Nderim Necipi: “Brügge" ilk 15-20 dəqiqədə qol vurmağa çalışacaq”
“Qarabağ”ın yarımmüdafiəçisi Nderim Necipinin Qol.Az saytına müsahibəsi
- Artıq iki gündən sonra səfərdə “Brügge” ilə ilk oyuna çıxacaqsınız. Rəqibi necə dəyərləndirirsən?
- “Brügge”ni yaxşı tanıyırıq. Mən özüm də 3 il Belçikada oynamışam. "Brügge" bu ölkənin 3-4 ən yaxşı klubundan biridir. Bu il heyətlərini bir qədər də gücləndirdilər. Yeni futbolçular gəldi. Olduqca güclü rəqibdir. Amma bizim də yaxşı oyunçularımız var. Baxımlı futbol oynayan komandayıq. Səfərdə çətin olacağını bilirik. Amma inşallah, yaxşı nəticə ilə Bakıya qayıdacağıq.
- Özün də dedin ki, 3 il Belçikada oynamısan. Yəqin ki, rəqib üstün cəhətlərini sən daha yaxşı bilirsən. Səncə, bu komandanı necə məğlub etmək olar?
- “Brügge” ilk 15-20 dəqiqədə ardıcıl hücumlar qurub, qol vurmağa çalışacaq. Böyük azarkeş dəstəyinə sahibdir. Ona görə də oyunun əvvəllərində sərbəst oynamalıyıq. Başımızı itirməməliyik. Rəqib hücummeylli oyun nümayiş etdirir. 4-3-3 formatında oynayırlar. Onlara qarşı bir qədər müdafiəyə meylli oynamaq lazımdır. Yenə deyirəm, ilk 15-20 dəqiqədə diqqətli olmalıyıq.
- “Qarabağ”la “Brügge”ni müqayisə etsək, ortaya çox fərq çıxar?
- Məncə, Belçika çempionatı Azərbaycan Premyer Liqasından daha səviyyəlidir.
- Mən çempionat baxımından demirəm. Sırf bu iki komandanın müqayisəsini nəzərdə tuturam.
- İkisi də çox fərqli komandalardır. Onlar başqa sistemlə oynayır, bizim isə öz oyun üslubumuz var. Oyunçuların səviyyəsində də fərqlər var. Rəqibin heyəti daha yaxşı futbolçulardan təşkil olunub. Bizdə də yaxşı oyunçular var. “Brügge” hər il avrokubokların qrup mərhələsində çıxış edir.
- Amma razılaşaq ki, son vaxtlar bu komanda əvvəlki səviyyəsində bir qədər uzaqdır, reytinqi aşağı düşüb.
- Hə, son üç ildə bir qədər zəif çıxış edirlər. Amma mətbuatdan oxuduğum qədəri ilə deyə bilərəm ki, bu il çox iddialı komanda yardıblar. Çempionluğa oynayacaqlar. Ona görə də çox səviyyəli futbolçular transfer ediblər. Holandiya çempionatının bombardiri Byörn Vleminksi sıralarına qatıblar. Mən Belçikada çıxış edəndə, “Brügge” bu futbolçunu “Neymegen”ə satdı. Orada iki il oynadıqdan sonra bu il 3 milyon avro müqabilində yenidən sabiq komandasına qayıtdı. Çox təhlükəli hücumçudur. Düzdür, “Brügge” bu il bir neçə aparıcı oyunçusunu başqa klublara satdı. Amma yerdə qalanlar da yaxşı futbolçulardır.
- “Brügge” də topu özündə çox sağlamağı, onunla çox rəftar etməyi sevən komandadır. Rəqibin bu cəhəti sizə çətinlik yarada bilər?
- Onu indidən deyə bilmərəm. Çünki rəqiblə hələ qarşılaşmamışıq. Amma bildiyiniz kimi, biz də topu özümüzdə çox saxlamağı bacarırıq. Sona qədər belə oynamalıyıq, boşalmamalıyıq. İnşallah, yaxşı nəticə ilə qayıdarıq.
- “Streymur”la iki çətin oyun keçirdiniz, biri səfərdə, digəri isə evdə. İki oyunun nəticəsinə görə, Farer Adalarının klubuna cəmi bir qol vura bildiniz. Bu isə istər-istəməz insanların beynində belə bir fikir formalaşdırdı ki, “Qarabağ” “Streymur”a qol vura bilmirsə, “Brügge” ilə necə oynayacaq?”.
- Səfərdə süni meydançada oynadıq. Onlar belə meydançaya öyrəşiblər. Buna baxmayaraq, səfər oyununda hesabda irəlidə idik. Amma son saniyələrdə bərabərlik qolunu vurmağı bacardılar. Bakıda qarşılaşmada isə 10 futbolçu ilə müdafiə olunurdular. Qorxaq oyun göstərdilər. Müdafiədən çıxmırdılar. Əlimizə düşən imkanlardan yararlana bilsəydik, bəlkə də “açılardılar”. Amma alınmadı. Son dəqiqələrdə isə aut atışıyla bizi qorxutdular. Ancaq “Brügge” ilə “Streymur” fərqli komandalardır. İnşallah, onlara qarşı qol vəziyyətlərindən maksimum yararlanarıq. Allahın köməkliyi ilə turu keçərik.