"Sanki çempionatda heç fasilə deyil" - Rəşad Sadıqov

"Sanki çempionatda heç fasilə deyil" - Rəşad Sadıqov
MÜSAHİBƏ 10 Yanvar 2024 / 18:07 3686
-  A +

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Araz-Naxçıvan”la  yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az saytının əməkdaşını da iştirak etdiyi brifinqdə mütəxəssis ilk olaraq 2:1 hesablı qələbə qazandıqları görüş barədə fikirlərini açıqlayıb:

- Qış fasiləsindən sonra ilk oyunumuz idi. Buna baxmayaraq, yaxşı, sürətli, keyfiyyətli qarşılaşmaya şahid olduq. Bu yoldaşlıq matçı bir daha göstərdi ki, bizi çempionatın ikinci yarısında maraqlı, gərgin mübarizə gözləyir. Hər iki komanda bu gün çox istəkli idi. Futbolçular qələbə qazanmaq üçün hər şey edirdilər. Sanki çempionatda heç fasilə deyil. Oyunçuların motivasiyası çox yüksək idi. Bu, bir tərəfdən bizi sevindirir. Digər tərəfdən də mövsümün ikinci yarısının nə qədər gərgin olacağını göstərir. 

- Komandanızın bu günə olan hazırlıq səviyyəsi sizi nə dərəcədə qane edir?

- Çox qısa dövr hazırlıq keçmişik. Bu matçdan sonra 4 gün hazırlıq keçdikdən sonra ayın 15-də “Qarabağ”la yoxlama oyunumuz var. Ondan sonra artıq çempionatın rəsmi matçına hazırlaşacağıq. Yəni hazırlıq üçün çox vaxtımız yoxdur. Vaxt az olsa da, çalışırıq ondan səmərəli istifadə edək. 

- “Zirə”dən fərqli olaraq medallar uğrunda mübarizədə əsas rəqiblərinizin demək olar ki, əksəriyyəti hazırda Antalyada hazırlıq keçir. Bu məqam çempionatda ziyanınıza işləməyəcək?

- Biz vaxtın qısa olduğunu nəzərə alıb təlim-məşq toplanışını Bakıda keçmək qərarına gəldik. Əvvəldən yalnız “Qarabağ”la yoxlama matçı nəzərdə tutulmuşdu. Sonradan məlum oldu ki, “Araz-Naxçıvan”la üz-üzə gəlmək şansımız da var və bu, çox yaxşı oldu. Düşünürəm ki, Antalyaya yollanmamağımızın bir zərəri olmayacaq. Amma ən dəqiqini gələcək göstərəcək. 

- Komandanızın yeni transferi Rafael Utsiqin durumu necədir?

- Hələ ki fərdi məşq edir. Son rəsmi oyununu noyabrın 11-də keçib. Demək olar ki, iki aydır kollektiv məşqlərdən kənardır. Ona görə də formasını bərpa etməsi bir qədər zaman ala bilər. İstərdik ki, qısa müddətdə formasını bərpa edib komandaya fayda versin. 

- Rafael Utsiq və Ceyhun Nuriyevin gəlişindən sonra hücum xəttində canlanma olacaq?

- Əsas hədəfimiz hücum xəttini gücləndirməkdir. Danışıqlar davam edir. Daha bir futbolçunun transfer olunmasını istərdim. Lakin indidən alınıb-alınmayacağını deyə bilmərəm. 

- “Neftçi”nin hücumçusu İqor Boqomolskinin “Zirə”yə gəlmək şansı hələ də qalıb?

- Yayda da istəyimizi bildirmişdik. İndi də Boqomolski bizim üçün maraqlıdır. Hələ ki “Neftçi” onu hansısa kluba vermək barədə düşünmür. 

- Vladislav Kulaçın komandadan gedəcəyi barədə yayılan xəbər nə dərəcədə doğrudur?

- Bizim kimi komandalarda hər an hansısa futbolçuya təklif olsa, bu, müzakirə edilə bilər. Bu gün biz “Qarabağ” səviyyəsində deyilik ki, sərfəli təklif gəldikdə futbolçumuzu heyətimizdə saxlayaq. Bizdə hər an hər şey baş verə bilər. Məlum olan odur ki, Lukoviç gedib. Bu heyətlə hazırlıqlarımız davam edir. Sabah nə olacağıını isə indidən demək çətindir. 

- Rəhim Sadıxovun gedişi nə dərəcədə realdır?

- Rəhimlə bağlı xəbərləri mən də oxudum. Təklif olsa, dəyərləndirə bilərik. Rəhim də daxil olmaqla bir neçə futbolçumuza ölkə xaricindən maraq göstərilib. Bəlkə də söhbətlər ordan yaranır. Lakin konkret heç nə yoxdur. 

- Pərviz Azadov bu gün özünü yaxşı tərəfdən göstərdi. Mövsümün ikinci yarısında ona daha çox şans verməyi düşünürsünüz?

- İstedadı ilə bağlı müzakirə getmir, bu, məlumdur. Yetər ki zədələnməsin. Bu halda oynamaq şansı mütləq olacaq. Son 1-2 ayda şükür ki, zədələnməyib, stabil məşq edir. 

- Filipe Paxtman zədəsini bərpa edib?

- Hələlik fərdi məşq edir. Yəqin ki komandaya qoşulmağı 2-3 həftə çəkəcək. 

- Qış fasiləsinə yaxın qeyd etmişdiniz ki, "Filipe Paxtman inandığım, amma bəxtsiz futbolçudur". Onunla söhbətimiz olacaq. Paxtmanı komandada saxlayacaqsınız?

- Ən azı yaya qədər bizimlə birlikdə olacağıq. Nə qədər zədələnsə də, meydanda az olsa da, komanda üçün nəticələr əldə edib. “Turan Tovuz”la matçda da vacib qola imza atdı. Amma yenə də zədələndi. Düzdür, tam hazır deyildi. Mən o oyunda bir az risk etdim. Ona görə də həmin an qərar qəbul etdim ki, ən azı yaya qədər birlikdə olacağıq. 

- Bu gün həm də ehtiyat qapıçı Anar Nəzirova şans verdiniz. Qışdan sonra onu rəsmi matçlarda da meydanda görməyimiz mümkündür?

- Bəli, mümkündür. Anar bizim təcrübəli futbolçularımızdandır, kapitanlardandır. O da hər an meydana çıxa bilər.  

- Qış fasiləsi formada olan komandaların ziyanınadır, yoxsa xeyrinə?

- “Qarabağ”dan başqa “Zirə” də daxil olmaqla digərləri haqda 100 faiz formadadır deyə bilmərik. Çünki 9 klubun hamısı mövsümün  müəyyən vaxtlarında enişdə olub, müəyyən vaxtlarda yüksəlişdə. İstər oyun, istərsə də nəticə baxımından. Ona görə də dəqiq deyə bilmərik ki, biz formadaydıq, fasilə ziyanımıza işləyəcək. Düzdür, fasiləyə ikinci yerdə yollandıq. Amma son turlar qələbə qazana, hətta qol da vura bilmədik. Bununla belə, “Turan Tovuz”la matçda vacib qələbə qazanmaqla kubokda 1/4 finala yüksəldik. Odur ki, bu suala dəqiq cavab vermək olmur. Çalışırıq ki, fasilədən maksimum faydalanaq. 

- Yayda Ruan Renatonun gəlişindən sonra digər “Qəbələ”li Rafael Utsiqin də “Zirə”yə keçəcəyi deyilirdi. Braziyalı forvardla həqiqətən də həmin vaxt maraqlanırdınız?

- Onun klubla müqaviləsi bitmişdi. Bilirdik ki, sözləşməsini uzatmır. Bəli, həmin vaxt da bu futbolçuya marağımız var idi. Amma indi daha israrlıydıq. 

- “Araz-Naxçıvan”ın baş məşqçisi Rəhim Sadıxovla maraqlandıqlarını bildirdi...

- Bu, normaldır. Mən də istərəm “Araz-Naxçıvan”dan 3-4 futbolçunu komandamda görüm. Gənc məşqçilər arasında bu barədə müzakirələr gedir. Rəhimin də digər klubların maraq dairəsində olması normaldır. Yaxşı futbolçudur. Ciddi, konkret təklif olsa, düşünüb qərar verəcəyik. 

- Belə başa düşmək olar ki, “Zirə” bu tip transferlərdən gəlir əldə etmək istəyir.

- Bəli. Ona görə dedim ki, real təklif olsa, dəyərləndirəcəyik.

Daha çox


Son xəbərlər