Mpenza: “Belçika Azərbaycana 2:0 hesabı ilə qalib gələcək”

Mpenza: “Belçika Azərbaycana 2:0 hesabı ilə qalib gələcək”
ÖLKƏ FUTBOLU 2 Sentyabr 2011 / 16:08 2555
-  A +

“Neftçi”nin hücumçusu Emil Mpenza Belçika mətbuatına müsahibə verib. 33 yaşlı hücumçu Bakıdakı həyat tərzindən tutmuş Azərbaycan - Belçika oyununa qədər bir çox maraqlı məqamlara toxunub. Həmin müsahibəni təqdim edirik.

- Əvvəlcə Bakıdakı yaşayış tərziniz haqda danışardınız.

- Azərbaycanda yaxşı yaşayıram.Əlbəttə, buradakı həyat tərzim Brüsseldəki kimi deyil. Ancaq heç nəyə görə təəssüflənmirəm. Sadəcə yol hərəkəti burada fərqlidir. Sürücülər svetaforun işıqlarına fikir vermirlər. Necə gəldi sürürlər. Piyadalar yolu qorxu və təhlükə içərisində keçirlər. Bununla yanaşı, azərbaycanlılar olduqca dostcanlıdırlar. Əcnəbilərə qarşı mühribandırlar. Azərbaycan həm də tolerant ölkədir. Bakı müasir şəhərdir. İstənilən vaxt problemsiz spirtli içki ala bilərsən. Orada “Burger” brendlərindən tutmuş “Prada”ya kimi hər şey tampaq olar. İstini sevənlər üçün Azərbaycan əvəzolunmaz ölkədir. Yayda ora çox isti olur. Temperaturun 40 dərəcədən çox olması nadir hal deyil. Qış fəsli də mülayim keçir. Temperatur az hallarda 28 dərəcədən aşağı düşür. Bakı qısa vaxt ərzində xeyli inkişaf edib. Necə ki, Anderlext az vaxt kəsiyində tamam fərqli şəhərə çevirilmişdi. Hətta buraya qayıdanda, doğma şəhərimi tanımamışdım.

- Boş vaxtlarınızı necə keçirirsiniz?

- Futbolçuların çoxu boş vaxtlarında “Play Station” oynayırlar. Mən isə onlardan və öz oğlumdan fərqli olaraq, ona nifrət edirəm. Çoxlu kitab oxuyuram. Nadir hallarda bayıra çıxıram. Hərdən gəzintiyə çıxıram. Yay tətili müddətində oğlum da mənimlə Bakıda oldu.

- Azərbaycanda futbolun səviyyəsi barədə nə deyə bilərsiniz?

- Mən düşünürəm ki, Azərbaycan çempionatının ən güclü üç klubu Belçikada ilk “onluq”da oynamağa layiqdir. Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Zaqreb “Dinamo”suna məğlub olduq. Ancaq bu nəticə heç də Azərbaycan futbolunun keyfiyyətindən xəbər vermir. “Dinamo” bizimlə oyunda cəmi üç dəfə fərqləndi. Əlbəttə, həmin toplar bizim qapımıza vurulubsa, bu, heç də gülməli deyil.

- Öz çıxışınızı necə dəyərləndirərdiniz? Hazırkı formanızdan razısınız?

- Fiziki cəhətdən yaxşı formadayam. Bir qədər sürət çatmır. Ancaq buna görə təəssüflənmirəm. Ötən mövsüm hücumçuların arxasında çıxış edirdim. Bununla belə qollar vurdum. Karyeramda ilk dəfə ölkə çempionatını qazandım. Belə düşünürəm ki, “Standart”da oynayanda, bu uğuru qazana bilərdim. Ancaq fasilədə baş məşqçimizi dəyişdilər.

- Artıq ikinci mövsümdür ki, “Neftçi”də çıxış edirsiz. Bu komanda barədə nə düşünürsünüz?

- “Neftçi” Azərbaycanın böyük klublarından biridir. Komandanın sponsoru Neft Şirkətinin sahibidir. Klub prezidenti müntəzəm olaraq, cangüdənlərinin əhatəsində bizim məşqlərimizi izləyir. Digər vaxtlarda isə o, özünü sadə insan kimi aparır. “Neftçi” altı ayda bir dəfə məğlub olanda, ona qarşı təzyiqlər artır. Bizim ən böyük rəqibimiz “Xəzər Lənkəran”dır. Biz Lənkərana gedəndə, avtobusumuzu 8 polis maşını müşahidə edir. Bir neçə dəfə lənkəranlı azarkeşlərin atdıqları yad əşyalar futbolçularımıza dəyib. Bunu bir daha qeyd edirəm ki, Bakıya nə pul üçün, nə də təsadüf nəticəsində gəlməmişəm. Sadəcə burada yaşamaq istəyirdim.

- “Neftçi”də uzun müddət qalmaq fikriniz var?

- Karyeramı Belçikada bitirmək istəyirəm. Ya qış fasiləsində, ya da mövsümün sonunda vətənimə qayıdacam. Futbola Belçikada başlamışam, orada da vidalaşmaq istəyirəm. Oğlum anasının yanında yaşayır. Belçikaya dönmək istəməyimin səbəblərindən biri də budur. Ancaq mən sübut eləmək istəyirəm ki, zəif çempionatda çıxış etsəm belə, futbol oynamağı hələ unutmamışam. “Neftçi” ilə hələ bir ildən çox müqaviləm var. Əgər Bakı klubundan ayrılsam, bunu pula görə etməyəcəyəm. Əlbəttə, mən özümü “Mexelen” və “Kortreyk”də oynayacaq qədər yaxşı hesab etmirəm. “Kortreyk” hər zaman mənim ürəyimdə olacaq. Sözsüz ki, “Standart” da. Baxmayaraq ki, orada daha Lyusyen və Dominik yoxdur. Özümü Snosuz “Standart”da təsəvvür edə bilmirəm. Lyusyen hərdən mənə zəng vurur. Ancaq pul söhbətinə görə yox. Sadəcə dost olduğumuz üçün.

- Belçika millisinin baş məşqçisi Corc Likenslə də əlaqə saxlayırsınız?

- Hə, hərdən zəngləşirik. Ancaq heç vaxt yığma komanda haqda danışmırıq.

- Yenidən milliyə qayıtmaq barədə düşünmüsünüz?

- Millidəki son iki oyunum iki il bundan qabaq Türkiyə və Estoniya yığmalarına qarşı olub. Həmin vaxt komandanın baş məşqçisi Dik Advokat idi. Adını çəkdiyim oyunlardan sonra hollandiyalı mütəxəssis bir daha məni milliyə dəvət etmədi. Hazırda yığma barədə düşünmürəm. Ancaq Belçikaya qayıtmağı fikirləşirəm. İnanıram ki, bu, məndə alınacaq. Şadam ki, milli komandanı yaxşı nəticələrdən sonra tərk etdim.

- Bir az da bugünkü oyun barədə danışaq. Necə düşünürsünüz, Azərbaycan bizə müqavimət göstərə biləcək?

- Mən belə düşünmürəm. Düzdür, havanın isti olmağı milli komandamız üçün mənfi haldır. Ancaq məncə,  “qırmızı şeytanlar” 2:0 hesabı ilə qalib gələcəklər. Hansı komandaya azarkeşlik edəcəyimi bilmirəm. Çünki Azərbaycan millisində mənim “Neftçi”dən iki komanda yoldaşım çıxış edir.

- Bu oyunla bağlı belçikalı futbolçularla danışığınız olub?

- Hə, Fellaini və van Buytenlə danışmışam. Sizə bir sirr verim? Mən van Buyteni “Arsenal”da görürəm. Çünki Arsen Vengerə belə bir müdafiəçi lazımdır. “Anderlext” variantı da ola bilər. Ancaq indi susuram. Çünki çox sirlərin üstünü açmaq istəmirəm.

Daha çox


Son xəbərlər