"Rəqib qələbəyə tam layiq deyildi" - Valdas Dambrauskas

"Rəqib qələbəyə tam layiq deyildi" - Valdas Dambrauskas
ÇEMPİONLAR LİQASI 6 Avqust 2026 / 00:41 367
-  A +

“Çətin oyun oldu. Buradakı möhtəşəm azarkeşlər səbəbindən atmosfer bizim üçün asan deyildi. 0:2 hesabı ilə geridə düşdük, sonra bir qol vurduq və məncə, heç-heçəyə layiq idik".

QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Danimarka "Orhus"una uduzmaqları (1:2) haqda danışarkən deyib.

Mütəxəssis məğlubiyyətə baxmayaraq, kollektivindən razı qaldığını söyləyib: "Komandam haqqında yalnız xoş sözlər deyə bilərəm. Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm, ona görə də nəticədən məyusam. Amma onlar iki möhtəşəm zərbə ilə iki qol vurdular. Belə hallarda yalnız rəqibi təbrik etmək qalır. Ümid edirəm ki, ev oyununda onlara belə imkanlar verməyəcəyik".

O, komandasının ləğv olunan qolu haqda da danışıb: "Biz qolumuzu vurduq və hücum etməyə davam etdik. Daha bir qolumuz qeydə alınmadı. Həmin epizodun təkrarını görmədim, amma VAR var və mən onun qərarına hörmətlə yanaşıram. Ofsayd qərarı verilibsə, bunu qəbul etməliyik. Bir top fərqi bizə cavab oyununda nəyə qadir olduğumuzu göstərmək üçün imkan yaradır. Həmişə olduğu kimi, sakit və özümüzə inamlı qalmalıyıq. Evə qayıdacağıq, cavab görüşünə hazırlaşacağıq və daha yaxşı oyun göstərməyə çalışacağıq”.

Litvalı mütəxəssis azarkeşlərə də müraciət edib: “Əziz ‘Sabah’ azarkeşləri, gəlin cavab oyununda Danimarkadakından da möhtəşəm atmosfer yaradaq. Sizin dəstəyiniz, ehtirasınız və inamınızla uğur qazana bilərik. Qolları komanda vurur, amma mən inanıram ki, siz bizə növbəti mərhələyə yüksəlmək üçün əlavə güc verəcəksiniz. Gəlin stadionu dolduraq və komandamıza güclü dəstək olaq. Azərbaycanda azarkeş mədəniyyəti Avropadakı, o cümlədən Danimarkadakı kimi yüksək səviyyədə ola bilər.”


Son xəbərlər
05.08.26  12:44

"Napoli"dən "Bayer"ə

topaz banner