Sadıq Sadıqov:"Heç bir hakim deyə bilməz ki, mən ona sifariş vermişəm"

Sadıq Sadıqov:"Heç bir hakim deyə bilməz ki, mən ona sifariş vermişəm"
MÜSAHİBƏ 29 Noyabr 2011 / 13:22 3406
-  A +

«Neftçi» futbol klubunun prezidenti Sadıq Sadıqovun Qol.Az saytına müsahibəsi

- Komandanız son turda «Qarabağ» üzərindəki qələbədən sonra liderliyə yüksəldi. Artıq qış fasiləsi yaxınlaşmaqdadır. Bu mənada, klubun prezidenti olaraq «Neftçi»nin çıxışlarına münasibətiniz necədir?

- Hər şey göz qabağındadır. Özünüz də bilirsiniz ki, «Neftçi» elə bir komandadır ki, onun hər bir oyunu ajiotaja səbəb olur. «Qarabağ»la son oyunda mütləq qələbə qazanmaq istəyirdik. Çünki bundan əvvəlki turda «Qəbələ» ilə oyunda baş verənlər futbolçulara, məşqçilərə və klubun idarəçilərinə çox pis təsir etmişdi. Ümumiyyətlə, həmin oyundakı olaylar biabırçılıq və «Neftçi»yə qarşı təxribat idi. «Neftçi»nin lehinə qanunsuz penaltinin təyin edilməsi belə söz-söhbətlərə gətirib çıxardı. Bu, yaxşı hal deyil. «Neftçi» Azərbaycan futbolunun lideridir, onun tarixi var. «Neftçi» həmişə futbolumuzu təbliğ edən bir klub olub. Bu mənada, «Qarabağ» üzərində qələbə çox vacib idi ki, bu vəziyyətdən çıxa bilək. Futbolçularımızın psixoloji durumu yaxşı deyildi. «Qarabağ» da Azərbaycanın ən öndə gedən klublarındandır. Ölkəmizi Avropa Liqasında layiqincə təmsil edib, nailiyyətləri yüksək olub. Buna baxmayaraq, həmin qarşılaşmada şans bizim tərəfimizdə oldu. Komandamızın bu mövsüm çıxışlarını normal dəyərləndirirəm. Hesab edirəm ki, qələbələrimizin sayı bundan sonra da artacaq. Məqsədimiz növbəti dəfə Azərbaycan çempionu olmaqdır.

- Böyükağa Hacıyev «Neftçi»yə baş məşqçi gətirildikdən sonra bu təyinatla bağlı tənqidi fikirlər çox səsləndi. Klubun prezidenti kimi Hacıyevin və ümumiyyətlə, yeni məşqçilər korpusunun fəaliyyətinə qiymət verməyinizi istərdik.

- Mən bundan əvvəlki müsahibələrimdə də demişəm ki, Böyükağa Hacıyevə inanıram. O, Azərbaycanın ən güclü məşqçilərindəndir, layiqli, sözünü deyən mütəxəssisdir. Əvvəllər də onunla münasibətimiz olub. Tənqidlərə gəlincə, bunlar normaldır. Yenə də deyirəm, biz Böyükağa Hacıyevə inandığımız üçün onu baş məşqçi təyin etdik. Komandadakı dəyişiklikləri görürsünüz, «Neftçi» hücumameylli futbol oynayır. «Neftçi»nin taktikası dəyişib. Biz Böyükağa Hacıyevlə hələ çox işlər görəcəyik.

- Ümumiyyətlə, Arif Əsədovun baş məşqçisi olduğu «Neftçi»ylə indiki arasında hansısa fərqlər görürsünüz?

- Elə bir dəyişiklik yoxdur. «Neftçi» Azərbaycan çempionatında yüksək səviyyədə iştirak edir. Amma eyni zamanda Avropa da ölkəmizi layiqincə təmsil etməliyik. Arif Əsədovla Böyükağa Hacıyevin futbola baxışları fərqlidir, hərəsinin öz taktikası var. Hacıyevin vaxtında transfer həyata keçirməmişik. İndi oyunçuların məsuliyyəti daha da artıb. Məqsədimiz növbəti dəfə çempion olub Azərbaycanı Çempionlar Liqasında layiqincə təmsil etməkdir. Orada uğur qazana bilməmək hər klubun başını aşağı salır. Şəxsən mən özümü təhqir olunmuş sayıram. Azərbaycanda futbol inkişaf edir. Biz klublar da bütün qüvvəmizlə çalışıb Avropada ölkəmizi layiqincə təmsil etməliyik.

- Maraqlı bir məqam var: siz Azərbaycanda və ya komandanızın yanında olmayanda «Neftçi» istənilən səviyyədə oynamır. Və artıq belə fikirlər səslənir ki, futbolçular məhz Sadıq Sadıqova sevgiyə görə meydanda ürəklərini qoyurlar.

- Bilirsiniz, «Neftçi» mənim üçün həqiqətən də doğmadır. Komandanın yanında olmayanda ab-hava istər-istəməz dəyişir. Xaricə gedəndə və ya Bakıda olsam belə, başqa işlərimlə əlaqədar bir gün bazaya getməyəndə çox darıxıram, futbolçular da məni axtarmağa başlayır. O dəqiqə hamı soruşur ki, Sadıq müəllim niyə yoxdu. «Neftçi»nin futbolçuları mənə çox bağlıdır. Tam doğrudur ki, komandanın yanında olmayanda «Netfçi» yaxşı nəticə göstərmir, öz oyununu tapa bilmir. Bəlkə də bu düzgün deyil. Amma yenə də deyirəm, komandasız özümü rahat hiss etmirəm.

- «Neftçi» sonuncu Azərbaycan çempionudur. Bu il komandanız eyni uğuru təkrarlaya bilməsə, bunu klub üçün uğursuzluq saymaq olar?

- Hər bir klub prezidentinin arzusudur ki, komandası çempion olsun. Qabaqda hələ böyük mərhələ var. Bizi hələ «altılıq»da çətin oyunlar gözləyir. Təbii ki, çempion olmasaq, bunu «Neftçi» üçün uğursuzluq kimi qiymətləndirmək olar. Bu mənada, tam səmimiyyətimlə deyirəm ki, məqsədimiz növbəti dəfə «Neftçi»yə çempion adını qazandırmaq və Çempionlar Liqasının qrup mərhələsinə düşməkdir.

- Bayaq siz «Qəbələ»ylə oyunda komandanıza qarşı təxribat törədildiyini dediniz. Ümumiyyətlə, hakimlərin «Neftçi»yə gizli dəstək verməsi barədə fikirlər son vaxtlar daha da artmağa başlayıb. Baş verənlərə şəxsən sizin mövqeyiniz necədir?

- Mən 15 ildir idmandayam, elə hakim yoxdur ki, onunla şəxsi münasibətim olmasın. Amma heç bir hakim deyə bilməz ki, mən ona hansısa sifariş vermişəm. Onlara yalnız uğurlar və təmiz idarəçilik arzulamışam. «Neftçi» ətrafındakı son ajiotaj tam əsassızdır. Hansısa hakimlə işbirliyi qurmaq bizə yaraşmaz. Bu məsələnin görünməyən tərəfləri var. Baş verənlər «Neftçi»yə qarşı böyük bir təxribatdır. Belə hallar hansı prezidentə ləzzət edər? «Qəbələ»ylə oyunun son dəqiqələrində  rəqibin qapısına penalti təyin olunanda dua edirdim ki, qol olmasın. Çünki bizə belə biabırçı hakimlik lazım deyil. Məhz bu qarşılaşmadan sonra «Neftçi» bəyanat yayaraq xaricdən hakim gətirilməsini istədi. Düzdür, bəzi klublar buna qarşı çıxdılar. Bəziləri yerli hakimlərin «Neftçi»yə kömək göstərdiyini iddia edir, amma biz deyəndə ki, yaxşı, ondan xaricdən hakim gətirək, buna qarşı çıxırlar. Cavab versinlər ki, nəyə görə? Azərbaycan hakimləri «Neftçi»yə kömək edirlərsə, xaricdən hakim dəvət edək. Biz eləmirik, lap klublar özləri istədiyi hakimi çağırsın. Şəxsən mən özüm xaricdən hakim gətirilməsini istəmirəm. Çünki bu, bizim hakimlik adına bir ləkə, təhqir olar. Amma inanın, daha başqa yolumuz qalmayıb, xaricdən hakim çağırmağa məcburuq. Hakimliklə bağlı problem bizi ciddi narahat edir. PFL prezidenti və Hakimlər Komitəsinin sədri bu məsələyə son qoymalıdır. Bizə belə qələbə lazım deyil.

- Siz əcnəbi hakimin gətirilməsi məsələsində israrlısınız?

- Xarici hakim gətirilməsi məsələsini biz qaldırdıq. Çıxış yolu görmədiyimiz üçün belə addım atmağa məcbur olduq. «Neftçi»yə qarşı haqsızlıqları görmürlər, amma bir hakim bizim oyunda bir səhvə yol verən kimi, deyirlər ki, hakimlər «Neftçi»yə işləyirlər. Biz də buna görə hakimlərimizdən imtina edirik. Amma mənə klubların mövqeyi daha çox maraqlıdır. Əgər hakimlərin «Neftçi»yə kömək göstərdiyini iddia edirsinizsə, onda bayaqkı sualı bir daha təkrarlayıram: xaricdən hakimlərin gətirilməsinə niyə razılıq vermirsiniz? Bildiyimə görə, yalnız «Kəpəz» və «İnter» bizim təklifimizi dəstəklədilər. Bilirsiniz, bu məsələdə bizim istəyimizi qəbul etməyən klublar özləri də yaxşı bilirlər ki, «Neftçi»yə hakimlərin kömək etməsi ilə bağlı iddialar sadəcə, boş söhbətlərdir. Bir daha deyirəm, mən də xaricdən hakimin gətirilməsini istəmirəm. Amma eyni zamanda artıq «Neftçi» də özünü müdafiə etməlidir axı. Biz özümüzü şərdən, böhtandan qorumalıyıq.

- Siz baş verənləri təxribat kimi qiymətləndirdiniz. Bu təxribatın haradan gəldiyini müəyyənləşdirmisiniz?

- Bilmirəm, haradandır. Mənə elə gəlir ki, bütün bunlar komandamıza qısqanclıqdan irəli gəlir. Amma bunlara son qoyulmalıdır. Hamımız oturub öz işimizlə məşğul olmalı, dövlətimizin, prezidentimizin idmana qayğısına dəstək verməliyik.

Daha çox


Son xəbərlər
24.11.24  03:01

"Barselona" xal itirdi