“Çaçiç öz münasibəti ilə məni şoka saldı” - Mahir Emreli

“Çaçiç öz münasibəti ilə məni şoka saldı” - Mahir Emreli
XƏBƏR 3 İyun 2023 / 21:36 5432
-  A +

Azərbaycan millisinin üzvü, müqavilə ilə Zaqreb "Dinamo"suna məxsus olan, icarə əsasında "Konyaspor"da oynayan Mahir Emreli Xorvatiyanın germanijak.hr saytına müsahibə verib.

Qol.az müsahibəni təqdim edir:

- "Konyaspor"da vəziyyət necədir? Statistikalar 10 oyunda bir qol vurduğunu göstərir.

- Hər şey yaxşıdır, durumumdan qane ola bilərəm. Düzdür, statistika çox şeyi göstərmir. Bilirəm ki, hücumçular tez-tez rəqəmlərə baxırlar. Amma rəqəmlər hər şey deyil. Düşünürəm ki, çətin vaxtda gəlsəm də, burada yaxşı oynayıram. Komanda ilə hazırlıq keçmədim, Türkiyədə baş verən zəlzələdən sonra ab-hava pis idi. Şərtlərə uyğunlaşmaq asan olmadı.Həmçinin bəzi klubların liqanı tərk etməsi ilə qəribə təqvim yarandı, bir oyun oynayırsan, sonra oynamırsan. Deyə bilmərəm ki, karyeramınn ən yaxşı mövsümündəyəm, ondan uzağam. Bəlkə də ən pis mövsümüm ola bilər. Amma mən nizamlı, yaxşı liqada oynayıram və buna görə xoşbəxt ola bilərəm.

- Bu mövsüm başa çatdıqdan sonra “Dinamo”ya qayıdacaqsan, yoxsa “Koynaspor” səni birdəfəlik alacaq?

- Hazırda həqiqətən heç nə bilmirəm! Qarşıda iki tur var, sonra milliyə gedəcəyəm və bütün variantlara açığam. Bu, təkcə məndən asılı deyil, "Dinamo"dan hələ heç kim mənə zəng vurmayıb. İnanıram ki, menecerimlə "Dinamo" və "Konyaspor" arasında danışıqlar gələcək həftələrdə intensivləşəcək və bundan sonra daha çox şey biləcəyik.

"Dinamo"dakı bəzi komanda yoldaşlarım mənə deyirlər ki, yeni baş məşqçi ilə çox şey dəyişib, ab-hava daha yaxşı olub, daha yaxşı işləyirik. Mən bunun doğru olduğuna inanıram, çünki həqiqətən qəribə dövr idi. Deyə bilərəm ki, “Dinamo”dan kədərlə ayrıldım.

- Bəs Zaqrebdə nə problem var idi? Niyə “Dinamo”dan getdi?

- Problem? Yeganə problemim Ante Çaçiç idi! Qalan hər şey mükəmməl idi, mən Zaqrebdəki həyata, kluba, komanda yoldaşlarıma çox tez uyğunlaşdım, yalnız gözəl şeylər yaşadım, şəhərdən həzz aldım. Xorvat dilini də öyrəndim. Dili başa düşürəm, danışmaq bir az çətindir, amma ünsiyyət qura bilirəm. “Dinamo”da heç bir problemim yox idi. Futbol hissəsini istisna etsək, gözəl il oldu.

- Ante Çaçiçlə nə problemin var idi?

- Onun münasibəti məni çox təəccübləndirdi. Keçən mövsümün əvvəlindən, titul qazandıqdan sonra başlayaq. Hazırlaşırdıq, zədəli idim və məşqçi yanıma gəldi və dedi ki, "Ludoqorets"lə oyunda mənə ehtiyacı var. Mən sağalmalı idim. Zədəmi sağaltmağa tələsdim, sonra o matçda oynamadım. Yenə ona lazım olduğunu dedi, amma 10-15 dəqiqə meydana çıxdım. Sonra daha 3 oyun ehtiyat oyunçular skamyasında qaldım. Mən realist adamam, futbolun nə olduğunu bilirəm. Bilirəm ki, hər məşqçinin öz ideyası var və bununla bağlı heç bir problemim yoxdur, onunla söhbət etmək istədim. Mənə Petkoviç, Drmiç və ya Şpikiçin əvəzedicisi kimi orada olduğumu deyəcəyini gözləyirdim. Mən də bunu qəbul edərdim, çünki futbolda belə hallar normaldır. Amma o, heç vaxt bunu deməyib. Sadəcə deyirdi: "Məşq et, işlə, daha yaxşı ol, oynayacaqsan! Mən də səbirlə şans gözləyirdim. Yaxşı hazırlıq görmüşdüm. Xatırlayıram ki, bəzi KİV-lər hazırlıqların ən yaxşı oyunçusu olduğumu, vacib oyunçu olacağımı yazmışdılar. Amma çox tez başa düşdüm ki, komandaya yaxın deyiləm, Çaçiç ilk 11-i heç dəyişmədi. Mən yenidən söhbət etmək istədim və ona dedim: “Bax, mən məşq edirəm və yaxşı işləyirəm, amma oynamıram. Əgər planınızda deyiləmsə, mənə deyin, gedəcəm, problem yoxdur". O isə mənə sadəcə cavab verdi: "Məşq etməyə və inkişafa davam etməlisən." Oynamasam, necə inkişaf edə bilərəm? Sonra dedim ki, getmək istəyirəm. O isə mənə dedi: “Dinamo"dan daha yaxşı klubda harada oynayacaqsan? Mən sənə "Stamford Bric"də "Çelsi"yə qarşı oynamaq şansı verdim, daha nə istəyirsən?". Ona dedim ki, 5 il əvvəl “Qarabağ”la Londonda “Çelsi”yə qarşı oynamışam, indi xoşbəxtlikdən göyün yeddinci qatında olmalıyam? O an təkcə "Konyaspor"dan təklif almışdım. Ante Çaçiç öz münasibəti ilə məni şoka saldı. Düşünməyin ki, sırf oynamadığına görə küsən, indi isə keçmiş baş məşqçisini tənqid edən futbolçulardanam. O, soyunub-geyinmə otağında hamının qarşısında deyirdi: "Siz böyük klubların, TOP-5 liqanın oyunçuları deyilsiniz." Heç kim səhv başa düşməsin. Məyusluğum və kədərimin "Dinamo" ilə heç bir əlaqəsi yoxdur. "Dinamo"dan təklif alanda bir an belə düşünmədim Böyük klubdur, addımın daha yüksək olduğunu bilirdim. Bəlkə də "Dinamo" ən böyük klub deyil, amma o klublardan biridir ki, səni çağıranda çox düşünməyə ehtiyac görmürsən.Biz Türkiyədə kimisə dəstəkləyirik, böyük klublar "Fənərbaxça", "Qalatsaray", "Beşiktaş", "Trabzonspor"dur... "Dinamo" da "Ayaks" kimi o sıralardadır. "Dinamo" və Zaqrebdə keçirdiyim vaxt mənim üçün böyük təcrübə, çox gözəl xatirələr oldu. Mən böyük oyunçularla oynadım və məşq etdim, dünya çempionatında onlara baxanda qürurlandım, onları alqışladım.

- Yaxşı, indi Çaçiç getdi. Xorvatiyaya qayıtmağın ehtimalı var? 

- Yenə deyirəm, mən nə baş verəcəyini bilmirəm. Tezliklə hər şey məlum olacaq. Hər şey məndən asılı deyil, çünki burada 3 tərəf iştirak edir. Biz həll yolu tapmalıyıq. Azarkeşlərin bizi necə dəstəklədiyini tez-tez xatırlayıram. "Bad Blue Boys" oyunlara gəldi, atmosfer yaxşılaşırdı.

- Yeri gəlmişkən, onun Türkiyədəki komanda yoldaşları Domaqoy Paviçiç, Robert Muriç və Niko Rak da var.

- Onlar möhtəşəm oyunçular və uşaqlardırlar. Biz hər zaman ünsiyyətdə oluruq, xorvat dilində danışırıq. Mən sizin dilinizi getdikcə daha çox başa düşürəm. Mən bunu Zaqrebdə başa düşdüm, xorvat dilini öyrəndim. “Dinamo” haqqında nə deyə bilərəm? Paviçiç hazırda zədəlidir, lakin Muriç, xüsusən də Rak kimi yaxşı oyunçudur. “Konyaspor”a keçid onun üçün yaxşı addım oldu. Onun böyük potensiala malik futbolçu olduğunu özünüz də görürsünüz. Düşünürəm ki, o, burada öz izini qoyacaq və “Konyaspor”a çox faydalı olacaq.

- Son günlər Zaqrebdə Türkiyə ilə bağlı çox danışılır. Türkiyə mətbuatında davamlı olaraq "Fənərbaxça"nın Livakoviçə, "Trabzonspor"un Petkoviçə marağından bəhs edilir... Məsələn, Livakoviçə “Fənərbaxça”ya getməyi məsləhət görərdiniz?

- Mən onun məqsədinin nə olduğunu bilmirəm. Livakoviçə başqa təkliflər olub-olmadığını bilmirəm. Hər şey onun qərarından asılıdır. Hər kəsin öz ambisiyaları var və mən buna qarışa bilmirəm. Amma "Fənərbaxça"ya gəlincə, əminəm ki, peşman olmayacaq.

- "Trabzonspor"un xorvatiyalı baş məşqçisi Nenad Byelitsa ilə tanış olmusan? 

- Bəli, Byelitsanı tanıyıram, komandalarımız qarşılaşanda qısa danışdıq. Və sizə bir şey açıqlayacağam. Mən "Dinamo"ya gəlməmişdən əvvəl Byelitsa məni "Osiyek"ə çağırdı! O, klubun direktoru deyildi. Mən də həmin komandaya keçməyə yaxın idim, amma sonda bu baş vermədi. Güman edirəm ki, "Osiyek" maliyyə məsələlərini həll edə bilmədi. Çünki “Legiya”ya təzminat ödəmək lazım idi. Byelitsa məni heyran etdi, sözünün üstündə duran biridir. Onun yaxşı məşqçi olduğunu düşünürəm. "Trabzonspor" azarkeşləri də, onun komandanı yenidən Türkiyə futbolunun zirvəsinə yüksəldəcəyinə inanır. Məncə, bu azarkeşlər Türkiyənin ən çılğınlarıdır. Trabzonda hər sakin bu klub üçün yaşayır və başqa heç nə önəmli deyil. Düşünürəm ki, Byelitsanın uyğun xarakteri var. İnanıram ki, növbəti mövsümdə o, gözəl komanda yaradacaq.

- Bəlkə də indi o, səni "Trabzonspor"a dəvət edəcək?

- (Gülür) Bu haqda danışmamışıq. Görək nə olacaq, statusum necə açılacaq. Mən mütləq yenidən Zaqrebə gələcəm, bu şəhər və insanlar mənim yaddaşımda gözəl xatirə kimi qalacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın