Yunis Hüseynov: “Bunu Foqts müəllimdən soruşun”
Yevlaxın “Karvan” klubunun sabiq baş məşqçisi Yunis Hüseynovun Qol.Az saytına müsahibəsi
- Milli komandamız oktyabrın 7-də Avstriya, 11-də isə Türkiyə seçməsi ilə qarşılaşacaq. Hər iki oyunda yığmamızın şanslarını necə qiymətləndirirsiniz?
- Avstriya ilə oyunu udmaq mümkündür. Əgər futbolçularımız son iki görüşlərdəki kimi oynasalar, inanıram ki, Avstriya üzərində qələbə qazana bilərlər. Ancaq Türkiyə səfəri ağır olacaq. Komandamızı İstanbulda çox çətin oyun gözləyir.
- Nəyə görə belə düşünürsünüz?
- Çünki Türkiyəyə xal daha çox lazımdır. İlk oyunları almanlarla olacaq. Həmin görüşün nəticəsindən də çox şey asılı olacaq. Amma bilirəm ki, Türkiyəyə qarşı oynamaq çox çətin olacaq. Həm də yada salmalıyıq ki, biz türkləri Bakıda udmuşuq.
- Belçika yığması ilə heç-heçə və Qazaxıstan üzərində qələbədən sonra komandamızda arxayınçılıq ola bilər? Çünki bizim futbolçularda “ulduz xəstəliyi” var.
- Yox, nəyə görə arxayınçılıq olmalıdır? Biz qrup mərhələsinə düşmürük, bir şey eləmirik. Biz hələ ki, xal toplamalıyıq. “Ulduz xəstəliyi”nə gəldikdə isə buna inanmıram. Çünki aradan xeyli vaxt keçib. Milli komandadır, bir ay bundan əvvəl 1 qələbə, 1 heç-heçə əldə edib. İnanmıram, arxayınçılıq olsun.
- Qeyd etdiniz ki, Avstriyanı məğlub edə bilərik. Bir mütəxəssis kimi, deyə bilərsinizmi, bunu necə etmək olar? Rəqibə qarşı necə oynamaq lazımdır?
- Avstriyaya qarşı necə oynamaq lazım olduğunu Foqts müəllimdən soruşsanız, daha yaxşı olar. Mən onun işinə qarışa bilmərəm. Bu incəlikləri Foqts desə, daha məsləhətlidir. Mən ancaq ümumi deyə bilərəm ki, Avstriyanı uda bilərik. Türklərlə oyun isə çətin olacaq. Sadəcə oynamaq lazımdır. Ancaq digər məsələlər mənim yox, Foqtsun işidir.
- Bakıdakı oyunda türkləri məğlub etmişik. Bu baxımdan rəqibin bizimlə oyuna xüsusi prinsipiallıqla yanaşacağını və revanş arzusu ilə meydana çıxacağını gözləmək olar?
- Yox, mən buna inanmıram ki, türklər bizimlə oyunu səbirsizliklə gözləyir və revanş arzusu ilə alışıb yanır. Hər kəs öz oyununa ciddi hazırlaşır. Rəqibə 3 xal lazımdır. Türklər də millimizin üzərində qələbə qazanmaq üçün kifayət qədər ciddi hazırlaşır. Biz də öz növbəmizdə həmin oyuna ciddi hazırlaşmalıyıq.
- Belə demək mümkünsə, Türkiyənin taleyi bizimlə oyundan asılıdır?
- Yox, türklərin taleyi öz əlindədir. Hansısa bir komandadan asıl deyil. Çünki qrup mərhələsinə düşmək istəyən komanda, özü öz taleyini həll etməlidir.
- Artıq bəzi fikirlər səslənir ki, millimiz türklərə xal verə bilər. Siz bu barədə nə düşünürsünüz?
- Mən inanmıram. Niyə türklərə xal verməliyik ki? Bu, mümkün olan şey deyil. Bu, milli komandadır.
- Milli komandamız tarixində ilk dəfə seçmə mərhələdə 7 xal topladı. Bunu uğur hesab edənlər də var, etməyənlər də. Sizin buna münasibətiniz maraqlı olardı.
- Tariximizdə ilk dəfə 7 xal topladığımız üçün bunu uğur hesab edirlər. Amma biz daha yüksək yerlər uğrunda mübarizə aparmalıyıq. Nəzərə alsaq ki, 20 ildir çempionatımız keçirilir, bu, aşağı göstəricidir. Bizimlə bərabər başqa ölkələr də var ki, daha çox xal toplayıblar.
Elnur SALAHOV