Samir Abasov: “Belə çıxır ki, danışmağa təkcə Xaqaniylə Elçinin haqqı çatır?”

Samir Abasov: “Belə çıxır ki, danışmağa təkcə Xaqaniylə Elçinin haqqı çatır?”
ÖLKƏ FUTBOLU 16 Sentyabr 2011 / 16:15 2544
-  A +

“Sumqayıt Şəhər” klubunun müdafiəçisi və kapitanı Samir Abasovun Qol.Az saytına müsahibəsi


- İlk əvvəl “Qarabağ”la 0:0 hesabı ilə başa çatan görüş haqda fikirlərinizi bilmək istərdim.

- Rəqibi yaxşı tanıdığımızdan kimə qarşı oynadığımızı əla bilirdik. Özüm də əvvəl o komandada oynadığım üçün bəzi zəif cəhətlərinə yaxşı bələd idim. Düzdü, həmin oyun rəqibin çox böyük üstünlüyü ilə keçsə də, xal almaq istəyi bizdə daha çox idi. Çempionluğa oynayan bir klubdan xal almaq bizim üçün əla nəticədir.

- Yəqin ki, bu oyunda sən daha yaxşı, ikiqat güclə oynayaraq nəsə sübut etməyə çalışdın.

- Deməzdim ki, onlara qarşı prinsipiallığım var. Sadəcə, xal almaq üçün əlimdən gələni etdim. Mən artıq o klubda oynamıram. Ona görə də, “Qarabağ” kitabı mənim üçün artıq bağlanıb. Nə mən onları maraqlandırıram, nə də onlar məni.

- “İnter”lə keçirdiyiniz oyunda nələr baş verdi? Yan xətt hakimi vurduğunuz qolu qeydə almadı.

- Doğrudan da, mənim üçün çox maraqlıdır. Telekanallarda hakimliyi müzakirə edirlər, ancaq nədənsə, səhvlərinə görə onları cəzalandırmırlar. Yan xətt hakimi Ramiz Əsədov artıq bir neçə oyundur ki, belə kobud səhvlərə yol verir. Bəs, niyə həmin şəxs barəsində ölçü götürmürlər? Niyə hakimlərin kobud səhvlərinə göz yumurlar? Yəqin qorxublar, “İnter” meydanı yenə yarımçıq tərk edəcək. Niyə təmiz vurduğumuz qolu qeydə almayıb komandanı sındırmağa çalışırlar? Özü də “Sumqayıt Şəhər” komandasında çıxış edən futbolçuların əksəriyyəti gəncdi. Niyə Azərbaycanın gələcəyi sayılan 16 yaşlı Orxanın qolunu qeydə almayaraq haqqını yeyirlər?

- Təkcə yan hakim Ramiz Əsədovun idarəçiliyindən narazı qaldınız, yoxsa?

- Nəinki yan hakim, elə baş hakim Elnur Muradov da oyunu qəribə şəkildə idarə edirdi. Qol vurduqdan sonra yan xətt hakimlə oyunu idarə edən baş hakim Elnur Muradov arasında anlaşma çox aşağı səviyyədə idi.

- Hakimlər komitəsinin elmi-metodik komisiyasının rəhbəri Elçin Məmədov deyib ki, Samir başını aşağı salıb futbolunu oynasın, öz işi ilə məşğul olsun.

- Yaxşı, deyək ki, Samir başını aşağı saldı, danışmadı. Bəs, başqaları haqqını tələb etməsin? Bunların axırı necə olacaq? Bütün səlahiyyətlər onların əlində olduğundan, heç kəsi saymayaraq özbaşınalıq edirlər. Samir başını aşağı saldı ya yox, bundan sənə nə? Mənim fikrimcə, bütün Premyer Liqanın oyunlarından sonra hər dəfə də belə hallar yaşanacaq. Nə qədər ki, hakimlərin səhvləri ört-bastır edilir, cəzalandırılmır, belə hallar davam edəcək.

- Bəs, klub rəsmiləriniz Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədova iradlarını bildirməyib?

- Nəinki Xaqani Məmmədov, hər kəs meydanda baş verənləri yaxşı görür. Bilirsiniz şərait yaradırlar, çıxıb telekanallarda nə istəyirlər danışırlar. Haqlı oldu-olmadı. Neyləyək ki, bizdə şərait yoxdur, çıxıb haqqımızı tələb edək. Samirin, 16 yaşlı Orxanın, ixtiyarı yoxdur danışıb haqqını tələb etsin? Onda belə çıxır ki, danışmağa təkcə Xaqaniylə Elçinin haqqı çatır? Həmin oyunda birinci hissədə biz məşqçinin tapşırığı əsasında qol vurmalı idik. Onu da vurduq. Amma hər tur səhvlərə yol verən hakimlər o qolu qeydə almadı. Bütün bu olanlardan sonra komandamız necə özünə gəlib toparlansın?

ƏLİ HƏYATİ

Daha çox


Son xəbərlər