AFFA "kofe breyk" klubundan futbol qurumuna çevrilməlidir!

AFFA "kofe breyk" klubundan futbol qurumuna çevrilməlidir!
ÖLKƏ FUTBOLU 19 Mart 2024 / 13:23 2702
-  A +

Aprelin 2-də AFFA-ya prezident seçkisi keçiriləcək. Hələlik ictimaiyyət üçün yüz faiz bilinən fakt odur ki, indiki rəhbər Rövnəq Abdullayev namizəd olmayacağını açıqlayıb. Bəs onu kim əvəzləyəcək? Bir neçə şəxsin adı hallansa da, bu gün üçün SOCAR-ın prezidenti Rövşən Nəcəfin AFFA-nın yeni prezidenti olacağına dair fikirlər daha çox səslənir. 

Lakin federasiyanın prezidentinin dəyişməsi ilə iş bitmir. Futbol elə bir geniş və çətin sahədir ki, orada inkişaf, problemlərdən çıxış yolları mütləq kollektiv müzakirə - sırf bu sahənin savadlı, həqiqi mütəxəssislərinin fikirləri nəticəsində həllini tapa bilər. Bunun üçün AFFA-nın İcraiyyə Komitəsinin (İK) yeni tərkibi qurumun prezidenti vəzifəsindən daha çox strateji əhəmiyyət daşıyır. 

Təəssüf ki, 2008-ci ildən üzü bu yana AFFA yalnız qurumun rəhbərliyindəki 2-3 şəxsin diktəsi ilə idarə olunub. İK isə futbolumuzun taleyinə qərar verməli olan struktur deyil, sadəcə futbola birbaşa aidiyyəti olmayan bəzi azarkeş məmurların və yalnız görüntü naminə ora cəlb olunan veteran futbol adamlarının kofe breyk "klubu"na çevrilib. 

Təsəvvür edin, İK-nin hazırkı 13 üzvündən cəmi 3 nəfər - Kazbek Tuayev, İsgəndər Cavadov və Vaqif Sadıqov sırf futbol sahəsindən çıxmış şəxslərdir. Etiraf edək ki, Vaqif Sadıqov istisna olmaqla, digər ikisinin fəaliyyəti ümumiyyətlə, nəzərə çarpmayıb. O biriləri isə müxtəlif federasiyaların təmsilçiləri adı altında İK-də əyləşiblər və onlar da faktiki fəaliyyətsiz olublar. Fərid Mansurov Azərbaycan idmanının fəxridir, amma olimpiya çempionu olsa belə, bir güləş adamı hansı məntiqlə AFFA İK-nin strukturunda olmalıdır? Bu ki güləş yox, futbol federasiyasıdır... 

Yaxud diplomat Elmar Məmmədyarovun sırf AFFA rəhbərliyindəki şəxslərin kefi istəyib deyə futbola pərçim edilməsinə nə ad vermək olar? 

Və sair...

İK-nin bəzi vacib toplantılarının cəmi 40-45 dəqiqə çəkməsi isə tragikomik bir mənzərə idi. Necə ola bilər ki, komitənin 13 üzvü olsun, amma onların hərəsi bir mühüm qərarla bağlı fikirlərini bildirmək, əsaslandırmaq, çıxış yolu göstərmək üçün azı 15-20 dəqiqə vaxt sərf etməsin? 

Fuad Musayevin AFFA prezidentliyi dövründə İK-nin iclaslarının 4-5 saat çəkdiyi vaxtlar olurdu...

Məlum məsələdir ki, sonrakı rəhbərlikdə Elxan Məmmədovun patronajlığı ilə qərarlar əvvəlcədən hazır olurdu, İK üzvlərinə isə qərar önündə sadəcə təzim etmək qalırdı. Bütün bunların futbolumuz üçün hansı ağır nəticələrə səbəb olduğunu təkrarlamağa isə güman edirəm ki, ehtiyac yoxdur.

Aprelin 2-də AFFA-nın İcraiyyə Komitəsinə yeni üzvlər də seçilməlidir. Sona qədər ümid etmək istərdik ki, yeni rəhbərlik özü ilə bərabər İK-yə futbolumuza təzə nəfəs biləcək, azı 5 il futbol təcrübəsi olan insanlara yer verəcək.

Futbolla yatıb-qalxan yetərincə təcrübələri, savadlı milli kadrlarımız var. Yadıma düşmüşkən bəzilərinin adını qeyd edim. Hərəsi 5 də deyil, azı 15 illik futbol təcrübəsinə malikdirlər. Onlar futbol idarəçiliyini, daxili liqaları, futbolu düzəltməyin yollarını, uşaq futbolunu əllərinin içi kimi bilən, futbolla yatıb-duran, ona vaxt sərf edən (indikilərdən fərqli olaraq) insanlardır:

Məşqçilərdən: Qurban Qurbanov, Rəşad Sadıqov, Ayxan Abbasov, Aftandil Hacıyev.

Futbol idarəçilərindən: Fariz Nəcəfov, Asif Əsgərov, Tahir Süleymanov, Aslan Şahgəldiyev, Səbuhi Səfiyarlı

Uşaq futbolundan Nail Kərimov...

Əminəm ki, bir çox başqa adları da istəmədən unutmuşam.

Amma ən azı bu adların bir neçəsinin belə İK-də olması futbolumuzun mümkün işıqlı gələcəyi yolunda ilk addım ola bilər...

Aydın Bağırov

Daha çox


Son xəbərlər