. Sadəcə, ola bilsin ki, “Rəvan”dakı futbolçularla hələ bir-birimizi tam başa düşmürük. Axı komandaya 2-3 gündür qoşulmuşam. Amma tədricən bu problem də həll olunacaq. İnşallah, vaxt keçdikcə hər şey düzələcək. Qəbələyə qələbə dalınca gəlmişik. Hər iki tərəf üçün neytral meydandır. Amma mənim üçün tanış məkandır. Axı ötən mövsüm "Qəbələ”də oynamışam. Bəlkə də bunun özü bir işarədir. Məşqçi şans versə, çıxıb öz bacarığımı tam ortaya qoymağa çalışacağam”.

Son xəbərlər
topaz banner