Aftandil Hacıyev: “Rəhbərlikdən icazəsiz xəbər yaydığı üçün onu danlayıblar”

Aftandil Hacıyev: “Rəhbərlikdən icazəsiz xəbər yaydığı üçün onu danlayıblar”
ÖLKƏ FUTBOLU 29 Sentyabr 2011 / 15:00 2161
-  A +

“Turan”ın müdafiəçisi Aftandil Hacıyev komandadan kənarlaşdırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Təcrübəli futbolçu Qol.Az-ın müxbiri ilə söhbətində bu səpkili xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

“Hələlik heç nə dəqiqləşməyib. Həmin söhbətlərin heç bir əsası yoxdur. Sadəcə olaraq, Əsgər müəllim istirahət verib. Ayrılmaq söhbəti yoxdur. Bu haqda mənə heç bir məlumat verilməyib”.

Xatırladaq ki, 3 gün öncə Tovuz klubunun icraçı direktoru Rasim Əliyev saytımıza açıqlamasında Aftandil Hacıyevlə Ayxan Abbasovun komandadan kənarlaşdırıldığını bildirmişdi. Ancaq Hacıyev klub rəsmisinin bu sözlərini təkzib edib və hətta Əliyevin rəhbərlikdən icazəsiz belə bir məlumat yaydığı üçün danlandığını bildirib: “Eşitdiyimə görə, Rasim Əliyev bu məlumatı icazəsiz verib. Çünki o bizi məşqdə görmədiyi üçün belə bir xəbər yayıb. Buna görə, Əliyevi danlayıblar. Rəhbərlikdən xəbərsiz məlumat yaydığı üçün. Şəxsən mənim özümə belə bir şey bildirməyiblər. Olsaydı, deyərdilər”.

Hazırda Bakıda olan və maaşını hələ də ala bilməyən futbolçu komandada kimin qalıb, kimin getməsindən xəbərsizdir: “İnanırsınız, Tovuzda kimlərin yığışdığını bilmirəm. Qarşıdakı oyundan sonra hər şeyə aydınlıq gələcək. Hazırda Bakıdayam. Maaşımı hələ ala bilməmişəm. Deyilənə görə, futbolçulara çatacaq pulu Tovuza göndəriblər. Tam olmasa da, bəzilərinin pulunu veriblər. Bəziləri maaşını yarımçıq alıb. Bəziləri isə götürməyib. Amma tam dəqiqliyi ilə deyə bilmərəm”.

Komandada bəzi problemlərin hələ də davam etdiyini söyləyən Hacıyev son vaxtlar daha ciddi çatışmazlıqlarla üzləşdiklərini gizlətməyib. Müdafiəçi bu məsələlər yoluna qoyulmayacağı təqdirdə “Turan”dan ayrılacağını istisna etməyib:

“Hazırda komandada bəzi problemlər var ki, hələ də davam edir. Burada tək pul məsələsi deyil. Son vaxtlar qida və dərmanda da problemlər var idi. Zədələnəndə, dərman tapılmır. Bunlar həllini tapmasa, klubdan ayrılacağam. Bizə söz veriblər ki, bu oyundan sonra hər şey düzələcək. İndi “Qarabağ”la matçı gözləyirik”.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq