Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov Qol.Az saytına müsahibə verib.
- Ağasəlim müəllim, “Bakı”nı artıq çempion saymaq olar, yoxsa siz də tələsməməyi məsləhət görürsünüz?
- Mən də tələsməməyi və gözləməyi məsləhət görərdim. Düzdür, “Bakı” artıq 90 faiz, bəlkə də daha çox çempionluğu özü üçün təmin edib. Son turda “Muğan”ın hansısa sürpriz edəcəyi mümkünə oxşamır. Çünki, Salyan təmsilçisi elə də güclü komanda deyil. Bununla belə bu futboldur. Gəlin son turu da gözləyək.
- Sizcə “Bakı” çempion olarsa, bu “İnter”in onlara hədiyyəsi olacaq, yoxsa “Qarabağ”ın? “İnter”in adını ona görə çəkdik ki, ardıcıl 3 turda xal itirən “bankirlər” özləri də əsas rəqibinin zirvəni ələ keçirməsinə az “kömək” etmədilər.
- Razıalşmaq olar. Gəlin belə danışaq da, çempion olmaq istəyən komanda ilk növbədə bu yolda əsas ona əsas rəqib olan komandaları məğlub etməlidir. Amma “İnter” nə “Bakı”ya qalib gələ bildi, nə “Xəzər-Lənkəran”a nə də “Qarabağ”a.
- “Bakı”nı çempionluğa layiq sayırsınız?
- Bu haqda futbol mütəxəssisləri də yaman çox danışırlar. Amma mənə çatmır. Necə yəni “layiddir yoxsa yox”. Əgər layiq deyilsə, o zaman necə olur ki, gəlib çempion olur.
- Maraqlıdır, Qyoko Haciyevski ilə indi münasibətiniz necədir?
- Normaldı. Birdə ki, mən heç onu çoxdandır görmürəm axı. Sonuncu dəfə 1 il bundan əvvəl məşqçi işlədiyim zaman üz-üzə gəlmişdik.
- Bir dəfə demişdiniz ki, Haciyevskini tanımırsınız. Onu tanımağınız üçün makedoniyalının hansısa nəticə göstərməsinin lazım olduğunu vurğulamışdınız.
- Nəticə o demək deyil e Azərbaycan çempionu oldum qurtardı. Gəlin etiraf edək ki, bizim çempionatımız Avropanın ən zəiflərindəndir. Çalışmaq lazımdır ki, hansısa iz buraxasan. “Bakı” rəhbərliyinin və şəxsən prezident Hafiz Məmmədovun gördüyü işləri çox yüksək qiymətləndirərdim. Komanda üçün baza, stadion tikir. Ən əsası uşaq futbolu üçün böyük vəsait ayırır, türkiyədən uşaq məşqçiləri dəvət edir. Gərək Haciyevski də görülən işlərin tərkib hissəsi olsun. Klubun gələcəyi, infrastrukturu ilə bağlı təkliflərini versin. Əvəzedici komandaya xüsusi diqqət ayırsın.
- Sizə elə gəlmir ki, Azərbaycan çempionu olmaq elə də etalon sayılmamalıdır. Əcnəbi məşqçilər yerlilərdən güclü olduqlarını sübut etmək üçün Avropada da sözlərini deməlidirlər?
- Avropada uğurlu nəticə qazanmaq üçün çox işləmək lazımdır. Bir də mən sizə açıq deyim ki, bu “Avropa futbolu” anlayışı da mənə çatmır. Bu nə neməkdir k? Futbol futboldur da. Onu hər yerdə eyni oynayırlar. Sadəcə baxır onu kim necə oynayır. Avropada heç bir komanda 1 ay qalmış hansısa turnirin hazırlığına başlamır. Bu hazırlıq qarşıya məqsəd qoyulan gündən başlanmalıdır. Sizə bir misal çəkim. 1999-cu ildə mən olimpiya milli komandasının baş məqşçisi idim. O vaxt biz Antalyada təlim-məşq toplanışında olanda BATE-də orada idi. Həmin vaxt Belarus klubuna Baydaçnı rəhbərlik edirdi. O, o vaxt mənə demişdi ki, biz 4-5 il sonra Çempionlar Liqasının qrup mərhələsinə düşməyi hədəfləmişik. Düzdür, 4-5 il olmadı, amma 9 il sonra bu baş verdi. Ən əsası bu, baş verdi. Biz də gərək o cür planlı şəkildə işləyək. Yoxsa bir gün bir məşqçini qoyuruq o bir sistem qurur, sabah başqa bir məşqçi dəvət edirik həmin məşqçi də gəlib köhnə sistemi dağıdıb öz sistemini qurmağa başlayır.
- “İnter”in lideriliyini əldən verməsində Xodukinin günahı nə dərəcədədir? Axı 3 oyun ardıcıl oyunda komanda vacib xallar itirirsə baş məqşçi də məsuliyyət daşıyır.
- Xodukin mənim həmkarımdır, odur ki, onun haqqında pis fikir söyləyə bilmərəm. Qoy onun fəaliyyətinə “İnter” rəhbərliyi qiymət versin. Bir də bu sualı yaxşı olar ki, Xodukinin özünə verin cavab özü cavab versin ki, harada səhv buraxıb. Əlinin altında iki bərabər səviyyəli heyəti var. Özü də gəlin etiraf edək ki, “İnter”də çox güclü futbolçular cəmləşib çoxu da legionerdir və hərəsinin də nə qədər qiyməti var. Şəxsən mənim iş prinsipim belə olub ki, oynadığın bütün turnirlərdə qarşına qələbə məqsədi qoymalısan.
- “Simurq” haqqında nə deyə bilərsiniz?
- Orada əksəriyyət ukraynalı futbolçular yer alıb. Baş məşqçiləri Roman pokora da hamısını yaxşı tanıyır. Bəziləri ilə Ukraynada da birlikdə işləyib. Nə deyə bilərəm, öz dəsti-xətləri, oyun tərzləri var. Mən buradan bürünc medallar və avrokuboklara vəsiqə münasibəti ilə başda klubun prezidenti Zaur Məmmədov olmaqla, baş məşqçi Roman Pokoranı və Zaqatala azarkeşlərini təbrik edirəm.
- Sizin üçün bu mövsümün kəşfi hansı komanda oldu?
- Mənim üçün bu mövsümün kəşfi olmadı. Kəşf ötən ili oldu o da “Olimpik” idi.
- Bəs futbolçular arasında necə?
- Təəssüf ki, oyunçular haqqında da bunu deyə bilməyəcəm. Çünki, yerli futbolçuların əksəriyyəti oynamadı və günlərinin çoxunu ehtiyyat oyunçular skamyasında keçirdilər. “Qarabağ”ı çıxmaq şərti ilə, iddialı klubların hamısı legionerlərə üstünlük verdi.
- Sabiq klubunuz “Xəzər-Lənkəran” haqqında nə deyə bilərsiniz? Hər halda mövsümü onlar üçün də uğursuz saymaq olar.
- “Xəzər-Lənkəran” elə klubdur ki, o gərək həmişə birindi yer uğurunda mübarizə apara. Çünki orada da yaxşı futbolçular və nəticə qazanmaq üçün əla şərait var. Mən də razıyam ki, bunun müqabilində komanda istənilən nəticəni göstərə bilmədi və böyük ehtimalla bu mövsüm avrokuboklardan da uzaq qalacaq.
- Sizə elə gəlmir ki, Ponomaryovun baş məşqçi postuna gətirilməsi yalnış addım idi?
- Dedim axı, həmkarım haqqında pis danışmaq fikrim yoxdur.
- Lənkəranlı azarkeşlər durub-oturub “Ağasəlim Mircavadov” deyirlər.
- Sağ olsunlar. Yaddan çıxarmadıqlarına görə onlara minnətdarlığımı bildirirəm. Hamı da bilir ki, orada işlədiyimiz müddətdə vicdanla çalışmışıq.
- Yenidən Lənkərana qayıtmaq fikriniz yoxdur?
- Arxı tullanmamış “hop” deməyi xoşlamıram (gülür). Ortada bir olmayandan sonra nəyinsə haqqında fikirləşməyə də ehtiyac yoxdur.
- Deyilənə görə, İqor Ponomaryov deyirmiş , guya komandaya alınan futbolçuların çoxunu o istəməyib,sadəcə, rəhbərlik həmin futbolçuları öz istəyi ilə “Xəzər-Lənkəran”a gətirib.
- Yox, buna inanmıram. Ən azından mən “Xəzər-Lənkəran” da işlədiyim müddətdə belə şey olmayıb. Baş məşqçinin istəyi olmadan rəhbərlik onu necə transfer edib deyə bilər ki bunu zorla oynatmalısan? Mən baş məşqçi olanda fəxri prezident Mübariz Mənsimov transfer məsələlərində bütün səlahiyəti baş məşqçinin ixtiyarına buraxmışdı və heç vaxt da onun işinə müdaxilə eləmirdi.
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi
PSJ güclü qar altında məşq etdi - Video