Popoviç: “Gecə 3-ə qədər barda oturub bir az içki icdik”

Popoviç: “Gecə 3-ə qədər barda oturub bir az içki icdik”
MÜSAHİBƏ 2 Mart 2012 / 13:42 4227
-  A +

Azərbaycan milli komandasının və “Sumqayıt” klubunun qapıçısı Andrey Popoviçin Qol.Az saytına müsahibəsi

- Millinin Dubay toplanışı necə keçdi?

- Məncə, hər şey normal idi. Komandayla birgə yaxşı məşqlərlə yanaşı üç yoxlama görüşündə meydana çıxdıq. Qarşılaşmalar arasındakı zaman qısa olduğu üçün çətinlik çəkirdik. Baş məşqçimiz Berti Foqts da hər oyunda heyəti dəyişməyə üstünlük verirdi. Bunu gənc oyunçuları yoxlamaq üçün edirdi.

- Sinqapurla oyunda niyə belə nəticə qeydə alındə? Heç kim bu komandayla heç-heçə edəcəyinizi gözləmirdi.

- Deməzdim ki, Sinqapurla oyunda arxayınçılığın qurbanı olduq. Biz hər bir rəqibə qarşı yaxşı motivasiya oluruq, Belə nəticənin olacağını gözləmirdik. Bu nəticə bizə çox pis təsir etdi.

- Həmin qarşılaşmadan Berti Foqts çox əsəbiləşmişdi?

- Nəticədən narazı idi. Çox sərt çəkildə bizə iradını bildirdi. Axıra qədər mübarizə aparmalı olduğumuzu bildirdi.

- Bəs, Fələstinə məğlubiyyəti nəylə izah edərdin?

- İlk öncə oyunun hakiminin peşəkar olmadığını bildirim. Şəxsən məndə elə təəssürat yarandı ki, həmin hakim ilk matçına çıxıb. İstər-istəməz rəqibimizə simpatiyası olduğu görünürdü. Ümumiyyətlə həmin hakimin idarəçiliyi mənə qaranlıq qaldı. İlk vurduqları qol zamanı təmiz ofsayd var idi. Hər kəs ofsayd olduğunu görsə də, yan hakimin qərarından şoka düşdük.

- Belə çıxır ki, futbol ənənəsi olmayan Fələstin yığmasına uduzmağınızın günahkarı təkcə hakimlərdi?

- Yox , mən belə deməzdim. Sadəcə, verdiyi bir çox yalnış qərar bizə pis təsir etdi. Lakin məğlubiyyətin səbəbkarı əlbəttə ki, özümüzük. Çünki oyunda xeyli kobud səhvlərə yol verdik. Bir-birimizi yaxşı başa düşə bilmirdik. Ümumilikdə ilk hissədə çox ləng hərəkət edirdik. Yalnız ikinci yarıda qapımızda top gördükdən sonraqaçmağa başladıq. Komanda yoldaşım Rəşad Sadiqov qırmızı alaraq meydanı tərk  etdi. Bundan sonra isə komanda ayılaraq, oynamağa başladı. Rəqib qapısına qol vura bilməməyimizi bəxtsizliklə əlaqələndirirəm.

- Sinqapur və Fələstin yığmalarıyla oyundan sonra sizə millinin üzvlərinə qarşı çox tənqidlər var.

- Doğrusun, utanırıq. Çünki belə komandalarla oyunda biz gözüyumulu qalib gəlməliydik. Sinqapurla oyunda 0:2 hesabıyla öndə olarkən, üçüncü qolu vurmaq əvəzinə, arxayınlaşdıq. Hələ bu qədər utanc hissi yaşadığım olmamışdı.

- Bəs, bu necə utanmaq idi ki, Sinqapurla oyundan sonra barda yaxalandınız? Hətta şəxsən sən özün orada çəkilən şəkilləri sosial şəbəkələrdə yaydın.

- Bu məsələ artıq mənim üçün bağlanıb. Şəkili internetdə yerləşdirdiyim üçün özümü günahkar hiss edirəm. Həmin vaxt bir az psixoloji gərginliyi üzərimizdən atmaq istəyirdik. Çox təəssüf ki, belə oldu. Bilirəm ki, belə etməli deyildik. Daha bu haqda danışmaq istəmirəm.

- Bardakı içki və siqaret olayından sonra Berti Foqts sizinlə söhbəti oldu?

- Bəli, bizim beşimizə də sərt və sonuncu xəbərdarlığını etdi. Biz də üzr istədik. Baş məşqçi istirahət etməyin də qədəri olduğunu söylədi. O, çox hirsli idi.

- Berti Foqts sizə cərimə kəsib?

- Bəli. Bu, doğru addımdır. Əgər Bert Foqts bizi sadəcə, sözlə cəzalandırsaydı, düzgün olmazdı. Düzü, hələ cərimənin hansı məbləğdə olduğunu bilmirəm. Çox güman ki, bir həftəyə məlum olacaq.

- Çoxları sizin bir neçə oyunluq cəza alacağınızı gözləyirdi. Lakin Fələstinlə matçda sizi meydanda gördük...

- Deyə bilmərəm ki, baş məşqçi niyə belə edib. Lakin beşimizdə meydanda deyildik. Unutmaq lazım deyil ki, biz milli komandanın oyunçularıyıq. Səhvimizi də başa düşmüşük.

- Fələstinə məğlubiyyətiniz Azərbaycanda kəskin narazılığa səbəb olub.

- İndi çoxları deyir ki, guya biz ora əylənməyə getmişik. Ancaq belə deyil. Bizim bütün günü Dubayda gəzməyimiz, barlarda olmağımız yalandı. Bİz həmin gün barda cəmi üç saat oturduq. Heç Fələstinlə oyunda bardakı futbolçulardan üç nəfəri meydanda deyildi. Hər şeyi bizim üstümüzə də atmağı düzgün hesab etmirəm.

- Bəzi futbol mütəxəssisləri hesab edir ki, sən də daxil olmaqla, barda əylənən futbolçular millidən qovulmalıdır. Buna münasibət necədir?

- Bu barədə mətbuatdan dəfələrlə oxumuşam. Ancaq mən bizim millidən qovulmalı olduğumuzu düzgün hesab etmirəm. Bizə verilən bir neçə saatlıq istirahət vaxtı dincəlməyə çalışırdıq. Düzdü, elə alındı ki, şəkil internetə düşdü və hər şey alt-üst oldu. Deyirlər ki, biz səhərə kimi, barda əylənmişik. Bunlar yalan məlumatlardı.

- Lakin komanda yoldaşlarından bir neçəsi sizin gecə  saat 3 radələrində otelə qayıtdığınızı deyib.

- Uşaqlarla saat gecə 12 radələrində bara daxil olduq. Saat 3 də isə oranı tərk edərək otelə döndük. Şayiələr yayılıb ki, biz otelə dönəndə çox içkili olmuşuq. Bunlar yalandır. Bəli, içki içmişdik, amma qədərində. Deyillər ki, biz nizam-intizam qaydalarını pozmuşuq. Nə istəyirlər, danışsınlar. Bu, onların öz fikirləridir.
Etiraf edirəm ki, düzgün addım atmamışıq. Xüsusən də, oyun ərəfəsində belə şeyə yol verməməliydik. Mən artıq etdiyim əmələ görə, komanda yoldaşlarım, baş məşqçi, azarkeşlərdən üzr istəmişəm. Bir də, belə hərəkətə yol vermərəm. Biz milli komandada bu məsələni bağlamışıq. Kim ki, bu olanları qabardır, yəqin nəsə yeni söz eşitmək istəyir. İndidən deyim ki, daha bu barədə nəsə danışmaq istəmirəm. Ən əsas səhvimiz şəkili internetə yerləşdirməyimiz oldu.

Əli HƏYATİ

 

 

Daha çox


Son xəbərlər
24.11.24  03:01

"Barselona" xal itirdi