Şahin Diniyev: "Ən zəif elə Azərbaycan millisidir"

Şahin Diniyev: "Ən zəif elə Azərbaycan millisidir"
MÜSAHİBƏ 26 May 2012 / 15:27 4088
-  A +

Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevin Qol.Az saytına müsahibəsi

- İlk öncə Yaponiya yığmasıyla keçirdiyimiz yoldaşlıq görüşü haqda danışardınız. Sizcə, bu matçın millimizə nə kimi xeyri oldu?

- İndi elə bir vəziyyət yaranıb ki, bizimlə yoldaşlıq görüşü oynaya biləcək komandaların sayı çox azdır. Hər komanda özünə rəqib seçərkən Avropa və ya dünya çempionatlarında qarşılaşacağı rəqibə bənzər yığma seçirlər. Bizim də, öz oyun stilimiz yoxdur ki, ona uyğun milli seçilərək oynanılsın. Yoldaşlıq görüşü üçün Yaponiyanın seçilməsini daha yaxşı komandanın baş məşqçisi bilər. Çünki bəzi məqamlar var ki, mən o işin içində deyiləm və bu haqda danışa bilmərəm. Tam razıyam ki, yol uzaq idi. Üstəlik yorğun futbolçularla belə uzaq səfərə yollanmamaqda olardı.
 
- Bir vaxtlar millini çalışdırmış mütəxəssis kimi yığmamızın Yaponiya ilə oyunu sizdə hansı təəssürat yaratdı. Xüsusən də, müdafiəyəmeyilli oyunları?

- Bir az futbolun dərinliklərinə getsək, müdafiədə oynamaq sözü yaddı. Belə deyək ki, futbolçuların müdafiə və hücumdakı davranışları olur. Müdafiədə də, say hesabıyla yox, kefiyyət baxımından müdafiə olunmalısan. Hər bir müdafiəçi bu günləri hücumda da, çıxış edə bilər. Bunu dünya praktikası da, göstərib. Mən oyuna diqqətlə baxdım. Həqiqətən də, müdafiədə pərakəndəlik və sanki, özbaşınalıq hökm sürürdü. Futbolçularımız kefiyyətli müdafiə oluna bilmirdilər. Eyni şeyi hücumda da gördük. Ola bilməz ki, müdafiədə kefiyyətli, hücumda isə kefiyyətsiz çıxış olsun. Bu, sanki bir vəhtəd təşkil edirdi.

- Sizcə, Azərbaycan futbolçuları rəqibə hansı komponentlərdə uduzdu?

- Oyuna baxdığım üçün deyə bilərəm ki, bütün komponentlərdə uduzduq. Biz Yaponlardan bir komponentdə üstün olmalı idik ki, onu da bacarmadıq.

- Hansı üstünlükdən söhbət gedir?

- Millimizin güclü komandalara qarşı oyunda yüksək motivasiya olmasını nəzərdə tuturam. Burada belə, rəqib futbolçulardan çox geri qalırdıq. Hər zaman zəif komandalar güclü yığmalara qarşı oyunda sanki, özlərində daha çox güc hiss edərək, mübarizə aparırlar. Ancaq çox təssüfflər olsun ki, bu özəlliyi millimizdə görmədim.

- Necə fikirləşirsiniz, artıq millidə yerli futbolçulara üstünlük verilməsinin vaxtı gəlib çatıbmı?. Çünki adətən belə oyunlarda müxtəlif ölkələrdən həmin qarşılaşmanı izləməyə menecerlər gəlirlər...

- Ümumiyyətlə, milli komandalarda baş məşqçi yığmadakı futbolçuların durumuna cavabdehdi. Bunu ondan yaxşı hiss edən yoxdur. Həmçinin də, baş məşqçi futbolçuları meydana öz taktiki gedişinə uyğun olaraq buraxır. O ki, qaldı kiminsə bizim futbolçuları bəyənməsinə, gəlin reallıqdan bir az kənara çıxmayaq. Menecerlər artıq özünü sübut etmiş Kaqava və Honda kimi futbolçulara baxarlar. Digər bir məsələdə də, sizinlə razılaşıram ki, həqiqətən də, artıq yığmada yerli futbolçuların sayını artırmaq lazımdır. Çünki həmin legionerlər yerlilərdən üstün futbolçular deyillər. Ona görə də, bu məsələlərdə daha diqqətli olmaq lazımdır. Milli hələ klublarımıza baxanda yaxşıdır ki, orada 3-4 mövqedə legioner çıxış edir. Klublarda isə ümumiyyətlə 7-8 legioner daim çempionat oyunlarında meydana çıxır. Bir bəhanələri də, var ki, yerli futbolçular bizdən daha çox pul istəyirlər. Ona görə saylarını artırmırıq.

- Berti Foqtsun rəhbərliyi altında millimizin gələcəyini necə görürsünüz. Artıq dörd ildir ki, hansısa bir irəliləyiş nəzərə çarpmır...

- Mən belə fikirləşirəm ki, məşqçi öz həmkarı haqda pis şey deməli deyil. Ancaq Azərbaycan yığmasının uğur qazanması üçün mütləq sabit oyun sərgiləmək lazımdır. Sabitlik olan yerdə uğur qazanmaq mümkündür. Lakin sabit oyunla bərabər, stabil heyət də qurmaq mütləqdir. Stabil heyət, sabit oyun və uğur hər üçü birlikdə olması lazımdır. Əgər hər oyunda yeni bir heyətlə oynayırıqsa, uğurdan söhbət gedə bilməz. Millinin ən böyük problemi mənə elə gəlir ki, elə bundadır.

- Millimiz mayın 30-da Andorra yığması ilə yoldaşlıq görüşü keçirəcək. Komandamızın bu qarşılaşmada qələbə qazanmaq şanslarını nə dərəcədə görürsünüz?

- Müasir futbolda zəif rəqib yoxdur. Azərbaycan yığması o səviyyədə deyil ki, özündən zəif rəqibə yuxardan aşağı baxsın. Çünki bizim özümüz də aşağıdayıq. Fikrimcə, Andorrayla oyun millimiz üçün elə-belə gəzinti olmayacaq. Həmin oyunda xeyli güc sərf etməli olacaqlar. Reallıqda biz Andora komandasından iki baş güclü deyilik. Problemlərimizdən biri də, bəzi komandaları özümüzdən zəif hesab edirik. Lakin onlar zəif rəqib deyil. Ən zəif rəqib elə bizik. Futbolda belədir ki, mübarizə aparan komandaların heç vaxt ikisi də, yaxşı oynaya bilməz. Biri yaxşı oynayırsa, deməli, digəri pis oynayır ki, rəqibinin yaxşı oynamasına şərait yaradır. Düşünürəm ki, Andora orta səviyyəli komandalardan hesab edilmir. Ancaq yaxşı oyun nümayiş etdirərək, qalib gəlmək olar.


Əli HƏYATİ

Daha çox


Son xəbərlər