Əsgər Abdullayev: “Problem həll olunmasa, mən də futbolçularla gedəcəyəm”

Əsgər Abdullayev: “Problem həll olunmasa, mən də futbolçularla gedəcəyəm”
MÜSAHİBƏ 22 Sentyabr 2011 / 17:28 3387
-  A +

“Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev komandanın üzləşdiyi ciddi maliyyə problemi ilə bağlı Qol.Az saytına müsahibə verib

- “Turan” klubunun baş məşqçisi və eyni zamanda komandanın içində olan bir şəxs kimi baş verən hadisələrə münasibətinizi bilmək istərdik. “Turan”ın axırı necə olacaq?

- “Turan”da baş verənlər maliyyə problemi ilə bağlıdır. Futbolçular maaşlarını ala bilmirlər. Mən belə fikirləşirəm ki, bu məsələ tezliklə həll olunacaq. Başqa problem yoxdur.

- Ancaq maraqlıdır ki, komandanın aparıcı üzvləri sizin kimi düşünmürlər. Onlar heç də problemin həll olunacağına inanmırlar. Elə buna görə də sabah “Rəvan”la görüşdən sonra növbəti turlarda oyuna çıxmayacaqlarını bildiriblər.

- Yenə deyirəm, maliyyə problemidir. Mən inanıram ki, yaxşı olacaq. İndi çətinlikdir. Biz bunu başa düşürük. Yalnız bunu deyə bilərəm.

- Bu gün futbolçularla yığıncaq keçirmisiniz.

- Bəli.

- Həmin toplantıdan sonra belə bir qərar qəbul olunub ki, “Rəvan”la oyundan sonra komanda problem həll olunana qədər toplaşmayacaq. Bu isə daha çox azarkeşlərin istəyilə olub. Əslində futbolçular heç “Rəvan”la görüşə də çıxmaq istəmirdilər.

- Əvvəlcə onu deyim ki, burada azarkeşlərin istəyilə yanaşı, bizim də istəyimiz olub. Çünki azarkeşlərimizin stadiona toplaşıb, əliboş qayıtmasını istəmirdik.Bu baxımdan belə bir qərar qəbul olundu və futbolçular sabahkı oyuna çıxmağa razılıq verdilər. Yenə deyirəm ki, problem var, ancaq həll oluna bilər. İnanıram ki, hər şey yaxşı olacaq.

- Bəs, həll olunacağına bu qədər inandığınız problem həllini tapmasa, necə olacaq?

- Gəlin, belə deyək də. İstər-istəməz pul çox şeyi həll edir. Buraya təkcə futbolçuların maaşı yox, onların yeməyi, dərmanı, vitaminləri və bu kimi bir çox şeylər də daxildir. Bu gün komanda yaxşı durumda deyil. Bu hər bir insanda da ola bilər. Adicə hamının ailəsində bu cür hallar baş verir. Ancaq biri var bunu telefonla danışıb həll edəsən, biri də var, onun içində olasan. Sırf bu baxımdan futbolçularda müəyyən psixoloji gərginlik ola bilər. Buna görə də oyunçular problem həll olunduqdan sonra qayıtmağa söz verdilər. Bizim aramızda belə söhbət oldu.

- Əsgər müəllim, bunu başa düşdüm. Ancaq xahiş edirəm, konkret olaraq mənim sualıma cavab verəsiniz. Deyirsiniz ki, problem həll olunsa, futbolçular qayıdacaq. Bəs, problem öz həllini tapmasa, necə olacaq?

- Problem həll olunmasa, yəqin ki, qayıtmayacaqlar. Söhbət də bundan ibarətdir. Amma inanıram ki, hər şey düzələcək. Bir də belə bir şey var ki, məsələ yoluna qoyulmasa, qayıtmayacaqlar.

- Belə olan halda isə “Turan” çempionatdan imtina edəcək?

- Bunu mən deyə bilmərəm. Klubun prezidenti, yiyəsi var. Bu məsələyə də yalnız o, aydınlıq gətirə bilər. Mən klub prezidenti deyiləm ki, hər hansı qərar qəbul edəm. Problem var. Musa müəllim də çalışır ki, bunu həll etsin.

- Musa Süleymanov mətbuata açıqlamasında bildirib ki, komandanın aparıcı üzvləri oyuna çıxmaqdan imtina etsələr, əvəzedici heyətin futbolçularını meydançaya buraxacağıq. Bu barədə nə deyə bilərsiniz?

- Vallah, bu, normal haldır. Bilirsiniz ki, bu gün komanda bir-iki tur oynamaqdan imtina etsə, güclülər dəstəsindən çıxarılır. Ona görə də Musa müəllim çalışır ki, hər yolla komandanı elitada saxlasın. Əlbəttə, bu, onun şəxsi fikridir. Hamı istəyər ki, güclülər dəstəsində oynasın. Hazırda əvəzedici heyətin 9-10 üzvü əsas komandada məşq edir. Cavan uşaqlardır. Onlar artıq əsas heyətin oyunçularıdır. Əlbəttə, onlar meydana çıxa bilərlər. Bu, adi haldır.

- Mətbuatda belə bir xəbər də yayıldı ki, “Turan”dakı problemlərin əsas səbəbi sizinlə Musa Süleymanov arasında yaşanan qalmaqaldır. Yəni, Musa müəllim sizin Tovuz klubunda qalmağınızı istəmir. Siz isə istefa vermək barədə düşünmürsünüz. Ümumiyyətlə, Süleymanovla Abdullayevin arasında hər hansı problem varmı?

- Mən hər kəsin fikrinə hörmətlə yanaşıram. Bu gün Əsgər Abdullayevlə Musa Süleymanoun arasında heç bir problem yoxdur. Bu suala da ən yaxşı cavabı özü verə bilər. Bunlar hamısı şayiədir. Mən bunu təkzib edirəm, bir qədər gülməli çıxır. Məncə, Musa müəllim buna lazım olan cavabı verər. Mən öz tərəfimdən deyirəm ki, aramızda heç bir problem yoxdur. Onun mənə hörmətlə yanaşdığını bilirəm və mənim işimdən narazı deyil. İndiyə qədər bizim aramızda sadə mübahisə belə olmayıb. İstəyirsiniz, bir də özündən soruşun. Bəlkə o, başqa söz deyəcək. Musa müəllim elə bir adamdır ki, sözü üzə deməyi bacarır. Belə bir şey olsa idi, çağırıb mənə deyərdi. Əslində mən bilsəydim ki, bütün bu problemlər mənə görədir, çoxdan komandanı tərk edərdim. Futbolçuların, bütövlükdə isə bu kompleksin işçilərinin pulu verilmirsə, bunun günahı məndədir?

- Qeyd etdiniz ki, maaşlar verilməsə, futbolçular qayıtmayacaq. Komandanı tərk edəcəklər. Bəs, siz necə?

- Açığı, sabahkı oyuna çıxmaq barədə komanda ilə söhbətimiz oldu. Mən də sözümü dedim ki, gəlin, belə edək. Bu sözü mən demişəm. Bütün futbolçularla  danışmışıq, yəqin ki, elə mən də onlarla də gedəcəyəm. O ki qaldı bu məsələyə, gəlin, bir də yaxşı tərəfini fikirləşək. Mənə elə gəlir ki, problem həll olunacaq.


 

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır