Foqtsu başa düşdük, bəs, sizə nə olub, cənab Məmmədov?

Foqtsu başa düşdük, bəs, sizə nə olub, cənab Məmmədov?
MÜSAHİBƏ 22 Fevral 2011 / 15:00 3672
-  A +

Martın 29-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Belçika ilə qarşılaşacaq Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts futbolçularını növbətə dəfə təlim-məşq toplanışına yığır. Bu məqsədlə, artıq xəbər verdiyimiz kimi, millimiz martın 19-dan 30-na kimi xarici ölkələrdən birində hazırlıq prosesində olacaq.

Bu o deməkdir ki, çempionatda final mərhələsinin getdiyi qızğın bir vaxtda klublar aparıcı futbolçularının xidmətlərindən yararlana bilməyəcəklər.

Doğrudur, bu təlim-məşq toplanışının keçirilməsini haqlı sayanlar da ola bilər.  Axı, yuxarıda qeyd etdiyimiz kimi, millimiz martın 29-da növbəti rəsmi oyununu keçirir. Bu mənada, oyundan əvvəl A millinin futbolçularının bir araya yığışmasında qeyri-adi nəsə axtarmaq ancaq futboldan naşı adamların düşüncəsi ola bilər.

Bizim diqqəti cəlb etmək istədiyimiz əsas məqam hazırlıq prosesinin vaxtının çox uzun çəkməsi və doğru seçilməməsidir. Hazırlıq prosesinin keçiriləcəyi vaxta bir də fikir verin, martın 19-dan 30-dək…

Bu təqvimi təkcə Foqtsmu tərtib edib deyə bilmərik, amma kim edibsə, nə futbolçuya, nə azarkeşə, nə də, ən başlıcası bu ölkənin dəyərlərinə hörmət qoyub.

Martın 20-21-i Azərbaycan vətəndaşı ölkənin əmək qanunvericiliyinin onlara verdiyi hüquqdan istifadə edərək Novruz bayramını öz evində, öz ailəsinin başında qeyd etməlidir. Amma həmin bu iki gündə Azərbaycan futbolçusunun hüququnu əlindən alırlar, onları ailəsindən ayırmaq zorunda buraxırlar.

Foqtsu başa düşürük. Adam Novruz bayramı nədir dərk edə bilməz, bizim dəyərlərimiz nədir, onu da anlamaz. Bu bayramdan xəbəri varmı, yoxmu, bu, qətiyyən maraqlı deyil. Foqts almandır, yəni bizim üçün əcnəbidir. Amma cənab Elxan Məmmədov, AFFA-nın dəyərli baş katibi, siz buna niyə göz yumursunuz?.. Axı, siz, bildiyimiz və eşitdiyimiz qədər dəyərlərimizə rəğbət bəsləyən bir insansınız, bu ölkənin istedadlı gənclərindən biri, hətta çəkinmədən deyərdik ki, idarəetmə sistemini mükəmməl bilən, ziyalı ailəsində böyümüş və əsil tərbiyə görmüş, insana, onun hüquqlarına hörmət qoymağı bacaran bir şəxssiniz. Elə isə Foqtsun azərbaycanlı futbolçunun hüququnu pozmasına, bu bayram günlərində doğmalarından uzaq düşməsinə niyə imkan verirsiniz?

Təlim-məşq toplanışını martın 19-da yox, martın 22-də, bayramdan bir gün sonra başlamaqla millidə inqilabi bir dəyişiklikmi olacaq?

Əgər buna həqiqətən də inanırsınızsa və bu inamınız həqiqətən də gerçəkləşəcəksə, onda sizli-bizli AFFA-nın və PFL-in prezidentindən xahiş edək ki, lap bir aylığına da olsa çempionatın oyunlarını təxirə salsın, günü bu gün də Foqts təlim-məşq toplanışına başlasın. Amma təki gedib səfərdə Belçikanı da udaq, ondan sonrakı rəqiblərimizi də…

Təkrar olsa da, eyni sualımızı bir də veririk, siz bugünkü gerçəklikdə buna inanırsınız?

İnsafən, Azərbaycan futbolunun inkişafı üçün az iş görmürsünüz, işinizi ürəkdən sevən bir insansınız, tükənməz enerjinizi lazımsız işlərə deyil, yaxşı perspektiv vəd edən layihələrə sərf edirsiniz. Nə vaxtsa Azərbaycan futbolunun bundan udacağına qətiyyən şübhə etmirik. Və gün gələcək, bu gün sizi haqlı tənqid edən, sizə irad bildirən insanlardan «təşəkkür» kəlməsini də eşidəcəksiniz. Buna əmin olun.

Amma indi, lütfən, gəlin, milli komandaya sevginizin və diqqətinizin az bir hissəsini klublara da göstərin, futbolçunu isə robot deyil, adam yerinə qoyun.

Azərbaycan futbolçusu Berti Foqts və onun Avropa çempionu etdiyi Almaniya komandasının üzvləri kimi futbol məktəbi keçməyib. Azərbaycan futbolçusu fiziki cəhətdən hələlik 3-4 cəbhədə mübarizə aparmağı hazır deyil.

Çox uzağa getməyək, «Qarabağ»ın futbolçularının bir müddət əvvəl göstərdiyi uğursuz nəticələr buna bariz nümunədir. Həm çempionat, həm kubok, həm Avroliqa yarışları, həm millinin oyunları, həm də Foqtsun təlim-məşq toplanışları… Nə az, nə çox, düz beş cəbhədə iştirak etmək Azərbaycanın adını Avropada hamıdan, o cümlədən milli komandadan, təkrar edirik, milli komandadan və Foqtsdan da çox uca etmiş «Qarabağ» üçün ciddi problem yaratmışdı.

Qurban Qurbanov komandanı nə zülümlə toparlamağı bacardı, bundan xəbəriniz oldumu?

Əgər bu və başqa şeyləri bilmirsinizsə, mətbuatda yazılanları, pərdəarxasında səslənən fikirləri diqqətinizə çatdıra bilərik. Berti Foqtsun yeri gəldi-gəlmədi təlim-məşq toplanışı keçirməsi klubların və onların baş məşqçilərini artıq təngə gətirib. Çoxları açıq şəkildə danışmaq istəmir. «Təlim-məşq toplanışlarının əleyhinə olsaq, Rövnəq Abdullayevə qarşı çıxırlar deyəcəklər» kimi iddia irəli sürürlər.

Bu, bilirsinizmi nə deməkdir? Qorxu, xof…

Heç bir milli futbolçu Foqtsun hegemonluğu, haqsızlığı haqda danışmaq istəmir. Çünki əsas komandaya dəvət almayacağından çəkinir.

Məşqçilər də həmçinin.

Təsdiq edə bilmərik, amma deyilənə görə, Foqts məhz sizə arxalanaraq, sizi özünün əsas himayədarı bilərək heç bir məşqçi və klubla hesablaşmır.

İstəməsək də, buna inanmaq məcburiyyətindəyik. Çünki indiyədək məhz təlim-məşq toplanışı ilə bağlı məsələlərdə klubların haqlı olduğuna dair bir fikrinizə belə rast gəlməmişik.

Bu qədər uzun sürən yersiz təlim-məşq toplanışlarının məqsədi nədir? İnkişafa nail olmaqmı?

Dediyimiz kimi, Foqts üç ildir millidə baş məşqçi işləyir. Amma artıq çeynənmiş suala biz də vermək məcburiyyətindəyik: komandamız hansı irəliləyişə nail olub?

Ötən seçmə mərhələdə yalnız Lixtenşteyn kimi futbola aidiyyatı olmayan ölkəni qabaqlayıb beşinci yeri tutduq.

İndi «Avro-2012»nin qrupunda da həmin yerdəyik. Yəni yerimizdə qalmışıq, nə dala gedirik, nə də qabağa.

Budurmu inkişaf?

Təkcə biz yox, ölkənin az qala bütün futbol mütəxəssisləri, klub rəhbərləri uzunmüddətli təlim-məşq toplanışlarının milliyə fayda vermədiyini, klublara və futbolçulara ziyan vurduğunu söyləyirlər. Çoxluq, yəni yüzlərlə, minlərlə, onminlərlə, yüzminlərlə insan bunu deyir. Amma nədənsə, cəmi iki nəfər, Berti Foqts və Elxan Məmmədov bununla razılaşmır. Hər şey yaxşıya doğrudur deyib iddialarından çəkinmir.

«Qurban Qurbanov səhvdir, Ağasəlim Mircavadov qərəzlidir, Vaqif Sadıqov obyektiv deyil, Şahin Diniyev paxıllıq edir…»

Siyahını uzadıb istənilən mütəxəssinin adını çəksək, qarşısına bir əmma qoyacaqlar.

Adlarını çəkdiyimiz məşqçilər işlədikləri komandalara küçədən gəlməyiblər, məktəb keçiblər və pis-yaxşı Azərbaycan futboluna nəsə veriblər. Bəs, Foqts nə verib?

Bilmirsinizsə deyək, təlim-məşq toplanışı adı ilə Avropaya, Dubaya təmtəraqlı səfərləri, lüks otellərdəki istirahəti…

Azarkeşin bundan və millinin uğursuzluqlarından başqa ağlına gələn başqa bir şey yoxdur.
 
Millinin bu səfərləri üçün Azərbaycan dövlətinin və millətinin milyonlarla pulu gedib. Bu pullar yeyilib, mənimsənilib demirik, iddia etmirik, xərclənib deyirik, bəs hanı nəticə?

Bilirsinizsə, siz deyin…

Bəli, Foqts millini yenə təlim-məşq toplanışına aparır. Deməli, Azərbaycan futbolçusu budəfəki Novruzu, yəni yeni günü vətəndən uzaqlarda, Almaniyada qarşılamalı olacaq.

Novruzun atributlarından biri də yumurtadır. Bərkliyini, boşluğunu dişinə vurub yoxlayırsan.

Amma nəticələrdən də görünür ki, artıq üç ildir Foqtsun «yumurtaları», yəni eksperimentləri lax çıxır.

Deyirlər, şər deməsən, xeyir gəlməz.

Allah bizi səmənimizin (bu anlamda yaşıl meydançımızın) göyərmədən saralmasından saxlasın.

ELNUR

 

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır