Qurban Qurbanov: “Bu oyun bizi aldatmamalıdır"

Qurban Qurbanov: “Bu oyun bizi aldatmamalıdır"
AVROKUBOKLAR 21 Sentyabr 2023 / 23:49 5386
-  A +

"İlk olaraq xalqımızı təbrik etmək istəyirəm. Həm bu, həm də dünənki qələbəmiz münasibəti ilə. 30 ildən çox davam edən gərginliyə baxmayaraq, əvvəlcə 44 günlük müharibədə zəfər qazandıq, dünən isə bir daha zəfərimizi hiss etdik. Daha rahat, yuvasına köçmüş xalqımız var. Azərbaycan xalqını təbrik edirəm. Ordumuza təşəkkür edirəm. Cənab Prezidentimizi təbrik edirəm. Böyük zəfər oldu”.

Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Molde”ni 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.

Təcrübəli mütəxəssis qələbəni belə şərh edib: “Bu gün qalib gəlməyi çox istəyirdik. Dünən oyundan narahat idim. Çünki oyunçular çox istəkli idilər. Bu cür oyun intizamına görə onlara təşəkkür edirəm. Vacib qələbə qazandıq. Yaxşı, maraqlı oyun oldu. Sona kimi temp düşmədi. Möhtəşəm azarkeşlərimiz bizdən qələbə gözləyirdilər”.

Q.Qurbanov rəqib baş məşqçinin son günlər baş verən siyasi proseslərdən xəbərdar olması və Azərbaycan xalqına uğurlar arzulamasına belə münasibət bildirib: “Son vaxtlar belə fikirlər bizə çox bildirilib. Həmişə səfər görüşlərində, xüsusən rəhbərliklərin görüşündə bu cür fikirlər eşidirik. Azərbaycanlı olaraq bu sözləri eşitmək sevindiricidir. Rəqib baş məşqçinin fikirlərinə görə çox sevindim”.

O, rəqibin oyun sistemini analiz etdiklərini bildirib. Lakin Q.Qurbanov bunu da qeyd edib ki, bir qələbəyə görə arxayınlaşmaq olmaz: “Bu oyun bizi aldatmalı deyil. Bəli, rəqibi analiz etmişdik, lakin vacib olan icraçılar idi. Elə olub ki, rəqibin oyununu futbolçulara tam çatdırmışıq, lakin onlar bəzi məqamlarda tapşırıqları yerinə yetirə bilməyiblər. Bu gün çox yüksək intizamlı oyun oynadıq. Bir daha əminəm ki, ölkəmizin dünənki zəfərinin futbolçulara faydası, köməyi oldu. Daha sərbəst və sevincli idilər. Hətta bu gün oyundan əvvəlki toplantıda, legionerlərə dedim ki, onsuz da indiyə qədər narahat deyildiniz, bu gün tam əminliklə rahat ölkədəsiniz, müharibə olmayacaq bir ölkədəsiniz. Bu da legionerlərə əlavə motivasiya verdi”.

Qurbanov futbolçuların bəzi şansları əldən verməsinə də toxunub: “Biz istəmərik ki, futbolçularımız mənasız hərəkət etsinlər. Çalışarıq ki, daha ciddi və mənalı olsunlar. Elə oyun idi ki, burada top bəzən dediyinə qulaq asmır. Əsas odur ki, hücumları düşünərək etmişdik”.

“Qarabağ”ın çalışdırıcısı yeni qapıçıları Andrey Lunyovun avrokuboklarda "Qarabağ"dakı debütunu normal qiymətləndirib: “Təcrübəli qapıçıdır. Belə oyunlarda, belə atmosferdə çox oynayıb. Təcrübəsi belə matçlarda bizə kömək edə bilər. Bir az narahatçılığım var idi. Çünki Azərbaycan çempionatında cəmi 1 matç forma geymişdi. Luka Quqeşaşvili də yaxşı formadadır. Yekunda Lunyova şans verdik. O da öz təcrübəsindən yaxşı faydalana bildi”.

“Bugünkü qələbəni dünən siyasi müstəvidə qazanılan qələbənin davamı hesab etmək olar?” sualını Qurban Qurbanov belə cavablandırıb: “O zəfər elə zəfərdir ki, bizim etdiklərimiz onların yanında cüzi uğurdur. Hətta bizim nə qədər şəhidlərimiz, yaralılarımız var. Amma biz məsuliyyəti dərk edərək addım atırıq. Heç vaxt əldə etdiyimiz uğurları böyütmək istəməmişəm. Buna görə də, onun davamıdır deməyə utanaram. Elə zəfərdir ki, sonradan heç nə əvəz edə bilməz. Sanki o qalibiyyət bizə böyük motivasiya verdi. İnanın ki, dünən çox sevincli idim və çox da narahat idim. Futbolçulara bildirmirdim. Göz önümə məğlubiyyəti gətirirdim. İnanın ki, o zəfərdən sonra buradakı məğlubiyyət... Bəli, bu, sadəcə idmandır. Amma yenə də, ad bizim üzərimizdədirsə, biz maksimum çalışacağıq ki, qarşıdakı matçlarda da uğurlar əldə edək”.

O, Redon Cicanın heyətdə olmamasına da aydınlıq gətirib: “Son məşqdə zədələndi. Ayağında problem oldu. Bu gün Cicaya ehtiyac var idi. Çünki sürətli artırmaq lazım idi”.

Maksim Medvedevin təcrübəsindən istifadə etdiyini bildirən mütəxəssis Tahir Gözəlin “hesab 3:0 olmalı idi” fikrinə də toxunub: “Qol epizodlarımız çox oldu. Məndə fikir yoxdur ki, 3:0, 4:0 olmalı idi. Doğrudur, hər vurulmuş və buraxılmış qolun sonda təsiri ola bilər. Amma vacib olan, düşüncəmiz neçə qol vurmaq yox, qələbə qazanmaq idi”.

Q.Qurbanov hazırda zədəli olan Marko Veşoviçdən də söz açıb: “Komandaya hələ qoşulmayıb. Fərdi qaydada məşq edir. Bəlkə də, 20 gün, ya da bir aya qayıdar”.

“Karyeranız ərzinizdə bitirici zərbərlərlə diqqət çəkmisiz. Bugünkü epizodlardan neçəsini qola çevirərdiniz?” sualına Qurban Qurbanovun cavabı belə olub: “Mən heç gedib ora çıxa bilməzdim. Təsəvvür edin ki, bu qədər ajiotaj var idi, qələbə gözlənilirdi. Bəzi oyunlar var ki, kənardan fərqli görürük, düşünürük, futbolçuların məsuliyyətini hiss edə bilmirik. Bəzən həyəcan, bəzən çox istək sənə mane olur. Qarşıda imkanımız var ki, ustalıqlarımızı daha da yaxşılaşdıraq”.

Sonda o, Marko Yankoviçlə nə danışmasını da açıqlayıb: “Bir az hirslənmişdi, sakitləşdirdim. Öz-özünə hirslənmişdi. Aqressivdir. Özü də bilmədi ki, nəyə əsəbiləşmişdi”.

Daha çox


Son xəbərlər