«Geriyə qayıtmaq imkanım olsaydı, buraxdığım səhvləri təkrarlamazdım»

«Geriyə qayıtmaq imkanım olsaydı, buraxdığım səhvləri təkrarlamazdım»
ÖLKƏ FUTBOLU 31 Mart 2009 / 12:17 3040
-  A +

Azərbaycanın ən güclü futbol mütəxəsisslərindən biri hesab olunan Vaqif Sadıqov aprelin 1-də ömrünün 50-ci baharına qədəm qoyacaq. Düzdür, təəssüflə qeyd etməliyik ki, bu gün Vaqif Sadıqov kimi mütəxəssisimiz işsiz qalıb. Amma o istənilən halda futbolumuza öz damğasını vurmağı bacarıb. Təbii ki, belə bir gündə yubiliyarsı unuda bilməzdik və onunla söhbətləşib 50 illik həyat yoluna özü ilə birlikdə nəzər saldıq.

- Gəlin, ilk olaraq geridə qoyduğunuz 50 ilə nəzər salaq...
- Təbii ki, nədənsə narazı, nədənsə razı qalmışam. Amma yenə də bu günümə də şükür edirəm. Düşünürəm ki Azərbaycan futbolunda iz qoya, dövlətim üçün layiqli vətəndaş ola bildim. Aydın məsələdir ki, geriyə qayıtmaq imkanım olsaydı, buraxdığım səhvləri təkrarlamazdım. Lakin həyatda hər bir insan səhv edə bilər. Təki Allah imkan versin, ömrümüzün bundan sonrakı hissəsində həmin səhvləri təkrarlamayaq. Bəzən mənə “bəxtsiz məşqçi” deyirlər. Amma bununla heç vaxt razılaşmamışam. İstər futbolçu, istərsə də məşqçi kimi izimi qoya bilmişəm. Baş məşqçi kimi üç dəfə milli komandaya təyin olunmuşam və bu postu tutmağı bütün həmkarlarıma arzulayıram. Bundan başqa, təbii olaraq insan ildən ilə daha da təcrübə yığır, püxtələşir. Məsələn, 15-20 il öncəyə nəzər salqıqda indi daha fərqli bir Vaqif Sadıqovun olduğunu deyə bilərəm.
-  Özünüzə təmtəraqlı ad günü keçirməyi xoşlayırsınız?
- Yox. Təbiətimdən irəli gəlir. Həmişə bu sözü deyirəm ki, mənim taleyim mənim xasiyyətimdir. Böyük banketləri, pafoslu sözləri xoşlamıram. Hansı ki, sırf ad günüm üçün mənə deyilir.
- Amma bu yubileydir. Yəqin ki 2009-un 1 apreli əvvəlkilərdən fərqli olacaq?
- Bəli, bu dəfə elə olacaq. Hər halda dostlar, tanışlar məsləhət gördülər və mən də belə düşündüm ki, düz deyirlər. Həqiqətən də bu yubiley həyatda bir dəfə olur. Odur ki, bu dəfə qohum-əqraba, dostlar, yaxın insanlarla birlikdə bu yubileyi banket şəklində qeyd edəcəyik.
- Futbolu seçdiyiniz üçün peşman deyilsiniz ki?
- Peşman deyiləm və heç vaxt da olmaram. Yenə deyirəm, həyatda elə səhvlər olub ki, onu buraxmışam. Amma ümumilikdə futbolu seçdiyimə görə qətiyyən peşmançılıq hissi keçirmirəm.
- Bəlkə futbolu deyil, başqa bir sahəni seçsəydiniz indikindən daha çox qazana bilərdiniz?
- Mən onsuz da çox qazanmışam. Ən böyük qazancım elə mənim adım olub. Hansı ki, həmin adımı heç nəyə dəyişmərəm. Eyni zamanda düşünmürəm ki, başqa sahəni seçsəydim, daha çox qazana bilərdim.
- 50 illik ömrünüzdə ən xoş və ən kədərli gününüz hansı olub ?
- Bu suala cavab vermək çətindir. Bu cür günlər o qədər olub ki. Bununla belə həmişə ən xoş gün kimi onu hesab etmişəm ki, ailəm sağ-salamat yanımda olub. Hazırda da xoşbəxtəm ki, atam, anam sağ-sağlam yanımdadır. Elə həyatda da ilk növbədə arzum bu olub. Futbolda kədərli günlərim olub, layiq olmadığım məğlubiyyəti almışam.
- Həyatınızda ən böyük xəyanəti kimdən görmüsünüz?
- Ola bilsin ki, elə şeylər olub. Yəni kimlərsə mənə qarşı pislik niyyəti güdüblər. Amma mən bunu xəyanət kimi qəbul etməmişəm. Və heç inanmıram ki, kimsə mənə xəyanət edə bilər. Bilirsiniz, hər bir hərəkətini insanın öz vicdanına buraxmaq lazımdır və mən də belə etmişəm. Həmişə çalışmışam ki, hamıya yaxşılıq edim. İstəmişəm ki, bu həyatda yaxşı əməllərimlə qalım. Bir çox futbolçular olub ki, onların inkişafında əlimdən gələni etmişəm. Təbii, elə futbolçular da olub ki, məndən inciyiblər. Bunu da başa düşmək lazımdır. Məşqçi kiməsə şans verib kimisə oynatmayanda həmin oynamayan futbolçuda məşqçiyə qarşı yaxşı münasibət olmur. Amma onu deyə bilərəm ki, həyatım boyu heç kimə qarşı qərəzli olmamışam və arzulayardım ki, hamı həyatda bu cür olsun.
- Ailənizə yetərincə vaxt ayıra bilmisiniz?
- Hazırkı vəziyyətdə kifayət qədər vaxt ayıra bilirəm. Çünki futbol adamının həyatını sizlər də gözəl bilirsiniz. Bizim ömrümüz təyyarələrdə, avtobuslarda, qatarlarda keçib. Bununla belə, mən heç vaxt ailəmə olan diqqətimi azaltmamışam. Elə vaxt olmayıb ki, ailəmdə hansısa bir problemi həll etməmiş səfərə çıxam. Mənim üçün ilk növbədə ailəm olum.
- Bu qədər ölkə gəzmisiniz. Sizi özünə daha çox cəb edən hansı olub?
- Bilirsiniz, bizim işimiz elə idi ki, heç adicə muzeyə belə getməyə vaxtımız olmurdu. Elə təyyarədən düşüb otelə gedirdik, oradan məşqə, sonra oyuna və nəhayət yenidən təyyarəyə minib geri qayıdırdıq. Bununla belə, bəli, çox ölkədə olmuşam. Məsələn üç dəfə Fransaya getmişəm. Elə insan var ki, heç bir dəfə də orada olmayıb. Amma sizə deyim ki, mənim üçün ən gözəl yer elə Bakım və Azərbaycanım olub.
- Həyatda ən böyük səhviniz hansı olub ki, bu günə kimi onu özünüzə bağışlaya bilmirsiniz?
- Futbolçu kimi çox səhvlər etmişəm. Səmimi deyərdim ki, həmin səhvləri etməsəydim, daha da güclü futbolçu olardım. Məsələn, o vaxt anam Ali Sovetin deputatı olmasına baxmayaraq, mən futboldan evə pul gətirirdim. Yəni deməyim odur ki, o səviyyədə oynamışam. Amma qeyd etdiyim kimi, belə şərait olmasına baxmayaraq, yenə səhvə yol vermişəm. Təbii ki, bugünkü Vaqif Sadıqov həmin səhvi etməzdi. Amma o vaxt gənc idik.
- Yaşlaşmaqdan qormursunuz ki?
- Qorxuram. Hətta bunun tez-tez deyirəm. Bilirsiniz, hər şey bir göz qırpımında elə tez gəlib keçdi ki, sanki dünən həmin perspektivli futbolçu və yaxud gənc perspektivli məşqçi idim. Artıq 50 yaşım var. Amma görmək istədiyim çox iş və həyata keçirmək istədiyim arzular var. Həmin arzularımı həyata keçirə bilmərəm deyə, yaşlanmaqdan qorxuram. Bu arzular həm futbol, həm də ailəm, balalarımla bağlıdır.
- Maraqlıdır, hansı arzunuz var ki, onun həyata keçməsini istəmisiniz, amma hələ bu, reallaşmayıb?
- Hesab edirəm ki, mənim həyata keçməsini istədiyim ən böyük arzum elə hamının bir nömrəli arzusudur. Bəlkə də bu kimlər üçün də şablon səslənə bilər, amma tam səmimi və ürəkdən deyirəm ki, tezliklə Qarabağın işğaldan azad olmasını görmək istəyirəm və arzum da budur ki, məşqçi kimi gedib o torpaqlarda oynayaq. Bundan başqa qısa zamanda futbolumuzun Avropa səviyyəsinə qalxmasını arzulayıram. Qoy, bizim də milli komandamız və klublarımız dünyanın ən qabaqcıllarından olsun. Təbii ki, onu da arzulayıram ki, mən də bu proseslərdən kənarda qalmayım və onun içində olum.
- Bir övlad kimi valideynlərinizin borcunu verə bilmisiniz?
- Mənə elə gəlir ki, bacardığım qədər bunu etmişəm. Amma bir məsələ var ki, insan ömrünün sonuna kimi də çalışsa ata-anasının borcumdan çıxa bilməyəcək. Mən də o cümlədən. Həmişə bu borc mənim çiynimdə qalacaq. Hazırda həm atam, həm də anam yaşlaşıblar. İndinin özündə də tez-tez onlara baş çəkirəm, əlimdən gələni edirəm ki, ən xırda problemlərini belə tezliklə aradan qaldırım. Onların xoş günü mənin, bacımın və bizim ailənin xoş günü deməkdir.
- Bəs özünüz, bir valideyn kimi necə, vəzifənizi layiqincə yerinə yetirə bilirsiniz? Axı özünüz dediniz ki, futbol adamı ilin böyük hissəsini evdən kənarda olur.
- Həmişə ilk növbədə ailəmi fikirləşmişəm. Həyatda heç vaxt özüm üçün yaşamamışam. Daim çalışmışam ki, uşaqlarımı layiqli vətəndaş kimi yetişdirə bilim. Həmişə də ailəmə, uşaqlarıma vaxt ayırmışam. İstənilən bir addımı atanda də ilk növbədə ailəmdən, valideynləridən məsləhət almışam, onlarsız özbaşına qərar qəbul etməmişəm.
- 50 illik ömrünüzdə heç qeyri-adi şəraitdə ad günü keçirmisiniz?
- Mən aprelin 1-də anadan olmuşam. Bu vaxt isə futbolların ən qızğın çağına düşür. Özü də sovet vaxtı çempionatın yaz-payız sistemi ilə keçirildiyi vaxtlarda lap sıx qrafik olurdu. Hətta bəzən heç Azərbaycanda olmurdum. Məsələn 1997-ci ildə mənim ad günüm milli komandamızın Finlandiya ilə səfər oyununa düşmüşdü.
- Sonda. Vaqif Sadıqov öz yübileyi ərəfəsində hansı tostu deyə bilər?
- Mən heç vaxt özümü xalqımdan ayırmamışam. Həmişə xalqıma nə arzu etmişəmsə, özümə də onu arzulamışam. Demokratik, azad bir ölkədə yaşayırıq. Ailəmizin, uşaqlarımızın ehtiyaclarını ödəyə, onların arzuladığını tapa bilirik. Bundan gözəl nə ola bilər? Arzum budur ki, biz də daxil olmaqla insanlarımız daim firavan, xoş yaşasın.

Daha çox


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır