Yasin Benzia "Qarabağ"dan ayrılırmı?

Yasin Benzia "Qarabağ"dan ayrılırmı?
ÖLKƏ FUTBOLU 17 May 2024 / 13:15 6335
-  A +

"Qarabağ"ın futbolçusu Yasin Benzia bu mövsüm həm klubu, həm də 5 il yarımdan sonra yenidən dəvət olunduğu Əlcəzair millisində uğurlu oyunu ilə diqqət çəkir. Bu səbəbdən o, Avropa klublarının da diqqət mərkəzinə düşüb. 29 yaşlı futbolçunun Ağdam təmsilçisi ilə 2025-ci ilin iyunun 30-dək müqaviləsi olsa da, onun komandadan ayrıla biləcəyinə dair xəbər yayılıb.

QOL.az-ın məlumatına görə, bu mənada Əlcəzairin "fenne football.com" saytında dərc olunan yazı diqqət çəkir. "Əlcəzair millisinin ulduzu Yasin Benzianın xəyalları qırıldı" başlıqlı yazıda qeyd edilir ki, yay transfer pəncərəsi dönəmində futbolçuya diqqət artacaq. 

"Azərbaycanda "Qarabağ"ın forması ilə keçirdiyi iki uğurlu mövsümdən sonra hücumameyilli yarımmüdafiəçi Avropada yeni çağırışa ümid edir. Lakin hazırkı klubu onun getməsinə qəti şəkildə qarşıdır. Bu isə hər iki tərəfi qarşı-qarşıya qoya bilər".

Yazıda iddia olunur ki, Yasin Benzianın "Qarabağ"da gələcəyi qeyri-müəyyən görünür: "Benzia əvvəllər də oynadığı Avropanın klublarından gələn çağırışları qəbul etməyə hazırdır. Lakin onun məşqçisi Qurban Qurbanov Benzianı klubun ən vacib elementi olduğunu düşünərək onu buraxmaqdan imtina edir".

Yazıda qeyd olunur ki, Benzia bu mövsüm "Qarabağ"ın uğurunun ən böyük memarlarından biridir. O, bütün turnirlərdə 16 qol vurub, 15 qolun isə ötürməsini verib. Klubun çempionluğun və Azərbaycan Kubokunun finalına yüksəlməsində onun əməyi həlledici olub.

“Qarabağ” isə öz növbəsində idman və maliyyə səbəblərinə görə futbolçusunu saxlamaq istəyir. Benzianın müqaviləsi 2025-ci ildə başa çatır. Azərbaycan klubu isə gələn il onun klubdan pulsuz ayrılmasına şahid olmaqdansa, transfer qazancı əldə etməklə onu bu yay satmaq istərdi.

Beləliklə, indi vəziyyət dalana dirənmiş kimi görünür. Benzia klubu tərk etmək istəyər, lakin "Qarabağ" onu saxlamaqda qərarlı görünür. Ona görə də qarşıdakı bir neçə həftə futbolçunun gələcəyini müəyyənləşdirməkdə həlledici ola bilər" - deyə Əlcəzair saytında bildirilib.

Daha çox


Son xəbərlər