“Qarabağ”ın makedon əsilli türk yarımmüdafiəçisi Sedat Sahini sabah “Neftçi” ilə keçiriləcək təkrar ¼ final matçı öncəsi Qol.Az-a geniş müsahibə verib.
- Son turda «Bakı»ya məğlubiyyətdən sonra komanda özünə gələ bilib?
- “Bakı” ilə oyunda şanssızlıq oldu. Amma buna görə özünə qapanmaq olmaz. Bu, futboldur. Udmaq olar, uduzmaq da. Məğlub olduğumuz matçlar artıq arxada qaldı. İndii irəli baxmaq lazımdır. Hazırda düşərgədə əhval-ruhiyyə əladır və hamı “Neftçi” ilə təkrar kubok matçına hazırlaşır.
- “Qarabağ”ın son turlardakı uğursuz çıxışının səbəbini nədə görürsən?
- “Standard”la oyundan əvvəl “Neftçi” ilə kubokun ilk matçını oynamışdıq. Daha sonra “Bakı” ilə qarşılaşdıq. Ola bilsin ardıcıl ağır oyunlar uşaqlarda yorğunluq yaratdı. Bundan başqa, bəzi futbolçularımız zədəli və xəstə idilər. Mənim özüm zədə səbəbindən komandaya kömək edə bilmirdim. Yəni, bunlar nəticəyə də öz təsirini göstərir. Başqa bir səbəb arxayınçılıqla da bağlı ola bilər. Bildiyiniz kimi, uzun müddət idi uğurlu oyunlar seriyamız vardı. Bu səbəbdən “Standard”ı asan məğlub edəcəyimizi düşünürdük. Bir də ki, bu, istənilən komandanın üzləşə biləcəyi bir problemdir. Bəzən uzun müddət uğurlu oyunlar seriyası davam edir. Necə ki, biz ardıcıl 8 oyun bunu etdik. Bəzən də görürsən eniş dövrü başlayır. Futbolda belə halları təbii qarşılamaq lazımdır.
- Son məğlubiyyətlərdən sonra çempionluğun əldən getdiyini demək olar?
- Bəli, artıq çempionluq bizim üçün çox çətin görünür. Amma uğurlu çıxış sayəsində ilk UEFA kubokuna vəsiqə qazana bilərik.
- Bunun üçün ölkə kubokunda da şansınız var. “Neftçi” ilə sabah keçiriləcək təkrar matç haqqında nə düşünürsən?
- 1:0 o qədər də böyük üstünlük olmasa da, hər halda pis nəticə də deyil. Məsələn, “Neftçi” meydançaya yalnız qələbə və qol vurmaq üçün çıxacaq. Belə olan halda ilk dəqiqələrdən irəli atılmağa borcludurlar. Biz isə onları əks-hücumlarda tutub böyükhesablı qələbə qazana bilərik.
- “Qarabağ”la müqavilənin müddəti nə vaxt başa çatır?
- Mövsümün sonunda.
- Sonrakı karyeran haqqında nə düşünürsən?
- Bu, artıq danışıqlardan asılı olacaq. Şəxsən mən hazırda “Qarabağ”dakı durumumdan çox razıyam və məmnuniyyətlə müqaviləmin müddətini uzadardım.
- Azərbaycan Premyer-liqasında oynayan hansı komandanın oyunu sənə daha çox xoş gəlir?
- “Bakı”nın oyununu qeyd edərdim. Çox səviyyəli futbolçuları var. Əcnəbi futbolçuların texniki hazırlığının yüksək olduğu dərhal hiss edilir. Təəssüf ki, Azərbaycandakı futbol sahələrinin bərbad durumda olması həmin texnikalı futbolçulara öz oyunlarını tam ortaya qoymağa imkan vermir. Belə qazonlarda futbol oynamaq mümkün deyil. Məsələn “Bakı” ilə oyunda Tofiq Bəhramov adına stadionun qazonu çox pis vəziyyətdə idi.
- “Qarabağ”ı digər klublardan fərqləndirən cəhət nədir?
- Biz bir ailə kimiyik. Udsaq da, uduzsaq da, həmişə bir-birimizə dəstək veririk. “Qarabağ”da “hamı bir nəfər üçün, bir nəfər hamı üçün” devizi hökm sürür.
-Gəl bir az da futboldankənar söhbət edək. Azərbaycana alışa bimisən?
- Bəli. Düzdür, ilk vaxtlar bir qədər çətinlik oldu. Bu da təbii idi. Çünki başqa ölkəyə gəlmişdim. Amma bu, çox da uzun sürmədi. Ən azı mən də bir türk olduğumdan qısa zamanda uyğunlaşma prosesini keçə bildim. Burada insanlarınızın istiqanlı olması da mənə böyük kömək etdi.
- Sedat, milliyətini də istərsən bir dəqiqləşdirək. Çünki Azərbaycanda bir qism səni türk, bir qism isə bosniyalı kimi tanıyır.
- Mən özüm Makedoniyada doğulmuşam. Sonradan isə ailəmizlə birlikdə Bosniyaya köçdük. Oradan isə Türkiyəyə gəldik. Hazırda həm Bosniya, həm də Türkiyə vətəndaşlığını daşıyıram. Milliyətcə türkəm.
- Artıq müəyyən müddətdir Azərbaycandasan. Azərbaycanlıların hansı xüsusiyyəti səni qane edir, hansı etmir?
- Qane edən çox şey var. Elə az öncə dediyim kimi, istiqanlılığınız və qonaqpərvərliyiniz məni heyran edir. Azərbaycanlılar çox ürəyi açıq insanlardır. Qane etməyən cəhət haqqında isə heç nə deyə bilmərəm. Çünki burada olduğum müddətdə hələ ki, belə bir şeyin şahidi olmamışam.
- “Qarabağ” adının məsuliyyətini yəqin ki başa düşürsən? Bilirsən ki, bu klubun təmsil etdiyi Ağdam hazırda işğal altındadır.
- Açığı, ilk gəldiyim vaxtlarda bu haqda heç bir informasiyam yox idi. Əksinə, elə bilirdim ki, “Qarabağ” Bakı klubudur. Ancaq sonradan komanda yoldaşlarım mənə dedilər ki, komanda Ağdamı təmsil edir. Həmin şəhər isə ermənilər tərəfindən işğal olunub və bu səbəbdən də “Qarabağ” Bakıda məskunlaşmağa məcbur olub. Bu, mənə çox pis təsir etdi. Çünki Bosniyada da buna oxşar olaylarla qarşılaşdığımdan bu tip məsələlərdə çox həssas və kövrəyəm.
- Azərbaycan mətbəxi ilə aran necədir?
- İlk gəldiyim günlərdə yeməklərinizə heç cürə alışa bilmirdim. Elə indi də buna tam öyrəşməmişəm. Səbəbini deməyə çətinlik çəkirəm. Bəlkə də bu, sizin yeməklərin həddindən artıq yağlı olmasından irəli gəlir.
- O zaman maraqlıdır, hansı mətbəxə üz tutursan?
- Türk mətbəxinə. Bakıda olan türk restoranlarına gedib şam edirəm.
- Bazarlığa tez-tez çıxırsan?
- O qədər də yox. Çünki alış-verişə elə də çox ehtiyacım olmur. Amma imkan tapanda ticarət mərkəzlərinə gedirəm. Eyni zamanda şəhəri gəzməyə çıxıram.
- Hazırda ayrıca evdə qalırsan?
- Xeyr, özəl ev tutmamışam. Özüm bunu istəmirəm. Çünki bazada qalmaq daha rahatdır. Səhər istədiyim vaxt rahat yuxudan dura bilirəm. Mərkəzdə ev tutmaq, oradan hər gün bazaya gəlib-getmək həm çox vaxt aparar, həm də, insanı yorar.
- Ailəlisən?
- Yox, hələki subayam. Düşünürəm ki, indi evliliyin zamanı deyil. Hələ tezdir. Bir qədər sonra bu haqda fikirləşmək olar.
- Azərbaycanlı qızla ailə həyatı qurmaq istəməzsən ki?
- Azərbaycan qızları çox gözəldir. Bunu hər addımda görmək mümkündür. Amma özümə yeni sevgili axtarmağa ehtiyacım yoxdur. Mənim sevdiyim insan var və onunla evlənməyi planlaşdırıram.
- Belə başa düşdük ki, həmin qız azərbaycanlı deyil?
- Xeyr, makedoniyalıdır.
- Hazırda yanındadır?
- Yox, Makedoniyadadır.
- Bəs bir-biriniz üçün darıxmırsınız?
- Təbii darıxırıq. O, orada, mənsə burada. Xüsusən, mən çox darıxıram. Amma neyləmək olar? Bu, bizim peşəmizdir. Əgər seçmişiksə, gərək hər çətinliyinə qatlaşaq.
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi
PSJ güclü qar altında məşq etdi - Video