Ağasəlim Mircavadov: “Milli komanda Foqtsun deyil”
Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun Qol.Az saytına müsahibəsi
- Türkiyə yığması ilə oyundan sonra millimiz Avro-2012-nin seçmə mərhələsini başa vurdu. Komandamızın çıxışını necə dəyərləndirərdiniz?
- Əvvəlcə millinin çıxışını analiz etmək lazımdır. Yığmada hazırda başlıca məqsəd ildən-ilə yaxşı oynamaq, komandada gənc və təcrübəli futbolçuların vəhdətini yaratmaq, bundan sonra isə Avropa və dünya çempionatlarına vəsiqə qazanmaqdır. Sözsüz ki, bu, pillə-pillə olmalıdır. Dünən bütün oyunların qısa xülasəsinə baxdım. Görürəm ki, Portuqaliya “play-off”a düşüb. Yəni bu futboldur, burada hər il inkişaf gedir. Ona görə də o templə ayaqlaşmaq lazımdır. Düzdür, xal ehtiyatı baxımından irəliləyiş var. Ancaq mən heç vaxt xal haqqında düşünməmişəm. Əvvəlcə komanda oyunu və futbolçuların çıxışı haqqında düşünmüşəm. Belə oyun olan yerdə nəticə də gələcək.
- Bəs həmin oyunun olması üçün neynəmək lazımdır? Hər il bu barədə kifayət qədər danışılır, ancaq hələ də yerimizdə sayırıq.
- İlk öncə Foqts gördüyü iş barəsində AFFA rəhbərliyinə izahat verməlidir. Bizdə klub məşqçiləri ilə yığmanın məşqçiləri arasında vəhdət yoxdur. Onlar gərək tez-tez oturub, futbolçular və onların çıxışları barədə söhbət eləsinlər. Məsələn, Əfran İsmayılov. Bu futbolçu əvvəlki formasından çox uzaqdır. Halbuki Azərbaycanın ən perspektivli futbolçularından biridir. Tezliklə öz oyununu tapmalıdır. Maksim Medvedyev hanı? O, klubunda da zəif oynayır. Bu futbolçuları itirmək olmaz. Onları işlətmək lazımdır. Bunu isə ayrılıqda yox, kompleks çəkildə etmək lazımdır. Futbolçular klublardan gəlir. Onlar 4-5 gün ərzində yığmada heç nə edə builməzlər. Burada ancaq taktika üzərində işləyə bilərlər. Yığma və klublarımızın məşqçiləri arasında vəhdət olmalıdır. Bəlkə də var. Ancaq mən işləmirəm deyə, bilmirəm. Azərbaycan çempionatında çıxış edən oyunçulara baxmaq lazımdır. Elə futbolçular var ki, klubunda oynamır, ancaq yığmaya dəvət olunur. Uyğunluq olmur. Yığma əlində Azərbaycan pasportu olan futbolçuların çıxış edə biləcəyi ən yüksək yerdir.
- Dediklərinizdən belə çıxır ki, millidə seleksiya işləri düzgün aparılmır. Çünki komandada çıxış edən futbolçuların əksəriyyəti iddialı klublarda oynayan və ya ehtiyatda qalanlardır. Halbuki nisbətən zəif, bölgə klublarında yığmamızda oynaya biləcək futbolçular var. Ancaq onlar bu gün diqqətdən kənarda qalırlar.
- Ola bilər. Söhbət ondan gedir də. Mən bayaq da dedim ki, Azərbaycan çempionatının bütün oyunlarına baxmaq lazımdır. Bölgələrə də getmək, orada çıxış edən oyunçulara da baxmaq lazımdır. Millidə seleksiya işi düzgün aparılmır. Mən sizinlə razıyam. Bu, mütləq olmalıdır. Ancaq bu gün deyirik ki, 14-15 oyunçu var, bəs edir. Başqası lazım deyil. Ancaq onlar da insandılar, zəif oynaya və ya zədəli ola bilər. Ya da hazır olmaya bilər. Onu əvəzləməyə oyunçu lazımdır axı.
- Vaqif Cavadovdan sonra Elnur Allahverdiyev də millidən imtina edir. Ola bilərmi ki, artıq futbolçularla Foqts arasında vəhdət pozulub və oyunçuların bu hərəkəti alman çalışdırıcıya qarşı etiraz əlamətidir?
- Sizin nə demək istədiyinizi başa düşdüm. Ancaq mən bu barədə düşünməmişəm. Hansı futbolçu yığmadan imtina edirsə, o, düzgün hərəkət etmir. Yığma Foqtsun deyil. Bu, sənin, mənim, bütün Azərbaycanındır. Baş məşqçi futbolçuya cəza da verə bilər, oyuna da buraxmaz. Ancaq buna görə millidən imtina etmək olmaz. Bizim futbolçularda belə bir xüsusiyyət var. Bir oyun yaxşı çıxış edirlər və dərhal deyirlər ki, Foqts hara baxır. Başa düşmək lazımdır ki, bir oyunla yığmaya gəlmək olmaz. Millinin qapısını aylarla, illərlə döymək lazımdır. Nə ilə? Ancaq yaxşı oyunla. Bir oyundan sonra yığmaya düşsən belə, sən orada heç nə edə bilməyəcəksən. Bunun üzərində işləmək lazımdır.
- Deməli uğursuzluğun bir səbəbi də klubların daha çox legionerlərə şans verməsi və yerli futbolçularımızın ehtiyatda qalmasıdır.
- Legioner gəlməlidir, bu, normal şeydir. Ancaq yerli futbolçu millidə oynamaq istəyirsə, klubunda əlindən gələni etməlidir.
- Ancaq bu da bir reallıqdır ki, bu gün Kaxaber Sxadadze, Mirça Rednik kimi məşqçilər daha çox öz gətirdikləri əcnəbilərə, həmyerlilərinə şans verirlər.
- Bu, artıq mənlik deyil. Birbaşa klub rəhbərliyindən asılı olan məsələdir. Hər klubun öz rəhbəri var və istəyir ki, pul xərcləsin, çempion olsun. Bu yaxşı şeydir. Mən də işləmişəm və mənim komandamda da əcnəbilər olub. Ancaq yerli futbolçulara demişəm ki, əgər əsas heyətdə, yığmada oynamaq istəyirsinizsə, çox işləməlisiniz. Bundan başqa, istənilən turnirə qatılmaq və yalnız qələbəyə oynamaq lazımdır. Çünki bu gün bizdə qələbə ruhu hiss olunmur.
- AFFA rəhbərliyi millinin bu seçmə mərhələdəki çıxışını dəyərləndirərkən bildirib ki, 7 xal tarixi nəticədir. Ancaq biz topladığımız xallara görə MDB ölkələri arasında axırdan 3-cü yerdə gedirik. Bu gün Estoniya “play-off” mərhələsinə vəsiqə qazanır. Biz isə 7 xala sevinirik. Sizcə, bu tarixi nəticədir?
- Yenə də bayaqkı fikirlərimə qayıdıram ki, məni xal maraqlandırmır. Hamımız çox gözəl bilirik ki, AFFA bu gün milli komanda üçün gözəl şərait yaradıb. Bundan sonra isə əsas iş futbolçuların üzərinə düşür. Oyunçular onlara yaradılan bu şəraitin qarşılığını oyunla verməlidirlər. Düzdür, hər oyunu udmaq olmur. Amma o demək deyil ki, sən bir oyunu yaxşı, digərini pis oynayasan. Futbolçular kim üçün oynayırlar? Azarkeşlərimiz üçün. Onlar bunu nəzərə alıb, meydana çıxmalıdılar.
- Sizin də qeyd etdiyiniz kimi AFFA bu gün milli komanda üçün ideal şərait yaradıb. Ancaq Foqts çıxıb mətbuat konfransında deyir ki, AFFA və PFL mənə lazımı şəraiti yaratmır.
- Belə bir söz var ki, bizim vaxtımızda peraşki ilə oynayırdıq. Doğrudan da şərait çox acınacaqlı idi. Məsələn, mən oyuna gedəndə bilirdim ki, hara və nə üçün gedirəm. Həmin vaxt demək olar ki, maaş yox dərəcəsində idi. Hamı Azərbaycan üçün oynayırdı. İndi Foqts şəraitdən şikayətlənirsə, səhv fikirdədir. Çünki Ramin Musayev çempionatın təqvimini də Foqtsun təlim-məşq toplanışına uyğun tərtib edir.
- Bilirəm ki, öz həmkarınız haqda çox danışmağı sevmirsiniz. Amma bu suala məşqçi kimi yox, sıradan bir azarkeş, xalqını çox sevən bir azərbaycanlı kimi cavab verməyinizi istərdim. Bu gün Foqts millinin sükanı arxasında qalmalıdır, yoxsa getməlidir?
- Vallah bu sual mənə çox verilib. Mən öz həmkarım haqda danışmaq istəmirəm. İstər əcnəbi, istərsə də yerli məşqçi olsun. Foqtsun qalıb-getməsinə AFFA rəhbərliyi qərar verir.
Elnur SALAHOV