Futbol mütəxəssisi Yunis Hüseynovun Qol.az saytına müsahibəsi
- Avrokuboklara hazırlaşan “Qarabağ”, "Qəbələ", “Sabah” və “Neftçi"ninq qatılacaqları həmin turnirlərdə potensialını necə görürsünüz?
- Biz həmişə klublarımızdan yaxşı nəticələr gözləsək də, reallığa da baxmaq lazımdır. “Qarabağ” neçə illərdir qrupda oynayır. Bu il də onlardan bunu gözləyirik. Amma bu, hansı turnirdə olacaq, bilmirik. “Qarabağ”da Çempionlar Liqasının qrupunda oynamaq potensialı var. Transferlər ediblər. Düzdür, onları tanımırıq, amma bilirsiniz ki, “Qarabağ” həmişə yüz ölçüb, bir biçir. Yəni komandaya uyğun olmayan transfer etmirlər. “Qarabağ”ın “Ferentsvaroş”la yoxlama oyununun videosunu izlədim. Komanda yaxşı təsir bağışlayır. “Legiya” ilə görüşdə isə əvəzetmələr çox oldu. Əsas odur ki, hazırlıq yaxşı getsin. Məncə, “Qarabağ” ÇL-də ilk mərhələni çətinlik çəkmədən keçəcək. “Linkoln”la (Cəbəllütariq) elə ilk oyunda mərhələnin taleyini həll edə bilərlər.
“Sabah”ın baş məşqçisi Murad Musayev özünəinamlı danışıb. Deyir ki, biz güclüyük. Bu, çox yaxşı haldır, futbolçulara motivasiyadır. Baş məşqçinin komandasının gücünə inanması müsbət məqamdır. “Sabah”ın da ilk mərhələni (“Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi – R.A) rahatlıqla keçəcəyini düşünürəm.
“Qəbələ” çempionat ərzində yaxşı oyunlar göstərdi. Amma aparıcı futbolçuları komandanı tərk ediblər. Digər klublarımızla müqayisədə “Qəbələ”nin rəqibi bir az çətindir. Amma məncə, “Qəbələ” Kipr təmsilçisi “Omoniya”nı keçə bilər. Faiz nisbətilə desək, “Qəbələ”nin mərhələ keçmək şansını 40 faiz görürəm. Çünki əsas oyunçular komandanı tərk etdilər. Hazırkı komanda hansı vəziyyyətdədir, bunu bilmirik.
“Neftçi”nin həmişə yaxşı nəticələr qazanmasını istəmişəm. Konfrans Liqasında "Jelezniçar" (Bosniya və Herseqovina) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaqlar. “Dinamo”nun ev oyununu Bakıda keçirməsi bir tərəfdən “Neftçi”, digər tərəfdən isə Belarus klubu üçün üstünlükdür. Yəni “Neftçi”də hamı onların oyununu analiz edə biləcəksə, “Dinamo” da Bakının havasına adaptasiya olacaq. Elə buna görə Bakını seçiblər.
-“Neftçi”yə hələ də baş məşqçi təyin olunmayıb. Bu, komandaya nə dərəcədə təsir edəcək?
- Konfrans Liqasının oyununa az bir müddət qalıb. Baş məşqçi gələndən sonra komandaya futbolçu cəlb olunacaqmı, bilmirik. Yeni oyunçunun komandaya adaptasiya olunması üçün də vaxt lazımdır. Sankt-Peterburda keçirilən turnirin ilk oyununa baxdım. Komanda inamlı təsir bağışladı. 18 min azarkeş oyunu izləyirdi. Həm də “Neftçi”nin ilk oyunu olduğuna görə futbolçular həvəsli idi. İkinci hissədə “Zenit” “Neftçi”ni hərtərəfli üstələdi.
“Neftçi”yə Konfrans Liqasında çox çətin olacaq. Hazırda Belarusda ölkə çempionatı keçrilir. “Neftçi”nin potensial rəqibi olan “Dinamo” isə liderdir. “Jelezniçar”la düşsə də, “Neftçi”yə çətin olacaq. Baş məşqçi təyin etməkdə çox gecikirlər. Baş məşqçi gələndən sonra çempionluğa oynamaq şansları da böyük olmayacaq. Çünki yeni baş məşqçi komandada hansı futbolçunu saxlayacaq, hansını istməyəcək, bunlar sual altndadır.
- “Neftçi”nin Rusiyanın Sankt-Peterburq şəhərində təşkil edilən “Matç TV Kuboku”nda iştirakı da birmənalı qarşılanmadı…
- Mənasız bir turnirdir. İstəməzdim ki, “Nefçi” o turnirə getsin. Məncə, “Neftçi” tam məsuliyyətlə Konfrans Liqasına hazırlaşsa, daha yaxşı olardı, nəinki turnirə getmək. Düzdür, orada da oyunlar keçirirlər, amma hazırlıq dövründə komandanı məqsədyönlü şəkildə, sırf qarşıdakı yarışa hazırlayırsan. Turnirdə isə bunu etmək asan olmur. Məncə, o turnirə getməkləri yaxşı hal deyil. Yaxşı olardı ki, komanda öz proqramına uyğun Konfrans Liqasına və çempionata hazırlaşsın.
- Ramil Şeydayevin 27 yaşında Tailandın “Buriram Yunayted” klubuna keçməsinə münasibətiniz necədir?
- Asiya çempionatı o qədər də güclü deyil. Məncə, Ramil pula üstünlük verib Tailanda getdi. Çünki bundan sonra 7-8 il futbol oynamaq imkanı var. Hər halda maliyyə tərəfini düşünüb. Yaxşı klubların birinə getsə, sevindirici olardı.
- “Qarabağ”ın digər futbolçusu Musa Qurbanlı isə İsveçin “Yurqorden” klubuna keçir.
- Bizim hər bir futbolçumuz legioner həyatı yaşasa, yaxşı olar. Musa Qurbanlının da getməyi sevindirici haldır. Məncə, Musanın xarici kluba getmək üçün ən yaxşı vaxtıdır. Musanın İsveç klubunda özünü yaxşı tərəfdən göstərəcəyinə inanıram. Bununla da daha yaxşı klublara keçə bilər. Musa elə bir xarakterli oyunçudur ki, həmişə qabağa getmək istəyir. Meydanda da bunu hiss etmək olur. Aqressiv bir futbolçudur. Həmişə bu cür oyunçular irəli gedirlər. Düzdür, görməmişəm, amma bilirəm ki, məşq proseslərində də çox istəklidid. Bilirsiniz ki, legioner həyatı yaşayan futbolçu öz mövqeyi uğrunda mübarizə aparmalıdır. Yəni əsas heyət oyunçusu olmaq üçün dayanmamalısan. O xarakter də Musada var. Düşünürəm ki, Musa İsveçdə öz xarakterini göstərib əsas heyətdə yerini möhkəmləndirəcək.
- Musanın adı daha yaxşı klublarla da hallanırdı.
- Musanın fiziki durumu, bədən quruluşu, oyun üslubu elədir ki, belə klublarda oynayıb artırmağı daha məqsədəuyğundur. İsveç klubları güc futboluna üstünlük verir. Musada da güc futbolu oynamaq xarakteri var, döyüşmək ruhu güclüdür. İsveç klublarında da məhz belə futbolçular oynayır. Mənə elə gəlir ki, Musa Qurbanlı İsveçdə özünü daha yaxşı göstərəcək. Həm də İsveç klublarında topla yaxşı oynayan futbolçular az olur. Musa isə həm topla yaxşı oynayır, həm də fiziki durumu əladır. Bunların hesabına da Musa İsveçdə aparıcı oyunçuya çevrilə bilər. Beləliklə də, daha yaxşı kluba keçmək imkanı yaranar. Məncə, İsveç klubu Musa üçün düzgün seçimdir. Biz həmişə deyirik ki, futbolçunun legioner həyatı yaşaması həm özü, həm də millimiz üçün lazımdır.
- Millimizdən söz düşmüşkən, Bakıda Estoniyaya qalib gələ bilmədik.
- Biz həmişə Estoniya, Latviya, Litva kimi komandaları udmalı olduğumuzu düşünürük. Amma belə bir sual ortaya çıxır ki, biz niyə Estoniyanı udmalıyıq? Hansı kriteriyalara görə onlardan üstünük? Bizim futbolçularımız hansı top klubda oynayır? Bizim üzdə olan futbolçularımız milli komandadadır. Yəni ən güclülər milliyə çağırılır. Estoniya millisinin 8-9 futbolçusu Avropa klublarında oynayır. O səviyyədə olan futbolçu milliyə gələndə dərhal hiss olunur. Ramil Şeydayev Rusiyada oynayan vaxtlar milliyə dəvət alanda həmişə digər futbolçularımızla onun oyununda fərq olurdu. Niyə? Çünki güclü bir çempionatdan gəlirdi milliyə. İndi Musanın ardında bir neçə oyunçumuz ölkə xaricinə getsə, onda millimizdən nəsə gözləmək olar. Biz deyirik ki, Estoniyanı udmalıyıq, amma görün onların neçə nəfəri yaxşı klubda oynayır və bizdə durum necədir. Gürcüstanın U-21 millisinə baxmaq lazımdır. Avropa çempionatında nəyə görə yaxşı çıxış edirdilər? Heyətlərinə nəzər salanda görürsən ki, hansı daha yaxşı oyunu ilə seçilirsə, o futbolçu Avropanın yaxşı klubunda oynayır. Biz də deyirik ki, yüz faiz Estoniyanı udmalıyıq. Ona qalsa, biz Lüksemburqu da udmalıyıq. Əhalinin sayına görə götürürüksə, onda Çinlə Hindistan həmişə dünya çempionu olmalıdır. Əlbəttə ki, Estoniyanı udmaq istəyirik, amma nə qədər ki, keyfiyyətli futbolçularımız yetişməyəcək, uğura çatmaq çox çətin olacaq.
U-21 millimizin yoxlama oyununu izlədim. Düzdür, futbolçular can yandırırlar, çalışırlar, amma vicdan haqqı onlarda potensial görmürəm. Xətirlərinə dəyməsin, onların heç biri əsas millimizdə oynamağa namizəd deyil. Orada əsas millidə oynayası bir futboçu da yoxdur. Çünki onların çoxu 1-ci divizionda oynayır. Ona görə də gəlin, çox da dərinə getməyək. Milli komandanın yaxşı olması üçün futbolçular yaxşı klublarda oynamalıdırlar.
Ramiq Ağaməmmədov
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi
PSJ güclü qar altında məşq etdi - Video