Elnur Allahverdiyev: “İnter”ə güzəştə getməyəcəyik”

Elnur Allahverdiyev: “İnter”ə güzəştə getməyəcəyik”
MÜSAHİBƏ 30 Aprel 2009 / 19:20 3988
-  A +

“Qarabağ”ın müdafiəçisi Elnur Allahverdiyevin Qol.Az-a müsahibəsi.


- Əvvəlcə dünənki “Bakı”yla kubok oyunu haqda fikirlərini bölüşərdin?
- Bu qarşılaşma bizim üçün son şans idi. Çünki biz bu mövsüm Azərbaycanı qitə kuboklarında təmsil etmək istəyirik. Bu baxımdan kubok bizim son şansımızdır. Çempionatda bir o qədər də uğurlu çıxış edə bilmədiyimizdən, bütün diqqətimizi kuboka yənəltmişik. Buna görə də oyuna çox ciddi hazırlaşmışdıq, rəqibimizi yaxşı təhlil etmişdik, onların güclü və zəif tərəflərini öyrənmişdik. Çox sevinirəm ki, gözəl oyun sərgiləyərək, “Bakı” üzərində çox mühüm qələbə qazandıq. Bu matçda göstərdikləri yüksəksəviyyəli oyuna görə öz komanda yoldaşlarıma da təşəkkürü bildirirəm.
- Özün necə, qol vuracağını gözləyirdin?
- Bilirsiz, boyum uca olduğundan standard vəziyyətlər zamanı məşqçilərimiz mənə tapşırırlar ki, hər zaman irəli gedim. Mən, Teli və digər ucaboy futbolçularımız rəqibin cərimə meydançasında təhlükə yaratmağa çalışırıq. Yəni mənim komandanın müdafiə xəttinin qayğısına qalmaqdan başqa, ikinci vəzifəm də künc zərbələri, cərimə zərbələri zamanı irəli gedib, qol vurmaqdır. Buna görə də fərqlənməyimi normal qarşıladım.
- Bu matça qədər “Qarabağ” 2 dəfə “Bakı”yla qarşılaşmışdı və hər iki halda meydanı məğlub kimi tərk etmişdi. Səncə, bu dəfə məşqçilər korpusu heyətdə və ya taktikada hansı dəyişiklik etmişdi ki, komandanız uğur qazana bildi?
- Kubok oyunları başqa, çempionat oyunları başqa. Çempionatda hər iki halda, uduzsaq da, kubokda qələbə qazandıq. Bir daha deyirəm ki, bu oyuna çox ciddi hazırlaşmışdıq və şadam ki, istəyimizə çatdıq.
- Necə düşünürsən, “Qarabağ”ı artıq finalda hesab etmək olar?
- Futboldu, hər şey ola bilər. İstənilən nəticəylə qarşılaşmaq mümkündür. Amma bu həqiqətdir ki, ilk matçdan sonra böyük üstünlük əldə etmişik və bu üstünlüyü əldən vermək fikrimiz yoxdur. Həm də inanmıram ki, “Bakı” bizi Quzanlıda məğlub etsin.
- “Qarabağ” finala yüksələcəyi halda, “İnter”lə qarşılaşacağı artıq demək olar ki, dəqiqdir.
- Hə, belə demək olar. Çünki “İnter”in bu cür üstünlüyü əldən verməsi qeyri-mümkündür. Hesab edirəm ki, “Qəbələ” oyuna həddindən artıq çox “nastroy” olmuşdu və buna görə də özlərini “yandırdılar”.  
- Hazırda “Qarabağ” bütün diqqətini ölkə kubokuna yönəldib. Buna görə də düşünmək olar ki, premyer-liqa oyunları zamanı komanda gücünü kubok matçları üçün qoruyacaq?
- Yox, biz çempionatdakı iddiamızı hələ davam etdiririk. Düzdü, çempionluq şansımız qalmayıb, amma bürünc medala hələ də iddia edirik. Çünki qarşıda iki mühüm oyunumuz - “İnter” və “Xəzər-lənkəran”la matçlar var. Əgər bu qarşılaşmaların hər ikisində qalib gəlsək, üçüncü yeri tuta bilərik. Çünki hazırda üçüncü yerdə qərarlaşan “Simurq”un da “Bakı” və “Xəzər-lənkəran”la matçlarda xal itirmək ehtimalı var.
- Qarşıdakı “İnter” matçından nə gözləyirsən?
- Ancaq və ancaq qələbə. Bayaq da dediyim kimi, hələ bürünc medala şansımız var. Buna görə də “Inter”i mütləq udmalıyıq. Həm də nəzərə almaq lazımdır ki, bu matçı həmişəkindən fərqli olaraq, Suraxanıda deyil, Ağdamda keçirəcəyik.
- Ağdamdan söz düşmüşkən, “Qarabağ”ın ev oyunlarını doğma Quzanlıda keçirməsinə münasibətin necədir?
- Çox gözəl. Bu qərarı alqışlayıram. Oradakı insanlara sevinc bəxş etmək hər birimizin borcudur. Mən çox sevinirəm ki, AFFA bu cür qərar qəbul etdi. İnanıram ki, Quzanlıdakı hər oyunumuz zamanı anşlaq olacaq. Bu qərar həm də regionlarda futbolun inkişafına öz töhfəsini verəcək.
- Özün də dedin ki, “İnter”i mütləq məğlub etməlisiniz. Amma etiraf et ki, bu matçda “İnter”in qələbəsi sizə daha çox yardım edə bilər. Çünki bu qarşılaşmada “İnter” qalib gələcəyi və sonda çempion olacağı halda “Qarabağ”ın qitə kuboklarına yollanması daha da asanlaşacaq. Çünki “İnter” çempion olsa, “Qarabağ” ölkə kubokunun final matçının nəticəsindən asılı olmayaraq, avrokuboklara gedəcək.
- Bilirəm, bu haqda mənə çoxları deyir. Bəziləri hətta deyir ki, “İnter”ə oyunu “verəcəksiniz”. Amma inanın, tam səmimi deyirəm, bu cür söhbətlər əsassızdır. Çünki “Qarabağ” klubunun siyasətində bu cür hallar yolverilməzdir. Biz hər şeyi öz gücümüzə qazanırıq. “Inter”lə oyuna yalnız qələbə üçün çıxacağıq. Kimin çempion olub-olmamasının bizim üçün heç bir əhəmiyyəti yoxdur. Biz hazırda çox yaxşı formadayıq. Mən deyərdim ki, komandamız hazırda fiziki baxımdan ölkənin ən güclülərindən biridir. Əgər biz “Bakı” kimi komandanı səfərdə məğlub etmişiksə, niyə eyni aqibəti “İnter”ə də yaşatmayaq.            
- Belə başa düşdüm ki, “İnter”ə qarşı güzəşt etməyəcəksiniz?
- Yox, heç bir güzəştdən söhbət gedə bilməz. Bir daha bəyan edirəm - bu cür hərəkətlə “Qarabağ” klubunun siyasətinə ziddir. Biz kubokun finalında “İnter”i də məğlub edərik. Hazırda komandamız yüksəlişdədir və istənilən rəqibi üstələməyə qadirik. Ötən çempionatın sonunu yadınıza salın. Həmin vaxt “Qarabağ” “Olimpik”i son turda məğlub etməklə çempionluqdan etdi. Halbuki həmin vaxt “Qarabağ”ın heç bir iddiası yox idi və istəsəydi oyunu “Olimpik”ə verməklə onların çempion olmasına şərait yaradardı. Amma həmin qarşılaşmada sübut olundu ki, “Qarabağ” çirkin işlərlə məşqul olmur.

Daha çox


Son xəbərlər