Ağasəlim Mircavadov: “İnter” “Simurq”un "böyüyüdür"

Ağasəlim Mircavadov: “İnter” “Simurq”un "böyüyüdür"
ÖLKƏ FUTBOLU 12 Sentyabr 2011 / 12:53 2895
-  A +

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Premyer Liqanın son turundan sonra komandaların çıxışını dəyərləndirib.
Mircavadov Qol.Az-ın müxbiri ilə söhbətində elitada çıxış edən 12 klubun hər birini ayrılıq-ayrılıqda analiz edib.

“Xəzər Lənkəran”

“Xəzər Lənkəran” ilk turdan iddiasını ortaya qoyub. Hələ də liderdilər. Son turda çempion komandaya qalib gəldi. İki güclü komandanın oyununda qələbə qazanan tərəf 3 deyil, 6 xala bərabər olan bir qalibiyyət əldə edir. Ona görə belə bir söz var ki, çempion olmaq istəyirsənsə, əsas rəqiblərinə qalib gəlməlisən.

“Qəbələ”

Bu komandanın “Turan”la oyununa baxdım. “Qəbələ” oyununu tapıb, oynayır demək olmaz. Yox, çox sadə oyun üslubları var. Daha çox standart vəziyyətlərdən istifadə edirlər. Toni Adams da axtarışdadır. Hələlik sadə oyuna üstünlük verir. Bilir ki, aut atışlarını yaxşı yerinə yetirən və cərimə meydançasında hava toplarında gözəl oynayan futbolçuları var. O da bundan istifadə edir.

“Kəpəz”

Gəncə futbolu olub, olacaq. Mən çox sevinirəm ki, “Kəpəz” hazırda üçüncü pillədədir. İnkişaf edir. Onlar bu yerə layiqdilər. “Bakı”nı udandan sonra komandada ruh yüksəkliyi oldu. Səfərdə qələbə qazanandan sonra futbolçularda ruh yüksəkliyi olur. AZAL-la oyunda da bundan istifadə etdilər.

“Bakı”

“Bakı”nın son turda oyununu gördüm. 3 top fərqi ilə irəlidədilər və rəqib on nəfərlə qalıb. Buna baxmayaraq, ikinci hissədə “Bakı” qapısından 2 qol buraxdı. Hətta “Rəvan” azlıqda qalmasına baxmayaraq, oyunun taleyini dəyişə də bilərdi. Bu ondan xəbər verir ki, “Bakı” da axtarışdadır. Amma mən bir şeyə məəttəl qalıram ki, “Bakı” udsa da, uduzsa da, çempionluq uğrunda mübarizə aparır. Bu isə təqdirəlayiq haldır ki, rəhbərlik düzgün yol seçib. Həmişə iddialı olmaq istəyir. Bununla bərabər iddialı oyunçular da alıblar. Starkov hansı futbolçuları istədisə, rəhbərlik də onları transfer etdi. Ancaq hələlik komanda özünü doğrultmur. Futbolçularda inam yoxdur. Qarşıdakı turlarda “Bakı”nın nəyə qadir olduğu məlum olacaq.

"Qarabağ"

“Qarabağ”ın “Sumqayıt-Şəhər”lə oyununu görmədim. Eşitdim ki, xal itirib. Açığı, əvvəlcə inanmadım. Amma sonradan mənə dedilər ki, oyun ancaq meydan sahiblərinin qapısı qarşısında gedib. Ağdamlılar tək qapıya oynayıblar. Kifayət qədər qol vəziyyətləri olub, ancaq istifadə edə bilməyiblər. Komandanın qarşısına əsas hədəf kimi çempionluq qoyulub. Lakin “Qarabağ” iki mühüm oyunda - əvvəlcə “Qəbələ”, ardınca isə “Sumqayıt-Şəhər”lə görüşlərdə vacib xallar itirdi. Bu, “Qarabağ” üçün sonrakı oyunlarda ağır olacaq.

“Neftçi”

Açığı, “Neftçi”nin oyununu görməmişəm. Artıq ikinci oyundur ki, məğlub olur. Böyükağa müəllim yaxşı, ağıllı məşqçidir. Öz işini bilir. Növbəti turda məlum olacaq ki, komanda “qara zolaq”dan çıxıb, ya yox. Çünki qələbə qazansa, futbolçularda özünəinam yaranacaq. Mən Böyükağa müəllimə inanıram.

“Turan”

Dünən “Turan”ın oyununa baxdım və gördüm ki, komandada problem var. Guya deyirlər ki, sıxıntı yoxdur. Amma maliyyə cəhətdən kifayət qədər problemləri var. Bu futbolçularda da hiss olunur. Əgər belə bir şey olmasaydı, onlar səfərdən xal ilə qayıda bilərdilər. Ən azından uduzmazdılar. Oyuna baxdızsa, müdafiəçilər kobud səhvlər etdilər. Məsələn, cərimə zərbəsində gərək qapıçı topa çıxaydı. Ola bilər gənc qolkiperdi, belə səhvlər olacaq. Amma mən inanıram ki, bu komandada stabillik olacaq. Çoxları öz meydanında xal itirəcək. Amma “Turan” itirməyəcək.

 “İnter”

“İnter” əvvəlki, çempion olan komanda deyil. Açıq deyə bilərəm ki, komandada sıxıntı var. Xüsusilə də “paytaxt derbisi”ndəki qalmaqaldan sonra müəyyən problemlər hiss olunur. Amma “İnter”in oturaq heyəti var. İnanıram ki, qarşıdakı turlarda öz sözlərini deyəcəklər.

“Rəvan”

Bu komandanın bir-iki oyununu izləmişəm. Onların bəxti gətirməyib. Qələbəni əldən veriblər. Ya qapıçı, ya da müdafiəçilərin səhvi ucbatından udduğu oyunu uduzub və ya heç-heçə edib. Komandada stabillik yoxdur. Əslində isə bu komanda stabil çıxış etməlidir. Oyunçuları neçə ildir, “Muğan”ın heyətində çıxış edirdilər. İndiki halda ilk “altılıq”dan uzaq görünsə də onun yeri aşağı pillələr deyil. Mən belə başa düşürəm ki, stabilliyi olsa, “Rəvan” ilk “altılığ”a düşəcək.

“Simurq”

“Simurq”un oyununu görməmişəm. Bu komanda aşağı dəstəyə düşmüşdü. Sonra yenidən qaytardılar. Sergey Yuranı gətirdilər ki, komandanı qaldıracaq. Amma komandanın nə istədiyi hələ də bilinmir. Məsələn, “İnter” bilinir ki, nə istəyir. Ancaq “Simurq”da bunu görmürəm. Yəqin ki, cari mövsümdə də elitada qalmağa çalışacaqlar. Ola bilər, “İnter” “Simurq”un "böyüyüdür", ona görə uduzur. Amma öz meydanında zəif çıxış edir.

“Suqayıt-Şəhər”

“Sumqayıt-Şəhər”in heyəti cavan uşaqlardan təşkil olunub. Burada əsas məqsəd gənclərin oyun praktikasnı artırmaqdır. Yaxşı addımdır. Dünənki heç-heçədən sonra futbolçularda ruh yüksəkliyi yaranıb. Amma mən inanmıram ki, onlar növbəti oyunlarda hər hansı uğur qazanalar. Çünki hamısı gənclərdir. Onlarda qələbə ruhunun əvəzinə məğlubiyyət ruhu ola bilər. Oyunu uduzanda istər-istəməz ruh düşkünlüyü olur. Əsasən də azərbaycanlı oyunçularda. Gənclərdə isə bu, daha tez bilinir. Düzdür, komandada təcrübəli futbolçular var. Ancaq onların sayı bir qədər çox olsa, daha yaxşı olar.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...