Böyükağa Hacıyev Kazanda Redniki necə yada saldı?

Böyükağa Hacıyev Kazanda Redniki necə yada saldı?
ÖLKƏ FUTBOLU 26 Oktyabr 2012 / 05:00 5061
-  A +

Daim öz personası, özünəməxsus açıqlamaları ilə diqqət çəkən, jurnalistlər tərəfindən xüsusi hörmətlə qarşılanan “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Kazanda da öz ampluasında idi.

Qol.Az-ın bu şəhərə ezam olunmuş müxbinin verdiyi məlumata görə, “Rubin”lə Avropa Liqasının dünənki qrup qarşılaşmasından sonra keçirilən mətbuat konfransında da Hacıyev maraqlı açıqlamaları ilə diqqət çəkib.

Onun rusiyalı jurnalistlərdən biri ilə dialoqu hətta yerli media nümayəndələri tərəfindən də böyük maraqla qarşılanıb. Rusiyalı jurnalist öncə “mənim sizə iki şəxsi sualım olacaq” deyib və daha sonra suallara keçib. Onun Qurban bayramını nəzərdə tutaraq, Hacıyevə ünvanladığı ilk sual bu cür olub: “Bu gün məscidə getmisiniz?”. “Neftçi”nin baş məşqçisindən isə bu cür cavab gəlib: “Mən müsəlmanam və Allaha inanıram. Hər gün də ona dual edirəm. Üç ay bundan qabaq Moskvada çox ağır əməliyyat keçirdim. Əgər bu gün  sağamsa, sağlam yaşayıramsa, bunun üçün Allaha minnətdaram. Məscidə gəlincə, Bakıdakı məscidə gedirəm, dualarımı edirəm. Ancaq Kazanda heç vaxt məscidə getmərəm”.

Rusiyalı jurnalistin ikinci sualı isə Hacıyevin səsi ilə bağlı olub: “Siz, emosionalsınız, oyunlarda çox qışqırırsınız. Səsiniz ona görə batıb, yoxsa burada başqa səbəb var?”

Hacıyevin bu suala cavabı isə xüsusilə maraqlı olub: “Bizim Azərbaycanda bir klub var, “Xəzər Lənkəran”. Bu komanda daxili çempionatda “Neftçi”nin ən prinsipial rəqibidir. “Neftçi”nin baş məşqçisi kimi, bu komandaya qarşı ilk oyunum səfərdə oldu. Həmin vaxt rəqibə avtoqol sayəsində 0:1 hesabı ilə məğlub olduq. Yeri gəlmişkən, həmin avtoqolun müəllifi hazırda Azərbaycan millisinin də şərəfini qoruyan Ruslan Abışovdu. O vaxt “Xəzər Lənkəran”ın başında rumıniyalı məşqçi dayanırdı, bəlkə də tanıyarsınız, Mirça Rednik. Rednik həmin oyundan sonra demişdi ki, “Mənim nənəm də meydançaya çıxsa, “Neftçi”ni udarıq”. Həmin söz mənə çox pis təsir eləmişdi.  Ancaq Bakıdakı cavab oyununda Rednikin “Xəzər Lənkəran”ını 5:0 məğlub etdim.  Elə həmin oyunda da o qədər qışqırdım ki, axırda səsim batdı”.

Daha çox


Son xəbərlər