Mirça Rednik: “Məgər, Kamran Agayev getsə, “Xəzər Lənkəran” dağılacaq?”

Mirça Rednik: “Məgər, Kamran Agayev getsə, “Xəzər Lənkəran” dağılacaq?”
MÜSAHİBƏ 3 Noyabr 2011 / 17:32 4262
-  A +

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednikin Qol.Az saytına müsahibəsi

- Bazar günü komandanızı Bakıda “Neftçi” ilə gərgin qarşılaşma gözləyir. Oyunun hazırlıqları necə gedir və futbolçuların psixoloji durumu necədir?

- Komanda oyuna yaxşı hazırlaşıb. Hələ ki, hər şey qaydasındadır. Sadəcə, Kamranın “Neftçi”yə qarşı oynayacağı hələ bəlli deyil. Bu haqda sabah qərar veriləcək. Onun zədəsi var. Zədənin nə qədər ağır olub-olmadığı haqda sabah həkimlər deyəcək. Elvin Beçiri isə bildiyiniz kimi “Qəbələ” ilə oyunda zədələnib. Onun yenidən meydanlara qayıtması üçün bir aya yaxın vaxt lazımdır. Kamran dünən məşqdən sonra dizinin ağrıdığını bildirdi. Biz onu Bakıya göndərdik. Sabah Kamran müayinədən keçəcək və ona zədəsi ilə bağlı diaqnoz qoyulacaq. Bu iki oyunçudan savayı bütün oyunçularımız meydana çıxmaq üçün hazırdılar. 
 
- “Neftçi” ilə oyun barəsində fikirləriniz maraqlıdır. Ümumiyyətlə, komandanızı “boyük oyun”a tam olaraq hazırlaya bilmisinizmi?
 
- Turnir cədvəlində birinci və ikinci yerləri tutan komandalar arasındakı oyun istər-istəməz həmişə maraq kəsb edir. Ümumi götürdükdə çox da baxımlı oyunun baş tutacağına inanmıram. Bu, mənim şəxsi fikrimdir. Bizimlə yanaşı rəqib də oyuna qələbə qazanmaq əzmi ilə çıxacaq. Açığı heç “Neftçi”nin durumu, onların hansı vəziyyətdə olması məni maraqlandırmır. Mənim üçün əsas olan öz komandamın vəziyyətidir. Öz komandam isə oyuna yüksək səviyyədə hazırlaşıb. Qalır oyunun başlama vaxtını gözləmək.
 
- Rəqibin heyətində kimi fərqləndirmək istərdiniz?
 
- Fərdi götürəndə Flavinyo, Rəşad Abdullayev, Slavço Georgiyevski, Bahadır Nəsimov çox yüksək texnikaya malik futbolçulardır. Hə, İqor Mitrevskini də bu siyahıya əlavə etmək istərdim. Bununla belə hesab edirəm ki, komanda şəklində biz rəqibdən daha güclüyük.
 
- Premyer Liqanın ilk təsnifat mərhələsini “Xəzər Lənkəran” lider kimi başa vurdu. Qarşıya qoyulan məqsədin bir qisminə nail ola bildiniz. Bəs komandanızın göstərdiyi oyun necə sizi qane edirmi?
 
- Əgər biz turnir cədvəlinin ilk pilləsində gediriksə komandamdan necə narazı qala bilərəm? “Xəzər Lənkəran” bu mövsüm stabil çıxışı ilə də yadda qalır. Əslində hazırkı liderlik bir o qədər də vacib deyil. Əsas odur ki, çempionatın sonuna qədər öz mövqeyimizi qoruyub saxlaya bilək. Ən çox da elə oyunçularımın stabil çıxışından məmnunam. 
 
- Hazırkı “Xəzər Lənkəran” keçənilki ilə müqayisədə daha güclüdürmü?
 
- Açığı, ümumiyyətlə mənim nəyisə müqayisə etməkdən xoşum gəlmir. İndiki heyətimizdə yeni oyunçular yer alır. İlk pillədə yer almışıqsa deməli daha da güclənmişik. Bununla isə kifayətlənmək lazım deyil. Bilirik ki, daha çox çalışmalı və sonda məqsədimiz nail olmalıyıq.
 
- “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyevlə aranızda bəzən atmacalar olur. Açıqlamalarınızdan birində “Neftçi”yə qarşı nənəm də oynayar” fikrini ifadə etdiniz. Bu isə Hacıyevin narazılığına səbəb oldu. O da cavabında “Xəzər Lənkəran”la babam da oynayar” dedi…Həmkarınızdan belə reaksiya gözləyirdiniz?
 
- Siz özünüz bilirsiniz axı mən o fikri söyləyərkən nəyi nəzərdə tutmuşam. Mən dedim ki, yəni hər bir klub “Neftçi”yə qarşı böyük motivasiya ilə oynaya bilər. Bütün “Xəzər Lənkəran” azarkeşləri üçün “Neftçi” ilə oyun çox vacibdir. Mən də bütün bunları nəzərə alıram. Elə bu səbəbdən də dedim ki, biz “Neftçi” ilə oyunlara xüsusi hazırlaşırıq. Böyükağa Hacıyev isə mənim bu fikrimə mənfi reaksiya verdi. Söylədi ki, mən bilmirəm Rednik xüsusi hazırlıq deyəndə nəyi nəzərdə tutur? Məgər, futbolçular dal-dala qaçırlar? Ola bilsin ki, “Xəzər Lənkəran”la oyun onun üçün əhəmiyyət kəsb etmir. Bu qarşılaşmaya adi matçlardan biri kimi baxır. Amma mənim üçün belə deyil. Mən bu oyunun prinsipiallığını nəzərə alaraq dedim ki, bu oyuna xüsusi hazırlaşırıq. Belə münaqişələrə girmək istəmirəm. Dediyim kimi “nənə” sözünü də başqa mənada demişəm. Böyükağa Hacıyev isə bu fikirləri başqa cür yozdu. Belə olan təqdirdə mən daha nə deyim? 
 
- Kamran Ağayevin kapitanlıq sarğısını əlindən aldınız. Hətta bir ara onun əvəzedici heyətə göndərildiyi barəsində xəbərlər də yayıldı. Kamranla hazırkı münasibətləriniz necədir?
 
- Heç nə dəyişilməyib. Normal baş məşqçi – futbolçu münasibətləri qalmaqdadır. Biz peşəkar insanlarıq. Hər kəs öz işini görür. Kim səhv edirsə onu cəzalandırırlar. Düzgün hərəkər edəndə isə onun mükafatını alırsan.
 
- “Xəzər Lənkəran”ın yeni kapitanı Rahid Əmirquliyevdir. Mətbuata verdiyiniz açıqlamada mənə boş-boş danışan kapitan lazım deyil demisiniz. Rahid komandaya necə kapitanlıq edir? Ondan razısınızmı?
  
- Çox razıyam. Rahid kapitanlığa layiqdir. Ən azından ona görə ki, o tək özünü düşünmür. Bütün komandanı düşünür. Kapitan meydanda ikinci məşqçi funksiyasını yerinə yetirir. Mən Kamranın “Bakı” ilə oyunda buraxdığı səhvlər barəsində danışmaq istəmirəm. Çünki onun keçirdiyi uğurlu oyunları da olub və mən bunları unutmamışam. İndiki durum isə tamam başqadır. Kapitan həm meydanda, həm də meydandan kənarda digərlərinə nümunə olmalıdır. 
 
- Kamran deyir ki, siz onu “Makkabi” ilə oyundan bu tərəfə “qara siyahı”ya salmısınız…
 
- Mən hansısa bir oyuna görə futbolçumu qırağa atmağı ağlımdan belə keçirmərəm. Bunlar hamışı boş sözlərdir. 
 
- Kamran Ağayev tez-tez açıqlamalarında qışda komandadan ayrıla biləcəyi ilə bağlı fikirlər bildirir. Kamranın komandadan getməsi “Xəzər Lənkəran” üçün böyük itki sayılarmı?
 
- Bu onun qərarıdır. Hər həs qərar verməkdə sərbəstdir. Mənim üçün Kamran Azərbaycanda ən güclü qapıçıdır. Bununla belə deyə bilmərəm ki, Kamranın getməsi itki sayılacaq, ya yox. “Xəzər Lənkəran” Azərbaycan futbolunda markadır. O həmişə öz yoluna davam edəcək. Kamran və ya bir başqası oldu-olmadı. Bəs, qışda təkcə Kamran yox, mən getsəm necə olacaq? Onda belə çıxır ki, daha “Xəzər Lənkəran” olmayacaq, komanda dağılacaq? Komanda uğurlar qazanmayacaq? “Xəzər Lənkəran”da Kamranın, ya mənim olmağımın elə də böyük fərqi yoxdur. Bu komanda həmişə öz istiqaməti ilə irəli gedəcək. Heç bir fərd “Xəzər Lənkəran”a zərbə vura bilməz.
 
- Ola bilərmi ki, heç Kamran Ağayev zədələnməyib. Özü bilərəkdən “Neftçi” ilə oyunda iştirak etmək istəmir?
 
- Mən bu haqda heç nə deyə bilmərəm. Bu onun özünün problemidir. Mən istərdim ki, Kamran “Neftçi”yə qarşı oynasın. Əgər onun bu komandaya doğrudan ürəyi yanırsa, komandanı sevirsə oynamalıdır. Ona qalsa, komandada bir neçə oyunçu var ki, yüngül zədəlidirlər. Həmin oyunçulara demişəm ki, əgər zədəniz varsa mənə deyin. Onlar isə zədəli olduqlarını mənə demirlər. İsrarla deyirlər ki, heç bir problemimiz yoxdur və “Neftçi”ni məğlub edəcəyik. Kamranı nüfuzdan salan məhz belə hərəkətləridir. Əgər Kamranın xarakteri varsa, “Neftçi” ilə oyunda meydana çıxacaq.
 
- Bu gün Peşəkar Futbol Liqası ötən mövsümün qaliblərinin mükafatlandırma mərasimini keçirəcək. Komandanızın vitse-prezidenti Tuyqun Nadirov mərasimin vaxtının düzgün tarixdə keçirilməməsi ilə bağlı iradlarını bildirib. Nadirov deyib ki, “böyük oyun” öncəsi belə tədbir keçirmək düzgün deyil. Çünki həmin tədbirdə ötən mövsümün çempionu kimi “Neftçi”yə kubok veriləcək. Bu hardasa “Xəzər Lənkəran” oyunçuları üçün psixoloji cəhətdən problem yarada bilərmi?
 
- Mən klubun prezidentinin yerində olsaydım, belə tədbirdə iştirakdan imtina edərdim. Axı bütün ölkələrdə mükafatlar mövsümün əvvəlində verilir. Bu tədbir bizim bütün planlarımızı pozdu. “Böyük oyun” öncəsi belə tədbirin keçirilməsini düzgün qiymətləndirmirəm. 
 
- Elə məhz həmin tədbirdə siz də mükafat alanlar sırasında ola bilərsiniz. İlin məşqçisi nominasiyasında qalib kimi sizin də adınız hallandırılır…
 
- Mən bilmirəm o mükafatı mənə verərlər, ya yox. Hər halda mənim üçün çox xoş olar. Baxaq görək necə olur.

Daha çox


Son xəbərlər
24.11.24  03:01

"Barselona" xal itirdi