AFFA-da seçkilər: futbolumuzda nə dəyişməlidir? - Mütəxəssislər danışır

AFFA-da seçkilər: futbolumuzda nə dəyişməlidir? - Mütəxəssislər danışır
ÖLKƏ FUTBOLU 29 Mart 2024 / 09:48 2112
-  A +

Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 2-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA-nın yeni prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək. Artıq AFFA prezidentliyinə namizəd (Rövşən Nəcəf) və İK üzvlüyünə namizədlər də açıqlanıb. 

Bəs AFFA-dakı dəyişilikdən sonra futbolumuzda nələrin dəyişəcəyini gözləmək olar? İlk öncə hansı addımlar atılmalıdır? 

QOL.az saytı mövzü ilə bağlı mütəxəssislərə müraciət edib. Milli komandamızın sabiq üzva Vidadi Rzayev əvvəlcə ölkə çempionatının inkişaf etdirmək lazım olduğunu qeyd edib: “İlk atılan addımlar çempionatın səviyyəsini yüksəltmək, komanda sayının artırılması olmalıdır. Yeni gələn rəhbərliyə bunları arzu edərdim. Bundan əvvəlki rəhbərlərin yaxşı işləri vardı, amma səhvləri də oldu. Mənə elə gəlir ki, komanda sayını artırsalar, yaxşı olar. Azərbaycan üçün 12, 14 komanda çox yaxşıdır. 

Dövlət tərəfindən futbolun inkişafına görə maddi dəstək verilmişdi. Bundan əvvəlki rəhbərlik səmərəli istifadə etmədi. Bilmirəm, indi o maliyyə qalır, yoxsa yox. Varsa, konkret atdımlar atılmalıdır. İdman prinsipi olmalıdır. Bir dəfəlik qayda tətbiq etməlidirlər. 1-ci liqanın qalibi  Premyer Liqaya gəlməli, Premyer Liqanın sonuncusu aşağı liqaya düşməlidir. Bütün dünyada bu belədir. İdman prinsiplərinə riayət olunmalıdır.  Elə etməliyik ki, bu sistem bizdə də olsun. Bu prinsip olanda çempionatda həyəcan da olur”. 

Vidadi Rzayev

V. Rzayev İK-ya namizədlər sırasında keçmiş futbolçuların az olmasının əsas problemlərdən biri olduğunu düşünür: “Dəyişiklikdən danışsaq, arzu edərdim ki, AFFA-da futbol adamları çox olsun. Bizim savadlı veteranlarımız, futbolçularımız var. Gürcüstan millisinin uğurunu hamı gördü. Amma diqqət yetirmək lazımdır ki, orda kimlər işləyir. Hamısı futbol adamlarıdır. Futbolun nə olduğunu onun içindən çıxanlar bilir. Bunu rəhbərliyə də demişdim.  Ən əsası da işdə düzgünlük və şəffaflıq olmalıdır. 

Gözləntilərdən danışsaq, onları elə də tanımıram ki, gözləntilərim olsun. Orada futbol adamı, deyəsən, təkcə Səməd Qurbanov və Qurban Qurbanovdur. Başqa heç bilmirəm digərləri kimlərdir. Bilmirəm, futbol adamlarıdır, ya yox. Futbolda işləyə bilərlər, amma futbolu dərindən bildiklərinə inanmıram. Ona görə deyirəm ki, orda futbolçular da təmsil olunmalıdır. Bundan əvvəlkilər otururdular, 3-4 nəfər futbol adamı var idi. Sonra da deyirlər ki, bizdən heç nə asılı deyil. Səndən heç nə asılı deyilsə, orda niyə oturmusan? Qərar qəbul edəndə niyə etiraz etmirsən? Nə qərar oldu, hamısı razılıq verir. Bəlkə, Azərbaycan futboluna xeyirli deyil bu? Ona görə deyirəm ki,futbol adamı olmalıdır. Tənqid olmayan yerdə inkişaf olmur. Təzələr də gəlib həmin cür işləsə, heç bir dəyişiklik olmayacaq”. 

O, Azərbaycan futboluna mane olan bəzi faktorlardan söz açıb: “Hamımız deyirik uşaq futboluna diqqət yetirməliyik. O vaxt biz “Şəfa”nı yaratmışdıq. Nə qədər oyunçu çıxdı, millidə oynadı. Çox futbolçu çıxdı oradan. “Şəfa” Premyer Liqada oynayırdı. Dediyim odur ki, nəsə bir sistem düzəltmək lazımdır. Gürcüstan millisində futbolçuların çoxu legioner həyatı yaşayırlar. Bizdə o çox azdır. Mən razıyam ki, futbolçu nə qədər çox alsa, o qədər yaxşıdır. Amma şişirdilmiş mükafatlar da olmamalıdır. Keçmiş rəhbərliyin belə mükafatlar verməsi bir tərəfdən yaxşıdırsa, o biri tərəfdən də futbolçuda arxayınlıq yaradır. Bizim mentalitet budur. Gələnlərə uğurlar arzulayıram. Əvvəlcədən çox şey demək olmur. Ümid edirik, yaxşı olar”.

Millimizin daha bir sabiq üzvü, futbol mütəxəssisi Yunis Hüseynov ilk öncə ölkə çempionatının rayonlara qaytarılmasının vacibliyini qeyd edib: “Nə dəyişəcəyini zaman göstərəcək. Fikrimcə, çempionatımızda komandaların sayı artmalıdır. Əsasən də bölgə komandaları çox olmalıdır. Düşünürəm ki, bu halda futbolumuz daha tez inkişaf edər, çempionat daha maraqlı keçər. Rayonlarda oynamaq komanda üçün fərqli təcrübə yaradır. Əsasən də azarkeşlərin sayəsində. Bu yaxınlarsa həqiqətən xoş oldu ki, Tovuzda “Qarabağ”la oyunda stadion tam dolmuşdu. Ona görə də düşünürəm ki, Premyer Liqanda üstünlüyü bölgələrə versələr, həm çempionatımız daha maraqlı olar, həm də futbolçularımız artar. İnanıram ki, belə bir şey olacaq”. 

Yunis Hüseynov

Y. Hüseynov uşaq futbolundan da söz açıb: “Əsasən uşaq futboluna diqqət yetirilməlidir. Gürcüstan millisi Avro-2024-ə vəsiqə qazandı. Bu da ondan irəli gəlir ki, orada futbolçularda gənc yaşlarından xaricə gedib oynamaq istəyi daha çox olur. Odur ki, oyunlarını yaxşılaşdırırlar ki, gedib TOP klublarda çıxış edə bilsinlər. Ona görə də görürük ki, Gürcüstan millisinin demək olar ki, 99 faizi legioner həyatı yaşayır, TOP klublarda oynayırlar. Onun da bəhrəsini gördülər. Mən də istərdim ki, uşaq futboluna lazımi qədər diqqət yetirilsin. Akademiyalar açılsın. Akademiyada düzgün işlər getməlidir ki, yaxşı futbolçular yetişsin. “Qəbələ”nin, “Xəzər Lənkəran”ın, “Bakı”nın akademiyalarında düzgün işlər gedirdi. Həmin akademiyaların yetirmələri hazırda Premyer Liqanın çox klubunda oynayırlar. Ona görə də akademiyaya ciddi diqqət yetirmək lazımdır. O demək deyil ki, akademiya açdım, adını qoydum və hər şey yaxşı olacaq. Həddindən artıq ciddi olmaq lazımdır. Akademiyalarda işləmək, futbolçuları yetişdirmək lazımdır. Bu cür şeylər olsa, gələcəkdə milli komandamıza da xeyiri dəyəcək”.

Cavad Musayev

Daha çox


Son xəbərlər