Samir Abasov: "Oynamağa imkan vermədik, əsəbiləşdilər"

Samir Abasov: "Oynamağa imkan vermədik, əsəbiləşdilər"
MÜSAHİBƏ 6 Noyabr 2011 / 03:05 3341
-  A +

“Sumqayıt-Şəhər” klubunun kapitanı və müdafiəçisi Samir Abasovun Qol.Az saytına müsahibəsi

- Samir, səni təbrik etmək olar. Komandan Quzanlıda sensasiyaya imza ataraq “Qarabağ”a 2:1 qalib gəldi. Oyundan əvvəl belə bir şeyin baş verəcəyinə inanımın vardı?
- Şablon danışmaq istəmirəm. Oyuna gedəndə bilirdik ki, bizim üçün çox çətin olacaq. Kimə qarşı oynayacağımızı yaxşı dərk edirdik. Mən real danışmağı sevən adamam. “Qarabağ” bizdən ən azı bir baş üstün komandadır. Sadəcə oyunumuz alındı. Matçın gedişatında uşaqlara güvən gəldi. Bununla da daha rahat oynamağa başladıq. “Qarabağ”a qarşı açıq futbol oynasaydıq, bizi məğlub edəcəkdilər. Rəqibi əks-hücumlarda yaxalamağı planlaşdırmışdıq.

- Dünən “Qarabağ” zəif təsir bağışladı, yoxsa siz yaxşı oynadınız?
- Məncə, biz yaxşı oynadıq. İmkan vermədik ki, qol epizodu yaratsınlar. Yaxşı müdafiə olunduq. Yaxın oynadıq ki, planları pozulsun. Dirəyə dəyən topu çıxmaq şərti ilə, matç ərzində qol imkanları olmadı.  Hər şey Ağdam klubunun xeyrinə idi. Öz meydanlarında çıxış edirdilər. Üstəlik meydançanın vəziyyəti də yaxşı idi. Bütün bunlara baxmayaraq, qələbə qazana bildik. Məğlub olmalarına yeganə səbəb güclü mübarizə aparmağımız oldu. Oynamağa imkan vermədik, əsəbiləşdilər. Bizlə görüşə  rahat çıxmaları barədə heç nə deyə bilmərəm. Qoy, bunu özləri fikirləşsin.

-  Dünənki oyun cari çempionatda ikinci qələbəniz oldu. Keçən həftə eyni hesabla AZAL-ı məğlub etdiniz. “Sumqayıt-Şəhər” bu mövsüm nəyə iddialıdır?
- Bizim məqsədimiz komandanı komplektləşdirməkdir. Hər halda mümkün qədər irəliləməyə çalışacağıq. Söz verirəm ki, “Qarabağ”a qarşı göstərdiyimiz oyunu digər rəqiblərlə oyunda da nümayiş etdirəcəyik. Çalışacağıq ki, bundan sonra hər oyuna daha yüksək motivasiya ilə çıxaq. Milli komandanın keçirəcəyi yoldaşlıq görüşləri ilə əlaqədar çempionatda fasilə yaranacaq. Bu bizim üçün yaxşı hal deyil. 10-15 gün futboldan uzaq qalmaq pis nəticələrə gətirib çıxara bilər. Bəzi oyunçularımız aşağı yaş qruplarından ibarət milli komandaların toplanışına qatılacaq. Hamılıqla bir yerdə məşq keçə bilməyəcəyik. Növbəti oyunumuz səfərdə “Simurq”la olacaq. Deyə bilmərəm ki, qələbə qazanacağıq. Amma onu deyim ki, uşaqlar çox həvəslidirlər. Qələbə qazananda adamda həvəs də artır.

- Yəqin ki, qazanılan qələbəyə görə rəhbərlik sizi mükafatlandıracaq...
- Bəs necə? Deyirsən indi mükafat olmayacaq? Desəm ki, almayacağıq yalan olar. Rəhbərlik Qurban bayramı münasibətilə hər birimizi oyundan sonra təbrik etdi. Bizə dedilər ki, yığdımız xalın sayı qədər komanda adından qurban kəsilərək imkansız ailələrə paylanacaq. Mükafatımızı isə alacağıq. Miqdarını isə mükafat veriləndə deyərəm.

- Öz oyunun barəsində nə fikirdəsən? 90 dəqiqə ərzində meydanda olmaq problem yaratmır ki?
- İlk hissədə həddindən artıq çox qaçdığıma görə ikinci hissədə yoruldum. Baş məşqçi bunu görüb dedi ki, gəl səni dəyişim. Amma mən sonadək oynamaq istəyirdim. Çox yorulduğumu hiss etdim və sona dörd dəqiqə qalmış məşqçidən məni əvəz etməsini xahiş etdim. Şükür Allaha ki, hələ gücüm var. Oyunum barəsində isə gərək siz qiymət verəsiniz.

Daha çox


Son xəbərlər
24.11.24  03:01

"Barselona" xal itirdi