Rəşad Məcid: “Qarabağ”ın səfərdən qələbə ilə qayıtmağa haqqı var”

Rəşad Məcid: “Qarabağ”ın səfərdən qələbə ilə qayıtmağa haqqı var”
ÖLKƏ FUTBOLU 30 İyun 2011 / 13:55 2290
-  A +

“Artıq iki ildir ki, “Qarabağ” ölkəmizi avrokuboklarda layiqincə təmsil edir. Bu komandanın qələbəsinin futbolumuzun və idmanımızın uğuru ilə yanaşı, siyasi bir alt mənası da var”.

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet»in baş redaktoru Rəşad Məcid deyib.

«Qarabağ»ın azarkeşi olan Rəşad Məcid Ağdam klubunun Avropadakı uğurunun Qarabağın Azərbaycana məxsus olması fikrini bir daha möhkəmləndirdiyini söyləyib: “Mən əvvəllər də bunu tez-tez demişəm, “Qarabağ”ın hər uğuru bizdən uzaqda olan insanların beynində, şüurunda Qarabağın Azərbaycana məxsus olması fikrini daha möhkəmlədir, təkrarlayır. Bu baxımdan mən arzu edirəm ki, “Qarabağ” bu il də uğurlar qazansın, Avroliqada qələbələri ardıcıl sıralasın. Dediyim kimi, bu, həm də bizim torpaqlarımızın işğalına, Azərbaycanın qədim yurdu Qarabağın bizə məxsus olmasına, insanların şüurlarına toxum səpən amillərdir”.

R.Məcid “Qarabağ”ın bugünkü oyunda qələbəsinə inandığını bildirib: “Qarabağ” dəfələrlə bizi sevindirib, bizə həyəcan yaşadıb. Azərbaycan futbolu tarixində bir neçə ilklərə imza atıb. Bu gün də mən inanıram ki, “Qarabağ” səfərdən qələbə ilə qayıtmağa tam hazırdır və tam haqqı çatır”.

“Qarabağ”ın oyununun yerli telekanallar vasitəsilə canlı yayımlanmamasına da münasibət bildirən Yazıçılar Birliyinin katibi bunları söyləyib: “Mən bunun səbəblərini, orada texniki baxımdan hansı problemlərin olduğunu bilmirəm. Amma hesab edirəm ki, Azərbaycanda futbolun indiki inkişafı onun pərəstişkarlarının paralel artması ilə irəliləməlidir. Yəni futbol elə bir oyundur ki, burada futbolçuların ruhu və azarkeş dəstəyi mühüm rol oynayır. Vaxtilə “Qarabağ” “Rusenborq”u məğlub edərkən də mən bu fikirləri səsləndirmişdim. Bu mənada komandalarımız hazırda hansı inkişaf mərhələləri keçirlərsə, azarkeşlərimizin də həmin mərhələni keçməsinə böyük ehtiyac var. Ona görə də futbolun təbliği, yerli klublarımızın keçirdiyi oyunların canlı yayımı, böyük azarkeş kütləsinin olması qələbəmizin təminatıdır. Onun bir hissəsidir. Məncə, yerli komandalarımız hansı xarici ölkədə səfər oyunu keçirirsə və bunun yayımlanmasına maddi məsələlər mane olursa, maddi vəsait tapılmalı və görüşlər canlı yayımlanmalıdır. Həmin həyəcanı, sevinci bütün azarkeşlər yaşamalıdırlar”.

AZAL haqqında da danışan  Rəşad Məcid komandanın qarşıdakı oyunu ilə bağlı bunları söyləyib: “Bu gün eləcə də AZAL Avroliqada mübarizəyə başlayır. Bu komandaya da uğurlar arzulayıram. Azərbaycanın hər sahədə nailiyyət qazanması birliyimizin möhkəmlənməsi, ölkəmizin tanıdılmasına xidmət edən addımdır. «Eurovision»da ölkəmiz birinci yeri tutduqdan sonra Avropada minlərlə, onminlərlə insanda Azərbaycan haqda təsəvvür yaratdı. Onun kimi bizim komandalarımızın qələbəsi də ölkəmizin tanıdılmasında mühüm rol oynayır. Bu, bir tərəfdən müstəqilliyimizin möhkəmlənməsinə, digər tərəfdən isə bir xalq kimi təsdiqimizə səbəb olan amillərdir. Hər iki təmsilçimizə uğurlar arzulayıram və inanıram ki, hər ikisi yaxşı nəticə göstərəcək”.


 

Daha çox


Son xəbərlər