Rəşad Sadıqov: “Eşidəndə ki, o, Qurban Qurbanovun istefasını istəyir, şoka düşdüm”
“Əvvəlcədən deyim ki, “istefa” qışqıranlar “Qarabağ”ın azarkeşləri olub. Ancaq fan-klub üzvləri yox. Mən özüm üçün araşdırmışam. Bilirəm ki, onların arxasında kimlər durub və həmin şəxsləri “istefa” qışqırmağa kim qızışdırıb. Həmin insan “Qarabağ”a gəlmək marağındadır.”.
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov deyib. Premyer Liqanın son turunda bir qrup azarkeşin komandanın baş məşqçisi Qurban Qurbanovu istefaya səsləməsinə münasibət bildirən təcrübəli futbolçu bunun təxribat olduğunu düşünür:
“Bəzi adamlar Qurban Qurbanovun “Qarabağ”dan getməyini istəyirlər. Mən bu adamları qızışdıran insanın adını eşidəndə, şoka düşdüm. Amma adını açıqlamayacağam. Bu yaxınlarda yəqin ki, bilinəcək. Şüar səslənərkən mən özüm sağ cinahda oynayırdım. Səs gələndə, fikir verdim, qışqıran cəmi bir nəfər idi. Bizim fan-klub da orda durmuşdu. Bir az keçdikdən sonra bir nəfər oldu 6-7 nəfər. Bunlar, "Qarabağ"ın fanatları idi. Hər dəfə oyunlara gəlirlər. Ancaq fan-klublarla heç bir əlaqələri yoxdur. “İstefa” qışqıranlar da məhz həmin 6-7 nəfər olub. Sonradan aydınlaşdırdıq, məlum oldu ki, bunlar kimlərdir, kimlər tərəfindən beyinləri doldurulub və bu cür şüarlar səsləndirməkdə maraqları nədir”.
Əvvəllər də Qurbanovla bağlı bu cür hadisələrin olduğunu xatırladan Sadıqov budəfəki “istefa” şüarlarının əsassız olduğunu bildirib. O, Qurbanovun istefaya gödərilməsində bəzi insanların maraqlı olduqlarını söyləyib: “Əvvəllər də bir neçə dəfə bu cür hallar olub. İlk dəfə “istefa” şüarı Qurbanov təzə gələndə olub. İkinci dəfə isə komanda “altılıq”da olduqca uğursuz çıxış edəndə. Həmin vaxt buna əsas var idi. Amma bu dəfə həmin şəxs özünü tez büruzə verdi və özünü yandırdı. Çünki VI turda Qurbanov kimi bir baş məşqçini istefaya çağırmaq qeyri-ciddi addımdır. Qurban müəllim Azərbaycanda ən yaxşı nəticə verən məşqçidir. Onu kim istefaya çağıra bilər? Hətta bu, rəqib azarkeşlərin də ağlına gələ bilməzdi ki, kimsə bugünkü gündə Qurbanovu istefaya səsləsin. Onun “Qarabağ”da gördüyü işlər göz qabağındadır.
Şüarları eşidəndə, dərhal başa düşdüm ki, bu, kimlərsə tərəfindən hazırlanmış bir şeydir. Kiminsə marağında var. Burada iki variant ola bilərdi: ya kimsə bizim uğurlu çıxış etməyimizi istəmədiyi üçün bu cür addım atıb, ya da kiminsə “Qarabağ”a gəlməyə marağı var. Elə də oldu. Üstündən cəmi iki gün keçdi, hər şeyin üstü açıldı. Bəlkə də çox adam onu bilmir. Həmin insanları kim qışqırdıbsa, ona çox ayıb olsun. Yaxşı olar ki, özü çıxıb açıqlama versin. Onsuz da hadisənin üstü yaxın günlərdə açılacaq”.
Xatırladaq ki, "Qarabağ" - "Xəzər Lənkəran" oyununda 6-7 nəfərdən ibarət bir qrup Qurban Qurbanovu istefaya səsləmişdi.