Namiq Yusifov: "Polşada işimiz çətin olacaq"

Namiq Yusifov: "Polşada işimiz çətin olacaq"
GÜNDƏM 19 İyul 2013 / 16:04 3710
-  A +

“Rəqib oyuna güclü pressinqlə başladı. Elə biz də onlardan bunu gözləyirdik. Çünki hazırda Avropada zəif rəqib yoxdur. Üstəlik də, “Piast”  Avroliqaya Polşa çempionatından vəsiqə qazanıb”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ” klubunun yarımmüdafiəçisi Namiq Yusifov Avroliqanın II təsnifat mərhələsində “Piast”la oyun haqda danışarkən deyib.

“Bilirdik ki, rəqibin pressinqi çox çəkə bilməz, ən uzağı bir hissə davam edə bilər. Çünki heç bir komanda buna çox tab gətirə bilməz. Ona görə də qalib gələcəyimizə inanırdıq. İkinci hissədə onları topsuz qoyduq. Bununla da işimiz asanlaşdı. Bundan sonra üstünlüyü ələ aldıq və iki qol vuraraq qələbə qazandıq” – deyə o qeyd edib. 

N.Yusifov “Qarabağ”ın Polşa klubundan aşkar üstün olduğunu vurğulayıb: “Oyuna baxanda hamı kimin üstün oynadığını gördü. “Piast”ın tək üstünlüyü ucaboy olmalarında idi. Buna görə də, atletik futbol oynayırdılar. Rəqibin vurduğu qol da heçnədən oldu.  Çünki qolu hansısa düşünülmüş hücum nəticəsində vurmadılar. Sadəcə qapı ağzına asma etdilər.  Futbolçuları ucaboy olduğundan asanlıqla topu qapıdan keçirdilər”.

Təcrübəli futbolçu qeyd edib ki, “Piast”la  Polşadakı oyun “Qarabağ” üçün daha çətin olacaq.  Həmçinin o bildirib ki, 2:1 hesablı nəticə “Qarabağ” üçün yaxşı nəticədir və növbəti mərhələyə keçmək şanslarını artırır: “Öz meydanımızda qol buraxsaq da, hər halda qələbə istənilən halda yaxşıdır. 0:0 hesabındansa 2:1 daha yaxşıdır. Çünki bu üstünlüyümüzü səfərdə qoruya bilsək, mərhələni adlayacağıq”.

Daha çox


Son xəbərlər