Emin İmaməliyev: “Onların bu hərəkətinə çox əsəbiləşirdim”

Emin İmaməliyev: “Onların bu hərəkətinə çox əsəbiləşirdim”
ÖLKƏ FUTBOLU 26 İyul 2011 / 18:50 3654
-  A +

“Qarabağ”ın yarımmüdafiəçisi Emin İmaməliyevin Qol.Az saytına müsahibəsi

- Avropa Liqasının püşkü qarşınıza “Brügge”ni çıxardı. Rəqibi necə dəyərləndirirsən?

- Həmişəki kimi ciddi hazırlaşaraq, hər bir rəqibə eyni gözlə baxırıq. “Brügge” də o komandalardan biridir ki, hər il Avroliqada ad qoyur. Düzdür, çempion ola bilməsələr də, demək olar ki, hər il avrokubokların qrup mərhələsində iştirak edirlər.
Bilirik ki,bizi çox çətin oyun gözləyir. Hər klubun öz sxemi var və hər komanda öz çempionatına görə güclü sayılır. Mən “Brügge”ni heç də “Borussiya” və ”Visla”dan zəif saymıram. Əgər səhv eləmirəmsə, keçən il Avroliqada 1/8 finala kimi irəlilədilər. Bu isə o deməkdir ki, “Brügge” çox yaxşı və köklü komandadır. Nə qədər də olmasa, Azərbaycanla Belçika çempionatının səviyyəsini yanaşı qoysaq, ortaya böyük fərq çıxar. Ancaq şişirtməyə dəyməz. Hər bir rəqibə qarşı oynamaq olar. Əlimizdən gələni edəcəyik ki, Bakıya sərfəli nəticəylə qayıdaq.

- “Qarabağ”ın son iki ildə avrokuboklarda qazandığı qələbələrdə sənin də imzan var. Ancaq bu il daha çox ehtiyat oyunçular skamyasında oturursan.

- Əvəzolunmaz futbolçu yoxdur. Sadəcə ildən ilə çavan oyunçular çıxır və başa düşmək olur ki,daha çox çavanlara üstünlük verilir. Yenə də deyirəm ki, nə vaxtsa şans verilərsə, komandam üçün həm meydanda, həm də meydandan kənarda əlimdən gələni etməyə hazıram. Elə olur ki, meydandan kənarda da çavan oyunçulara öz tövsiyələrimizi veririk. Əsas odur ki, komanda qalib gəlsin. Futbol kollektiv oyundur. Deyim ki, tək Emin oynayır və ya Əfran oynayır, elə deyil. Yəni biz kollektiviksə, bir yerdə çörək yeyiriksə, bir-birimizə dəstək olmalıyıq.

- Ötən mövsümün sonunda “Qarabağ” bir çox təcrübəli oyunçuyla yolları ayırdı. Amma görünür, məşqçilər korpusu hələ də sənə inanır ki, komandada saxlamağı məqsədəuyğun bilib.

- Yox, onlara da etibar böyük idi. Bu komandada kim olubsa, hamıya eyni gözlə baxılıb. Bizdə ayrıseçkilik olmayıb. Bu dəqiqə “Qarabağ” da sağlam kollektiv yetişir. Kollektiv olan yerdə gərək heç kim seçilməsin. Bizdə də məşqçilər məhz buna çalışır ki, bütün oyunçuların hazırlığı eyni səviyyədə olsun. Sabah, məsələn, kimsə zədə alsa, həmin zədələnmiş oyunçunu hansısa futbolçu əvəzləsə, gərək məşqçi orada əziyyət çəkməsin. Hə, bu futbolçu çıxdı oyunu alınmadı və sair. Bu kimi hallar baş verməsin. Onlar çalışırlar ki, tarazlığı qorusunlar. Ola bilər, kimsə çox, kimsə az oynayır. Bu, futbolun qanunudur.

- “Sterymur”la oyun barədə fikirlərini də eşitmək maraqlı olardı.

- Mən bir şey deyim ki, “Streymur” çox ağıllı komanda idi. Onlar bizim oyunumuza baxmışdılar. Rəqib komandanın baş məşqçisi açıqlamasında bildirmişdi ki, “Qarabağ” daha çox topla oynamağı və hücum etməyi xoşlayır. Onlar oyunu elə qurmuşdular ki, çox ağıllı müdafiə olunurdular. Harda ki, bizim təhlükəli vəziyətlərimiz olurdu, çalışırdılar, o yerləri bağlasınlar.Ancaq nə qədər çətin də olsa, biz təhlükəli vəziyyətlər yarada bilirdik. Sadəcə qalırdı istifadə etmək. Ancaq bu futboldur. Alınmayanda, alınmır. İmkanlarımızdan istifadə edə bilmədik. Belə baxanda, hər epizoddan istifadə etsən, onda futbolda hesablar böyük olar. 10:0, ya 6:0 və sair.. İnşallah, Allahın köməyi ilə çalışacağıq ki, növbəti oyunlarda səhvlər buraxmayaq.

- Əvvəlcədən də məlum olduğu kimi, rəqib aut atışları zamanı təhlükə yarda bilirdi. “Streymur”un cavab oyunundakı ən təhlükəli qol epizodu da məhz aut atışından sonra gerçəkləşdi. Son saniyələrdə “Qarabağ”ın qapısı qarşısında təhlükə yarandı. Həmin an hansı hissləri keçirdin?

- Onda heç nə. Özümdə deyildim. Bir anlıq səfərdəki ilk oyun yadıma düşdü.Orda da oyunun bitməyinə 20 saniyə qalmış hesabı bərabərləşdirdilər. 90 dəqiqə hücum edən tərəf ol, sonra oyunun axırlarında gəlib sənə qol vursunlar. Futbol elə bir şeydir ki, bir saniyə belə boşalmamalısan.

- “Streymur”un cinah müdafiəçisi hər dəfə aut atışı zamanı topu dəsmalla silirdi. Bu, “Qarabağ”ın futbolçularına psixoloji cəhətdən təsir göstərmirdi?

- Əlbəttə, istər-istəməz bir az təsir edir. Hələ mən oynamırdım, qıraqdan baxırdım. Amma bununla belə çox əsəbiləşirdim ki, bu dəqiqə nəsə olacaq. Futbol elə bir oyundur ki, boşalmağı, saymamazlığı sevmir.

- Sonda “Qarabağ” azarkeşlərinə sözün.

- İnşallah, yenə də deyirəm, biz həmişə onlarlayıq. Yəqin ki, onlar da bizimlədilər. Bilirik ki, hər zaman bizi dəstəkləyirlər. Biz də çalışırıq ki, elə oynayaq, azarkeşlər futbola baxanda, zövq alsınlar.Əlbəttə onlarında istəyi odur ki, “Qarabağ” daha çox irəli getsin. Olur ki, məğlubiyyətlə üzləşirsən. Ancaq hər zaman yenə də dəstəkləmək lazımdır. Futbolda daim qələbə qazanmaq olmur. Azərbaycan futbolu pillə-pillə qalxır və ona görə də “Neftçi”ni və ya “Xəzər Lənkaran”ı qınamaq deyil, dəstəkləmək lazımdır. Bunlar aylarla və ya bir-iki ilə düzələn şeylər deyil. Hər şey üçün vaxt, zaman lazımdır.

 

Daha çox


Son xəbərlər