Maksim Medvedyev: “Brügge” çox güclü rəqib deyil”

Maksim Medvedyev: “Brügge” çox güclü rəqib deyil”
ÖLKƏ FUTBOLU 20 İyul 2011 / 16:19 2805
-  A +

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedyevin Qol.Az saytına müsahibəsi

-  “Sreymur”la cavab oyununa artıq bir gün qalıb. Hazırlıqlarınız necə gedir?

- Hazırlıqlarımız yaxşı gedir. Hər şey qaydasındadır. Bilirik ki, bizi nə cür oyun gözləyir. Sabah yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Komandada əhval-ruhiyyə necədir?

- Əhval-ruhiyyə yüksək səviyyədədir. Deməzdim ki, hansısa problemlərimiz var. Hamı həvəslə məşq edir. Cavab oyununa ciddi hazırlaşırıq.

- Həm “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, həm də komandanızın əksər üzvləri mətbuata verdikləri açıqlamalarda “Streymur”dan ehtiyatlandıqlarını etiraf ediblər. Sən necə düşünürsən, bu kollektivdən çəkinməyə dəyər?

- Bir az qeyri-adi komandadır. Biz onları oyundan əvvəl təhlil edəndə, tam fərqli komanda təsiri bağışlayırdı. Ancaq ilk görüşdən sonra “Streymur” özü haqda bizdə tamam başqa təəssürat oyatdı. Əsasən də ikinci hissədə sərgilədikləri oyunla bizi təəccübləndirdilər. Açığı, belə intizamlı komanda olduğunu bilmirdik. İlk matçda bizə qarşı çox yaxşı oynadılar. İndi də biz bütün gücümüzü toplayıb, onların burada oynamağına imkan verməməliyik.

- “Qarabağ”ın kapitanı Rəşad Sadiqov “Streymur” haqqında danışarkən, bu komandanın aut atışlarının təhlükəli olduğunu xüsusilə vurğulamışdı. Bunu “Streymur”un üstün keyfiyyəti kimi qeyd etmək olar. Buna qarşı hansısa tədbir almısınız?

- Əlbəttə, bunun qarşısını almaq bütün bacarığımız ortaya qoyacağıq. Məşqlərdə də bunun üzərində işləyirik. Onlarla necə oynamaq lazım olduğunu artıq bilirik. Bunu meydançada da yerinə yetirməyə çalışacağıq.

- Yəqin ki, bu baxımdan müdafiəçilərin üzərinə daha çox iş düşəcək.

- Hə, doğrudan da rəqibin aut atışları zamanı müdafiəçilərin üzərinə çox iş düşəcək. Amma ən az hücumçularımız da eyni məsuliyyəti daşıyacaqlar. Rəqibi ön xəttdə yormalıdırlar ki, bizə də çox iş düşməsin.

- Hamı çox gözəl bilir ki, “Streymur” “Banqa” deyil. Belə olan halda deyə bilərikmi ki, “Qarabağ”ı cavab matçında tam fərqli oyun gözləyir?

- Bəli, tam fərqli oyun olacaq. Çünki doğrudan da “Streymur” “Banqa” ilə müqayisə oluna bilməz. Tam fərqli komandadır. Amma bizim üstün cəhətimiz odur ki, doğma meydanda oynayırıq. Farer adaları Azərbaycana kifayət qədər uzaq ölkədir. Uzun yol gəliblər. Bizim çəkdiyimiz çətinliyi onlar da görüblər. Nisbətən yorğun olacaqlar. Həm ora ilə buranın iqlimi də fərqlidir. Burada hava daha istidir. Bu da bizim üçün əlavə üstünlükdür. Oradakı səhvləri doğma meydanda təkrarlamayacagıq. Çünki bilirik ki, “Streymur” nəyə qadirdir.

- Dedin ki, səfərdə elədiyiniz səhvləri burada etməyəcəksiniz. Konkret olaraq, hansı səhvləri nəzərdə tutursan?

- Orada elə epizodlar oldu ki, bəzi yerlərdə boşluqlar buraxırdıq. Birəbir mübarizələrdə düzgün oynamırdıq. Sırf bunları nəzərə alıb, tamam fərqli oynamaq lazımdır ki, eyni səhvləri təkrarlamayaq. Rəqibə yaxın oynayanda özlərini ititrirlər. İstədikləri kimi hərəkət edə bilmirlər. Ona görə də “Streymur”a qarşı yaxın oynamaq lazımdır. Bütün mövqelərdə diqqətli olmalıyıq.

- Artıq potensial rəqibiniz məlumdur. “Brügge” barədə nə deyə bilərsən?

- “Brügge” barədə danışmaq tez olardı. Çünki “Streymur”u hələ keçməmişik. Biz özümüz də bilmirik ki, bu oyunun nəticəsi necə olacaq. İnşallah, “Streymur”u keçəndən sonra “Brügge” haqqında nəsə deyə bilərəm. Amma Belçika klubu barəsində düşünmürük. Ona görə də danışmaq istəmirəm.

- Yaxşı, ümumiyyətlə, püşkün nəticəsini “Qarabağ” üçün bəxtsizlik kimi qiymətləndirmək olar? Çünki hər hansı zəif rəqiblə də qarşılaşa bilərdiniz.

- “Brügge”ni hələ təhlil etməmişik. Ona görə də bilmirik ki, komanda nəyə qadirdir. Demək olmaz ki, çox da güclü rəqibdir. İnanıram ki, “Qarabağ” onlara qarşı da oynaya biləcək.

- Səncə, “Rusenborq” və “Visla” ilə oyunlardakı möcüzəni “Qarabağ” “Brügge” ilə dueldə də gerçəkləşdirə biləcək?

- Mənim fikrimcə, “Brügge”, “Rusenborq” və “Visla” təxminən eynisəviyyəli komandalardır. Bundan əvvəl “Rusenburq” və “Visla” ilə oynayıb, qalib gəldik. Məncə, “Brügge”ni də keçmək olar. Amma bunun üçün gərək əvvəlcə “Streymur” səddini keçək.

- Yəqin ki, dünən özün də oyunu izlədin. “Neftçi” “Dinamo” ilə cavab oyununda bərabərə qalaraq, avrokuboklarla vidalaşdı. Həmin qarşılaşma ilə bağlı sənin fikirlərini bilmək maraqlı olardı.

- Açığı, “Neftçi”dən çox şey gözləyirdim. Ancaq çətin rəqib düşdü. “Dinamo” adına görə Avropada tanınmış komandalardan biridir. Düzdür, oyunun taleyi demək olar ki, birinci oyunda həll olunmuşdu. Amma mən belə düşünürəm ki, ilk matç Bakıda olsaydı, nəticə fərqli də ola bilərdi. Səfərdə 3 top buraxandan sonra “Dinamo” kimi komandaya evdə o sayda qol vurmaq çətin məsələdir. Amma yenə də “Neftçi” Bakıda heç-heçə etməklə bir xal götürdü. Ölkəmizin reytinqinə də 0,125 xal qazandırdı. Məncə, ikinci oyundakı nəticə pis deyil.

- Sabah “Qarabağ”la yanaşı, Avroliqadakı digər təmsilçimiz “Xəzər Lənkəran”da meydana çıxacaq. Bu komandanın şanslarını necə qiymətləndirirsən?

- “Xəzər Lənkəran” barədə onu deyə bilərəm ki, şansları var. Lənkəranda 2:0 hesabı ilə qalib gəlsələr, mərhələni keçəcəklər. Çox istəyərdim ki, “Makkabi”ni keçsinlər. Çünki bu komandada səviyyəli futbolçular var.


 

Daha çox


Son xəbərlər