Vaqif Sadıqov: “İndi Foqtsdan daha artıq nəticə tələb olunmalıdır”

Vaqif Sadıqov: “İndi Foqtsdan daha artıq nəticə tələb olunmalıdır”
MÜSAHİBƏ 2 Dekabr 2011 / 14:21 3008
-  A +

Mahaçqalanın “Anji” klubunun böyük məşqçisi, millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi

- Bakıya Rusiya çempionatında yaranmış fasiləyə görə qayıtmısınız?

- Bəli. Hələ bir müddət Azərbaycanda olacağam.

-  “Anji” klubunda işləriniz necə gedir?

- Şükürlər olsun ki, yaxşıdır. Son iki qarşılaşmada yaxşı nəticə qazanmışıq. Komanda hazırda tətilə buraxılıb. Yanvarın 8-9 aralığında Moskvada yenidən bir araya gələrək tibbi müayinədən keçəcək. Ondan sonra yavarın 14-də klub Birləşmiş Ərəb Əmirliklərinə təlim-məşq toplanışına yola düşəcək. Yəni hər şeyi planlı şəkildə həyata keçirəcəyik. Bundan başqa İspaniyanın Malaqa şəhərində təşkil ediləcək turnirdə iştirak etmək istəyirik. Son mərhələ ya İtaliya, ya da Türkiyədə olacaq. Gələn il martın 3-ü bizi “Dinamo”yla ağır oyun gözləyir.

- Qərib bir ölkədə çalışırsınız. Orada sizə münasibət necədir?

- Deyərdim ki, mənə qarşı münasibətləri çox yaxşıdır. Özüm də sevinirəm ki, azərbaycanlı məşqçi belə bir komandada fəaliyyət göstərir. Məncə, hər bir məşqçi və futbolçu bunu arzulayardı. Məşqçi və futbolçularımız Avropada nə qədər çoxluq təşkil etsə, bir o qədər futbolumuz inkişaf edəcək.

- Son zamanlar “Anji” klubunun boş qalmış baş məşqçi vəzifəsinə Quus Hiddik və ya Fabio Kapellonun gətiriləcəyi barəsində söhbətlər dolaşır. Bunlar nə dərəcədə doğru məlumatdır?

- Vallah, mən bu haqda dəqiq bir şey deyə bilmərəm. Çünki siz dedikləriniz barəsində mən də eşitmişəm. Ancaq bir şey deyə bilərəm ki, komanda planlı şəkildə işlərini davam etdirir.

- “Anji”də Roberto Karlos və Samuel Eto'O kimi dünya səviyyəli futbolçular çıxış edir. Onlarla münasibətiniz necədir?

- Çox əla. İstər Eto'O, istərsə də Karlos Azərbaycan haqda yaxşı fikirdədirlər. Azərbaycanın bir çox sahələrdə necə yüksək templə inkişaf etdiyindən xəbərdardılar. Onu da yaxşı bilirlər ki, necə yüksək infrastruktura malik bir dövlətə çevrilmişik. Bütün bunları məndən eşidiblər.

- “Anji”də infrastruktur hansı səviyyədədir?

- Hesab edirəm ki, “Anji” infrastrukturuna görə, Rusiyada bəlkə də bütün komandaları geridə qoyur. Açığı, işə yanaşma çox peşəkarcasınadır. Klubun prezidenti Süleyman Kərimov tərəfindən komandaya həddindən artıq diqqət və qayğı var. Bu da onu göstərir ki, “Anji” tezliklə öncül komandalardan birinə çevriləcək.

- Azərbaycan Premyer Liqasını izləyirsinizmi? Çempionatımızın səviyyəsi haqda nə deyə bilərsiniz?

- Klubların heyətində xeyli dəyişikliklər var. Bəlkə də bu amillər çempionatımızın səviyyəsinə öz təsirini göstərir. Ancaq, inanıram ki, biz ildən-ilə inkişaf edərək, bundan da artığına nail ola bilərik.

- Hansı klubların heyətindəki dəyişikləri nəzərdə tutursunuz? Yəni daha səviyyəli legionerlər gəlib?

- Mən deməzdim ki, səviyyəli legionerlərin gəlişi kütləvidir. Əksinə bir çox səviyyəli legioneri itirmişik. Heyət baxımından “Xəzər Lənkəran” və “İnter”i qeyd edə bilərəm. “İnter”də tamamilə fərqli bir heyət gördüm. Bir sözlə, çempionatımızın səviyyəsi nə qədər bizi qane etsə də, daha artığına nail olmaq lazımdır. Azərbaycanda olmağımdan istifadə edərək AZAL - “Bakı” oyununda iştirak etmək istərdim. Azərbaycan futbolu üçün darıxmışam.

- İki gün öncə AFFA-ın İcraiyyə Komitəsi millinin baş məşqçisi Berti Foqtsla müqavilənin müddətini daha iki il artırmaq qərarı verdi. Buna münasibətinizi bilmək istərdim...

- Bu, gözlənilən idi.  Berti Foqtsun mətbuatda çıxışlarını nəzərə alsaq görərik ki, 2016-cı ilədək yaxşı komanda yaradacağından bəhs edir. Ola bilər ki, Berti Foqtsun müqaviləsi həmin vaxta qədər artırıla bilsin.Təki bundan Azərbaycan futbolu xeyir görsün, dünya meydanlarında uğur qazansın. Fikrimiz, 2016-cı ildə Avropa çempionatına vəsiqə qazanmaqdırsa, təki belə olsun.

- Almaniyalı məşqçi uzun müddətdir ki, millini çalışdırır. Müqavilənin müddətinin daha iki il artırılmasını nəzərə alsaq, rəhbərlik ondan daha artıq nəticə göstərməsini tələb etməməlidirmi?

- Bəli, belə də olmalıdır. Əgər uzun müddət bir komandada çalışırsa, onun qarşısına qoyulan tələblər mütləq artmalıdır. İndi ondan daha artıq nəticə tələb olunmalıdır. Xırda dəyişikliklərlə kifayətlənmək yox, radikal nəticə əldə olunmalıdır. Bu gün Berti Foqts yeganə məşqçidir ki, göstərdiyi nəticəyə baxmayaraq, postunda uzun müddət qalıb. Ona xeyli vaxt verilib ki, komanda formalaşdırsın. Bu qədər zamandan sonra keçid dövrü çoxdan ötdüyü üçün qarşısına yalnız yüksək naliyyətlər qazanmaq vəzifəsi qoyulmalıdır. Mən demirəm ki, dünya çempionatının final mərhələsinə vəsiqə qazansın. Ən azı iddialı komandalara yaxınlaşmaq və onlarla başabaş mübarizə aparmağa layiq olan komanda yaratmaq lazımdır. Berti Foqts belə bir yükü qaldıra biləcək, ya yox, bunu zaman göstərəcək.

- DÇ-2014-ün seçmə mərhələsinin təqvimindən yəqin ki, xəbəriniz var. Millimiz ilk beş oyundan dördünü dalbadal səfərdə keçirəcək.  Sizcə, bu, doğru seçimdir?

- Biz uşaq deyilik ki... Bu təqvimin belə hazırlanmasında həm də Foqts maraqlıdır. İlk oyunu İsrail komandasıyla evdə keçirərək, yaxşı nəticə qazanmağa çalışacaq. Bununla azarkeşləri ümidləndirməyi düşünür. Səfərdəki oyunlarda isə tam güc qoyaraq, imkan qədər çox xal qazanmağa çalışacaq. Ən vacib son oyunları evdə keçirməklə lazım olan nəticəni əldə etməklə yığmamızı istədiyi yerə gətirməyə çalışacaq. Burada sözsüz ki, öz maraqları da ortaya çıxacaq. Belə ki, son görüşlərdə uğurlu nəticələr əldə etməklə o, öz postunda qalmaq şanslarını artıracaq.

Əli HƏYATİ


 

Daha çox


Son xəbərlər
15.05.24  12:50

Tovuzda master-klass