Milli komandamızın və Rusiyanın “Volqa” klubunun hücumçusu Vaqif Cavadovun Qol.Az saytına müsahibəsi
- Vaqif, ilk sualımı təmsil etdiyin klubun şəhəri olan Nijni-Novqorodla bağlı vermək istəyirəm. Ümumiyyətlə, yeni komandana və şəhərə uyğunlaşa bilmisənmi?
- Şəhər çox gözəldir. İnsanları da həmçinin cana yaxındırlar. Allaha şükür, burda yaşamağa heç bir problem yoxdur. Hər şey qaydasındadır və adaptasiya çox yaxşı keçir.
- Rusiyanın bəzi bölgələrində Qafqaz millətindən olan insanlara, xüsusən azərbaycanlılara qarşı münasibət yaxşı deyil. Bunu özünə qarşı hiss etmisən?
- Xeyr. Bu şəhərdə əksinədir. Bizim millətin nümayəndələrinə çox xoş münasibət bəsləyirlər. Özümə qarşı pis münasibət görmürəm. Olsaydı deyərdim. Həm də burda maşallah həmyerlilərimiz də az deyil. Təxminən iyirmi beş minə yaxın qafqazlı Nijni-Novqorodda yaşayır.
- Bazar günü öz meydanınızda “Rubin”i qəbul edəcəksiniz. Oyunun hazırlıqları necə gedir?
- Hər şey qaydasındadır. Məşqçinin verdiyi tapşırıqları yerinə yetiririk. Öz evimizdə çox ciddi rəqibə qarşı oynayacağıq. Hər halda matçın nəticəsindən asılı olaraq bilinəcək ki, hazırlıq prosesimiz necə keçib.
- Son oyunlarda baş məşqçi sənə start heyətində güvənmir. Bunu nə ilə əlaqələndirirsən?
- Bu, onun şəxsi qərarıdır. Mən bu barədə heç nə deyə bilmərəm. Hər halda o fikirləşir ki, mən oyuna ikinci hissədə daxil olaraq komandama daha çox yardımçı ola bilərəm. Yalnız bununla əlaqələndirə bilərəm. Başqa bir səbəb tapa bilmirəm. Bəlkə də bu, hansısa taktiki gedişdir. İstənilən halda məşqçi mənə nə zaman şans verirsə, canla-başla çıxıb oyunumu oynayıram.
- Ümumiyyətlə, baş məşqçiniz Dmitri Çerışevlə münasibətlərin necədir?
- Deməzdim ki, çox yaxşı, yaxud pis münasibətim var. Məşqçi ilə futbolçu arasında münasibət necə olmalıdırsa, elədir.
- Son günlər Rusiya mətbuatında “Volqa”da maliyyə böhranı yaşanması haqda xəbərlər yayılıb. Hətta futbolçuların boykot edərək məşqə çıxmaq istəməməsi bildirilirdi. Bu xəbərlər nə dərəcədə doğrudur?
- Həqiqətən də “Volqa”da maliyyə böhranı var. Bu xəbərlər həqiqətə uyğundur. Bununla belə məşqə çıxmaqdan imtina etmək istəyimiz düzgün deyil. Çünki həftəsonu bizi “Rubin”lə çox çətin qarşılaşma gözləyir. Hamılıqla məşqə çıxmışdıq. Klub rəhbərliyi ilə bu yaxınlarda görüşümüz oldu. Onlar yaranmış problemi ən qısa zamanda həll edəcəklərinə söz verdilər.
- Komandada maliyyə böhranı yaranıbsa, deməli, sən özündə maaş ala bilmirsən...
- Bəli, son bir ayın maaşını almamışam. Hələ mən yaxşıyam. Elə oyunçular var ki, uzun müddətdir maaş ala bilmirlər. Maliyyə böhranı hər bir komandada ola bilər. Ona görə də çox dərinə getmək istəmirik. Hər halda söz verdilər ki, məsələ həll olunacaq. Başımızı aşağı salıb məşqimizi edirik.
- Rəhbərliyin baş məşqçi Dmitri Çerışevdən narazı olduğu və yaxın zamanlarda klubun onunla yollarını ayıracağı da bildirilir...
- Biz də istəməzdik ki, turnir cədvəlində hazırkı mövqeyimizdə olaq. Qalib gəlməli olduğumuz oyunların çoxunda şansımızı əldən verdik. Boş yerə xallar itirdik. Hazırda 14-cü pillədə qərarlaşırıq. Bir qələbə qazanmaqla vəziyyətimizi daha da yaxşılaşdıra bilərik. Komandalar arasındakı xal fərqi elə də çox deyil. Baş məşqçimiz də istəməzdi ki, belə vəziyyətə düşək. İnşallah, düşünürəm ki, komanda toparlanaraq növbəti oyunlarda daha yaxşı oyun nümayiş etdirəcək.
- “Volqa”da ab-hava necədir? Uşaqlarla yola gedə bilirsənmi?
- Hamısı ilə yaxşı əlaqələrim var. Heç biri ilə problemim yoxdur. Hər halda burda heç kim heç kimin arxasınca danışmır. Çox mehriban kollektivimiz var. Boş vaxtlarımın çoxunu isə Qriqalava Qiya və Andrey Yeşenko ilə birgə keçirirəm.
- Bakı üçün darıxmırsan ki? Valideynlərin yanındadır?
- Bəli, burda mənimlə birlikdədirlər. Ailəm heç zaman məni tək buraxmır.
- Dünən əmin – veteran futbolçu İsgəndər Cavadovun 55 yaşı münasibətilə tədbirlər keçirildi. Zəng edib təbrik etdin?
- Əmimin ad günü səhv etmirəmsə, çoxdan olub. Sadəcə, bəzi tədbirlərə görə ad gününü noyabrda qeyd edib. Mən onu əvvəlcədən təbrik etmişəm. Sizin sayt vasitəsilə bir daha təbrik edirəm. İsgəndər Cavadov Azərbaycan futboluna böyük töhvələr vermiş bir şəxsdir. Ona can sağlığı və həmişə ailəsinin yanında olmasını arzulayıram.
- AFFA səni milli komandadan uzaqlaşdırandan sonra haqqında bəzi fikirlər yer aldı. Bəziləri sənin tərəfini tutsa da, Foqtsun haqlı olduğunu düşünənlər də var. Bu reaksiyalara münasibətin necədir?
- Bu məsələyə yenidən qayıtmaq istəmirəm. Artıq qərar verilib. Kim nə deyibsə, şəxsi fikirləridir. Çox sevinirəm ki, millət vəkili Aqil Abbas, İsgəndər Cavadov, Kazbek Tuayev kimi insanlar bu məsələdə mənim yanımda oldular. Onlar dedilər ki, Vaqif Cavadov heç zaman milli komandadan imtina edə bilməz. Mən bu insanlara öz təşəkkürümü bildirmək istəyirəm. Əgər AFFA məni millidən uzaqlaşdırmağı qərara alıbsa, deməli, onlara bu cür də lazımdır. Sizə verdiyim müsahibəyə kimi insanlar məsələnin nə yerdə olduğunu dərk etmirdilər. Müsahibədə hər şeyə aydınlıq gəldi. Hamı bildi ki, mən milli komandadan imtina etməmişəm, AFFA məndən imtina edib. Mən millətimə, bayrağıma qarşı belə mövqedə ola bilmərəm.
- Millidəki komanda yoldaşların da sənin milli komandadan uzaqlaşdırılmağına münasibət bildiriblər. Kapitan Rəşad Sadıqov səni günahlandırırdı ki, gərək Vaqif getməmişdən əvvəl kapitan kimi ya mənimlə, ya da Mahir Şükürovla söhbət edəydi.
- Çox üzülürəm ki, mənim bəzi komanda yoldaşlarım haqqımda belə fikirlər səsləndiriblər. Halbuki onların çoxunun qərəzli olduğunu düşünürəm. Həm Şahin Diniyevin, həm də digər məşqçilərin vaxtında hər bir futbolçunun öz problemi olub. Məgər, onlar bir dəfə gəlib mənə öz dərdlərini deyiblər? Yaxud özündən böyük, təcrübəli futbolçularla fikirlərini bölüşüblərmi? Sadəcə olaraq gec idi. Gecə saat 3-də gətirib mənə pasportumu verdilər ki, gedə bilərsən. Gecənin bir aləmində kimə yaxınlaşıb deyə bilərdim ki, sağ olun, mən gedirəm? Həm də artıq Berti Foqts öz qərarını vermişdi. Onsuz da heç kim onun qərarını dəyişdirə bilməyəcəkdi. Mən Rəşadın fikirləri ilə razıyam. Nə bilim. Bəlkə də Foqts kapitan kimi Rəşadın sözünə qulaq asardı. Amma, yox, inanmıram ki, Rəşadın ya da Mahirin sözü ilə Foqts məni yenidən komandaya qaytara bilərdi. Çünki alman artıq öz qərarını vermişdi. Biletimi alıb pasportumu özümə qaytardılar. Gecə saat 3-də gəlib Rəşada necə deyəydim ki, məni millidən çıxarıblar, sağ ol, mən gedirəm. Hadisə günorta olsaydı, onlarla gəlib söhbət edəcəkdim. Mənim Rəşada böyük hörmətim var. O, mənim böyük qardaşımdı. Amma yenə təkrarlayıram, gecə 3-də gəlib Rəşadı yuxudan oyatmaq düzgün deyil. İnşallah, nə vaxtsa uşaqlarla oturub söhbət edəndə mən hər şeyi danışacağam. İnanıram ki, onlar da mənə haqq verəcəklər. Haqlı olduğumu söyləyəcəklər. Hər halda mən lap səhv etmişdimsə, gərək AFFA düzgün qərar verəydi. Qərar verəndə də fikrimi də soruşmadılar. İndi isə onların çıxardığı qərara heç bir əhəmiyyət vermirəm. Deməli, mən milli komandaya lazım deyiləm.
- Bu ay milli komandanın baş məşqçisi Berti Foqtsun AFFA ilə müqaviləsi bitir. Son günlər Foqtsun millidə qalıb ya getməsi çox müzakirə olunur. Sənin mövqeyin necədir bu məsələdə?
- Mən keçən müsahibəmdə qeyd etmişdim ki, əgər Foqts ayrıldıqdan sonra milliyə yenə əcnəbi baş məşqçi gələcəksə, onun getməyinə heç bir ehtiyac yoxdur. Çünki milli komandanı artıq yaxşı tanıyır. Hər hansı bir xaricinin bura gəlməsi, komandanı tanıması xeyli vaxt aparacaq. Ondansa Foqts qalsın. Yeddi xal toplayıb. Düzdür bu, o qədər də çox deyil. Hər halda indiyədək yeddi xal yığan bir baş məşqçi də olmamışdı. Amma yerli məşqçi olacaqsa, bəli, məncə Foqts gedə bilər. Bizim Ağasəlim Mircavadov, Qurban Qurbanov kimi baş məşçilərimiz var. Qurban Qurbanov “Qarabağ”da gözəl işlər görür. Məncə, bütün futbolçular da istəyər ki, o milliyə gəlsin.
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu
"Qalatasaray"ın səfər qələbəsi - Video
Qvardiola şokda: dalbadal 5 məğlubiyyət
“Qalatasaray”ın futbolçuları arasında gərginlik
8 qol və "Fənərbaxça"nın qələbəsi - Video
"Barselona" xal itirdi
"Milan" "Yuventus"la heç-heçə etdi, "İnter"dən 5 qol
"Qalatasaray" və "Fənərbaxça" səfərdə qalib gəldilər
"Borussiya" və "Bayer"dən inamlı qələbə
"Tottenhem" "Mançester Siti"ni darmadağın etdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."
"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
Harri Keyn Bundesliqa rekordu qırdı
Orxan Məmmədov çempionlarla görüşdü - Şəkillər