Tərlan Əhmədov: “Hər şeyi onların vicdanına buraxıram”

Tərlan Əhmədov:  “Hər şeyi onların vicdanına buraxıram”
ÖLKƏ FUTBOLU 9 Avqust 2012 / 13:09 3943
-  A +

Çempionlar Liqasının III mərhələsinin cavab matçı çərçivəsində dünən Bakıda İsrail çempionu ilə 2:2 oynayaraq, mübarizəni dayandıran “Neftçi”nin məşqçisi Tərlan Əhmədov oyundan sonra jurnalistlərin suallarını cavablandırarkən, bir sıra qaranlıq məqamlara aydınlıq gətirib. Qol.Az saytı mətbuat konfrasından hazırlanan yazını təqdim edir.

- Oyunla bağlı fikirləriniz necədir?

- İlk oyundakı 0:4 hesablı məğlubiyyətdəb sonra komandanı təkrar görüşə kökləmək həddindən artıq çətin idi. Bununla belə, qarşımıza məqsəd qoymuşduq ki, bütün gücümüzü ortaya qoyaq, nəyin bahasına olursa olsun, İsraildəki matçın revanşını alaq. Komandamızın oyunundan razı qaldım, əzmkar oynadılar, bütün tapşırıqları yerinə yetirdilər. Özünüz də gördünüz ki, xeyl iqol imkanımız oldu. Rəqibin cəmi iki imkanı oldu, onda da qol vurdu. Görüləsi işlərimiz çoxdur. Gördünüz ki, cavan bir futbolçuya da etimad göstərdik, o da etimadı doğrultdu. Baxmayaraq ki, İsraildəki matçdan sonra məlum üç futbolçunu heyətdən kənarlaşdırdığımız üçün bizi qınayanlar var idi. Amma bugünkü oyun bir daha sübut etdi ki, klub rəhbərliyinin qəbul etdiyi qərar tam düzgün idi.  Yenə deyirəm, 0:4-dən sonra komandanı cavab matçına hazırlamaq çox çətin idi. Ancaq futbolçularımız 90 dəqiqə pressinq tətbiq etdilər, əzmkarlıqla mübarizə apardılar. Bu da Azərbaycan futbolunun,  yeni nəslin inkişafından xəbər verir.

- Komandanızın oyunundan razı qaldığını dediniz. Ancaq görünürdü ki,  futbolçuların potensialı bundan artığına imkan vermir...

- Futbolda hər şey olur. Siz kənardan baxıb başqa cür düşünürsünüz. Ancaq mən fikirləşirəm ki, komanda oyundan oyuna artırır. Yeni gənclər yetişir, onların da böyük təcrübəsi var. Mən deyərdim ki, indiki “Neftçi” son 10 ilin ən yaxşı “Neftçi”sidir.

- Son 4 oyunu olduqca aşağı səviyyədə keçirməsinə baxmayaraq, Flavinyonu yenə meydançada saxladınız. Buna nə gərək var idi?

- Yenə də sizə kənardan hər şey başqa cür görünür. Əvvəl Flavinyo tək idi, oyunu tez gözə dəyirdi. Ancaq indi komandaya yeni  legionerlər cəlb olunub deyə onun oyunu əvvəllki qədər diqqət cəlb etmir. Bu gün Vobay, Ramos, Rəşad Sadiqov kimi futbolçular komandada rəqabət yaradıblar.  Sizə elə gələ bilər ki, Flavinyo əvvəlki oyununu oynamır. Ancaq onu da nəzərə alın ki, “Neftçi” də bu gün daha fərqli futbol oynayır, daha çox qısa ötürmələrdən istifadə edir. 

- Gəlin, açıq danışaq. Bu gün “Neftçi” bu heyətlə nəinki Çempionlar Liqasının, heç Avropa Liqasınında qrupunda oynaya bilməz. Siz inkişafdan, əzmkarlıqdan danışırsınız, xeyli qol imkanını boşa verdiyinizi, rəqibin isə cəmi iki imkan qazanıb onu da qola çevirməsini önə çəkirsiniz. Ancaq unutmayaq ki, səviyyə fərqi də burdan görünür ki, rəqib qol imkanlarından daha yaxşı istifadə edir. Hansı ki, Avropada bu, çox önəmlidir. Bundan başqa, yeni alınan futbolçulardan Kanaresin artıq çəkisi var, 90 dəqiqə ərzində qapıya bir zərbə belə vura bilmədi. Bertuccinin sürəti var, amma ağlı yoxdur, Ramos  isə yerli futbolçulardan seçilmir. Bu heyətlə Avropa Liqasının pley-off-unda oynamaq çətin olmayacaq?

- Yox, çətin olmayacaq. Yenə deyirəm, komanda oyundan-oyuna artırır. Bir şeyi də nəzərinizə çatdırım ki, 6-7 yeni futbolçu cəlb olunub və 1 ay ərzinə komandanı bu cür oyunlara kökləmək çox çətindir. Ancaq hər şey daha da yaxşılığa doğru gedir.

- Hücumçu yoxdur, qol vuran yoxdur...

- Bu, bizi də düşündürür. Ancaq mən deyərdim ki, ötən oyunla müqayisədə bu oyunda Kanares özünə gəlib. Ümumiyyətlə, Kanares çox mədəni futbolçudur. Mən karyeram ərzində onun qədər mədəni futbolçu görməmişəm.

- Ancaq qələbəni insanın tərbiyəsinə görə qazanmırlar...
- Başa düşürəm.  Biz də çalışrıq ki, o insan bu ailəyə uyğunlaşsın, istədiyimizi versin. Hələ ki, istədiyimizi tam ala bilməmişik, amma düşünürəm ki, bu da olacaq.

- Avropa Liqasının pley-off mərhələsi öncəsi yeni hücumçu almağı düşünmürsünüz?

- Hər halda sabahkı (bugünkü – red.) toplantımızda bu məsələ də müzakirə olunmalıdır.

- Bugünkü oyuna daha fəal başladınız. Hiss olunurdu ki, rəqibə pressinq tətbiq edincə, oynaya bilmir. Niyə ilk matçda da bu cür cəsarətlə oynamayıb müdafiə futboluna üstünlük verdik ki, yekun da da o cür ağır məğlubiyyətə düçar olduq?

- Heç kimin xətrinə dəymək istəmirəm. Futbol elə şeydir ki, futbolçu ötürmədə səhv edə bilər, amma ən əsası onun əzmkarlığı olmalıdır. Birinci oyunda biz komandaya müdafiədə oturmaq tapşırığı verməmişdik. Çox çox təəssüf edirəm ki, həmin 0:4-ün acısını bu gün çəkdik.  Çox şey danışmaq istəmirəm, hər şeyi buraxıram bəzi insanların vicdanına. Hər şeyi açıqlamaq olmur. Amma yenə deyirəm, biz məşqçilər korpusu olaraq,  İsrailə hücum futbolu oynamağa getmişdik.

- Yəni,  siz futbolçularınıza hücum futbolu oynamağı tapşırmışdınız?

- Bəli. Ancaq təəssüf etdiyim məqamlar var ki, burda açıqlamayacağam. Yəqin ki hər şey sizə məlum oldu. Bugünkü oyun da sübut etdi ki,  ilk görüşdən sonra atılan addımlar doğru idi.

- Deməli, sizə qarşı təxribat hazırlanmışdı?

- Mən o barədə danışmaq istəmirəm.

- Bugünkü oyun göstərdi ki, müdafiə xəttində də ciddi problemlər var. Nəzərə alaq ki, növbəti rəqibiniz də güclü olacaq. Bu problemi aradan qaldıram üçün heyətə yeni müdafiəçi cəlb etməyi düşünürsünüz?

- Bəli.

Anar XANLAROV


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi