Əfran İsmayılov: "Berti Foqts millidə qalmalıdır"

Əfran İsmayılov: "Berti Foqts millidə qalmalıdır"
ÖLKƏ FUTBOLU 1 Oktyabr 2011 / 18:11 3127
-  A +

"Qarabağ" klubunun hücumçusu Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi


- İlk öncə son durumun haqda məlumat verərdin. Hazırda özünü necə hiss edirsən?

- Çox şükür yaxşıyam. Sağ olsun Qurban Qurbanov millinin oyunlarını nəzərə alaraq, mənə son turda istirahət verdi. Hazırda özümü yaxşı hiss edirəm. Qarşıdakı günlərdə millinin düşərgəsinə yollanacağam və məşqlərə başlayacağam.

- Yəni, millinin qarşıdakı iki oyununda iştirak edə biləcəksən?

- Hə. Artıq zədə ilə bağlı problemim yoxdur. Hər şey qaydasındadır. Əgər məşqçi şans verərsə, meydana çıxıb oynayacağam.

- Premyer Liqanın son turunda "Turan"la görüşdə iştirak etməsən belə, komandan vacib qələbə qazandı. "Qarabağ"ın oyununu necə dəyərləndirirsən?

- Çempionat hələ yeni başlayıb. Bundan öncəki turlarda "Qarabağ" uğursuz çıxış etsə də "Turan"la görüşdə yenidən öz iddiasını ortaya qoydu və layiqli qələbə qazandı. Həmin vaxt çoxları "Qarabağ"ın uğursuzluq zolağına düşdüyünü bildirirdi. Lakin komanda sübut etdi ki, bu heç də belə deyil. İnşallah qarşıdakı turlarda daha yaxşı çıxış edəcəyik. Millinin oyunlarından sonra mən də komandaya qoşulacağam.

- Çempionluq yolunda hansı komandaları özünüzə ciddi rəqib hesab edirsən? 

- Vallah, son turlar göstərir ki, çempionatda zəif rəqib yoxdur. Bütün komandalar iddialı görünür. Ancaq çempionluqdan danışmaq hələ tezdir. Biz hələ ki, ilk "altılığ" uğrunda mübarizə aparırıq. Yalnız ondan sonra bu barədə danışmaq olar.

- Mövsümün sonunda "Qarabağ"ın çempionluğuna nə mane ola bilər?

- Ancaq özümüz özümüzə mane ola bilərik. "Qarabağ" hər zaman çempionluğa oynayıb. Bu mövsüm də istisna deyil. Sonda ən azı Avrokuboklara vəsiqə qazanmaq istəyirik. Mövsümün sonuna qədər stabil oynayıb çempion olmağa çalışacağıq. Bilirik ki, azarkeşlərimiz də artıq bizdən çempionluq gözləyir. Rəhbərlik qarşımıza əsas məqsəd kimi məhz ölkə çempionluğunu qazanmağı qoyub. Biz də çalışıb bu həsrətə son qoymağa çalışacağıq.

- Bir qədər də millinin AÇ-2012-nin seçmə mərhələsindəki oyunları haqda danışaq. Qarşıda Avstriya və Türkiyə ilə çətin oyunlar gəlir. Bu görüşlər haqda nə deyə bilərsən?

- Hər iki görüş bizim üçün çox vacibdir. Çünki indiyə qədər qrupda 7 xal toplamamışdıq. Ona görə, Avstriya və Türkiyədən də xal almaqla turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaq niyyətindəyik. Son oyunlarda yaxşı təsir bağışladıq və 4 xal topladıq. Niyə də bu uğurun ardını gətirməyək? Avstriyaya qarşı öz meydanımızda oynayacağıq. Var gücümüzü ortaya qoyub qələbə qazanmağa çalışacağıq.

- Qarşıdakı iki görüşdə neçə xala ümid etmək olar?

- Avstriyanı doğma azarkeşlər önündə məğlub etməliyik. Səfərdə Türkiyə ilə oyunda isə ən azı 1 xala ümid etmək olar. İnanıram ki, seçmə mərhələnin son iki görüşündə də 4 xal qazanacağıq. Əgər bunu bacarsaq, bizim üçün böyük uğur olar. Komandanın son oyunları da göstərir ki, biz bunu edə bilərik.

- Avstriya və Türkiyə ilə oyunlar eyni zamanda millinin baş məşqçisi Berti Foqts üçün də Azərbaycan yığmasında son görüşlər ola bilər. Sən necə düşünürsən, Foqts getməlidir, ya qalmalıdır?

- Berti Foqtsun gedəcəyi hələ ki, məlum deyil. Bu, iki qarşılaşmanın nəticəsindən asılıdır. Məhz bu oyunlardan sonra onun gələcək taleyinə aydınlıq gələcək. Mən şəxsən Foqtsun komandada qalmasını istəyirəm. Çünki yığmamız onun rəhbərliyi altında tarixində ilk dəfə qrupda 7 xal qazanıb. Millimizin son uğurlarında bu məşqçinin əməyi hiss olunur. Ona görə də, məncə, Foqts yığmada qalmalıdır. Ancaq bu barədə son qərarı AFFA verəcək.


Vüsal HÜSEYN

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...