"Pulu yox, "Qarabağ"ı seçdim"

"Pulu yox, "Qarabağ"ı seçdim"
MÜSAHİBƏ 23 May 2023 / 17:44 9027
-  A +

"Qarabağ"ın kapitanı Maksim Medvedevin Qol.az saytına müsahibəsi

- Maksim, daha bir mövsümün sonuna gəldik. "Qarabağ" və sizin üçün bu mövsüm necə keçdi?

- Bu mövsümü "Qarabağ" üçün çox uğurlu hesab etmək olar. Uzun yol gəldik, çox əziyyət çəkdik. İkitərəfli mübarizə aparırdıq. Həm avrokuboklarda oynayırdıq, həm də yerli çempionatda. Komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. Hər kəs canla-başla çıxış etdi. Özlərini sona kimi yaxşı tərəfdən göstərdilər. Sonda nəticəni gördük. Mövsüm maraqlı keçdi. Bütün klublar xal itirirdi, rəqabət var idi. Demək olmurdu ki, kimsə autsayderə qarşı oynayır, asan xal qazana bilər. Biz özümüz də aşağı pillələrdə olan komandalarla heç-heçə edirdik. Maraqlı hesablar olurdu. İnanıram ki, gələn mövsüm daha da maraqlı olacaq.

- Artıq ulduzlarınızın sayı 2-yə yüksəlib. 10 çempionluğun 9-da şəxsən sizin də böyük əməyiniz olub. Bu, necə hissdir?

- "Qarabağ"ın formasında 2 ulduz görmək mənim üçün böyük uğurdur. Elə bir böyük klubda oynaya bilərsən ki, yalnız 1 ulduzu olsun. Amma sırf "Qarabağ" Azərbaycan çempionudur və mənim fikrimcə, birnömrəli komandadır. "Qarabağ"ın 2 ulduzunun olması mənim üçün fantastik bir şeydir. Doğrudan da 9 çempionluqda özüm iştirak etmişəm. Amma komandanın 10 çempionluğu var. Çox sevinirəm ki, bu 2 ulduzda mənim də payım var. Bu, tarixə yazılası hadisədir. Məncə, geyindiyi formanın üzərində 2 ulduzun olması hər bir futbolçunun arzusudur. Bunun qiyməti olmur. O iki ulduz üçün böyük əziyyətlər çəkmişik. Çox sevinirəm.

- Artıq 20 ilə yaxındır ki, "Qarabağ"dasınız. Bu müddətdə bir uşaq böyüyüb, gənc yaşlarına çatıb, futbolçu ola bilər. Bəs, 20 ildə "Qarabağ" Maksimi nə qədər böyüdüb?

- Mən əvəzedici heyətdən "Qarabağ"a gəlmişəm. Bəlkə də 17 ildir ki, Premyer Liqada oynayıram. Çox xoşbəxtəm ki, bir komandada 20 ilə yaxındır forma geyinirəm. Üstəlik "Qarabağ"ın yaxşı nəticələri olur, azarkeşləri sevindirir. Bu, hər kəsə nəsib olmur. Çünki daim stabil olmalısan, öz üzərində işləməlisən və heç vaxt enişin olmamalıdır. Bunu qoruyub-saxlamaq çox çətindir. "Qarabağ" mənim üçün internat kimi olub. Klub mənim 2-ci evimdir. 20 il ərzində vaxtımın çoxunu “Qarabağ"da keçirmişəm. Bütün insanlarla yaxşı ünsiyyət qurmuşam. Klubda çox futbolçu, məşqçi görmüşəm. Hər şey gözümün qarşısında olub. Hətta klubun bazası olmayanda da mən "Qarabağ"da idim. Bu infrastrukturun qurulması da gözümün önündə olub. Ən müsbət şeyləri, insalarla necə danışmaq lazım olduğunu, öz işinə peşəkar yanaşmağı "Qarabağ"da öyrənmişəm.

- Bu mövsümü avrokuboklardakı ən yaxşı mövsümünüz adlandırmaq olar?

- Biz bu il çox yaxşı çıxış etdik. Bəli, demək olar ki, ən yaxşı mövsümümüzü keçirdik. O biri mövsümlərdə də yaxşı çıxış etmişdik. Əsas odur ki, bu stabilliyi qoruyaq, daha da irəli gedək. Biz hər dəfə öz rekordumuzu yeniləmək istəyirik. Böyük hədəflərimiz var.

- Premyer Liqada builki çempionluğunuz bir az rəqabətli oldu, amma yenə də digər komandalarla aranızdakı səviyyə fərqi gözə çarpırdı. Siz nə düşünürsünüz?

- Düzdür. Bu il bir az fərqli oldu. Rəqabət var idi. Sadəcə hansı komandalar daha stabil idisə, az səhv etdisə, onlar da yuxarı pillələri tutdular. Daha az səhv edən uğur qazanırdı. Aşağı pillədə olan komandalar yüksək yerlərdə qərarlaşanlardan xal alırdılar.

- Bu mövsüm Premyer Liqamızda ən çox müzakirə olunan məsələ hakimlərin verdiyi qərarlar oldu...

- Bəli, həqiqətən də elədir. Bu il hakimlərlə bağlı çox müzakirə oldu. VAR sistemi tətbiq ediləndə hamı düşündü ki, daha problem yaranmayacaq. Amma gördüyünüz kimi, problemlər hələ də qalır. Çünki bunların hamısını birdən-birə aradan qaldımaq mümkün deyil. Hakimlər də insandırlar, onlar da səhv edirlər. Bizə qarşı da səhvlər olub, rəqiblərimizə qarşı da. Hakimlərin üstünə getmək düzgün deyil. Məncə, gələn il hər şey daha da yaxşı olacaq. Çünki artıq hakimlər VAR-a öyrəşirlər, təcrübə yığırlar. Bu il ilk dəfə idi ki, VAR ilə işləyirdilər. İnanıram ki, gələn il daha rahat çalışacaqlar. Onsuz da elə bir oyun yoxdur ki, orada hər iki komanda hakimdən razı qalsın. Bu, Avropada da belədir. Futbolçular kimi hakimlər də öz üzərlərində işləməlidirlər, səhvləri minimuma endirsinlər. Səhvsiz insan olmur, amma ən az səviyyəyə endirmək lazımdır.

- Ümumilikdə, komandada ab-hava necədir?

- Təbii ki, ab-hava yüksək səviyyədədir. Son tur qalıb. Bundan sonra hər kəs öz evinə gedəcək, istirahət edəcək. Komandaya psixoloji tərəfdən gərginliyi atıb, motivasiya, enerji yığıb qayıdacağıq. Özümüzü yeni tarix yazmağa hazırlayacağıq. Çünki "Qarabağ" elə bir klubdur ki, ancaq böyük hədəflər üçün vuruşur, ən yaxşı nəticələri qazanmaq istəyir.

- Deməli, artıq yeni mövsümlə bağlı planlar qurulub.

- Bəli. Məşqçilər heyəti planları hazırlayıb. Sadəcə gözləyirk ki, mövsüm başa çatsın, istirahət edək, sonra qayıdaq və birlikdə öz işimizə başlyaq. Öz planlarımı isə axırıncı oyundan sonra biləcəyəm. Hələlik dəqiq bir məlumat yoxdur.

- "Qarabağ"a sadiq olduğunuz hər kəsə bəllidir. Amma heç fikrinizdən keçib ki, ölkə xaricində oynayasınız? Hansı klublardan təkliflər gəlib?

- Mən həmişə "Qarabağ"a sadiq olmağa çalışmışam. Hər zaman istəyirdim ki, doğma komandamda oynayıb. Çünki mən uşaqlıqdan buradayam. Həm ölkə daxilindən, həm də xaricdən təkliflər gəlib. Mən hər şeyi tərəzinin gözünə qoyurdum. Bəzi futbolçular pulu seçirdilər, daha böyük məbləğ üçün xaricə gedirdilər, karyeraları pisləşirdi. Mən bunları gözümlə görmüşəm. Ona görə də hansısa təklif gələndə çox fikirləşirdim, deyirdim ki, yox, mən komandada qalacağam. Çünki burada çalışan insanlar mənə çox yaxındır, bir-birimizi başa düşürük. Heç vaxt pulu seçmədim, "Qarabağ"a sadiq qalmağa çalışdım. Mən "Qarabağ"a görə Maksim Medvedev oldum. Sırf pul üçün komandanı qoyub getmək istəmirdim. Daim oynayırdım, kapitan sarğısını daşıyırdım. Baş məşqimizlə də münasibətim çox yaxşıdır. Daim Qurban Qurbanovla danışır, məsləhətləşirdim. Hiss edirdim ki, komandanın mənə ehtiyacı var. Ona görə də məni pulla almaq olmurdu. Mənim üçün ilk pillədə hörmətdir.

- Rəşad Sadıqovdan sonra komandanın əsas kapitanı siz oldunuz. Rəşad Sadıqov bu mövzuda sizə nəyi öyrədib?

- Mənim "Qarabağ"ın əsas komandasında ilk kapitanım Aslan Kərimov olub. Həmişə ona baxırdım ki, böyük futbolçudur. Heç vaxt fikirləşməzdim ki, nə vaxtsa mən də "Qarabağ"ın kapitanı olaram. Aslan Kərimov karyerasını başa vurandan sonra Rəşad Sadıqov kapitanımız oldu. Mən həmişə təcrübəli futbolçulardan nümunə götürürdüm. Baxırdım ki, onlar necə oynayırlar, futbolçularla necə danışırlar. Oyunda nələrə fikir verib ki, bu qədər böyük futbolçu olub deyə izləyirdim. Rəşadın kimə necə yardım etdiyinə baxırdım, öyrənirdim. Başa düşürdüm ki, nə vaxtsa Rəşad karyerasını başa vuracaq və kapitanlıq sarğısı məndə olacaq. Elə də oldu. Artıq Rəşad son matçlarda oynamayanda kapitanlıq sarğısı məndə olurdu. Rəşadın ən müsbət hərəkətlərini, xüsusiyyətlərini götürməyə çalışırdım ki, mən də onun kimi olum. Bu, yavaş-yavaş alınırdı. Kapitanlığa adaptasiya oldum. Başa düşdüm ki, artıq mənim işim yalnız futbol oynamaq deyil, həm də komandanı idarə etməkdir. Son matçlarda oynamasam da, ehtiyatda daha çox əsəbiləşirəm, stress keçirirəm, danışıram. Yanımdakı futbolçular deyirlər ki, bir az sakit ol də, səsindən dayana bilmirik. Amma mənim ürəyim meydanda, komanda yoldaşlarımın yanında olur. Çünki onlara kömək etmək istəyirəm. Doğrudan da mən fəxr edirəm ki, Aslan Kərimov, Rəşad Sadıqov kimi futbolçularla birlikdə oynamışam. Onlardan öyrəndiyim çox şey olub. Bəlkə də komandada onlar yox, başqaları olsaydı, tam fərqli Maksim olardım. Rəşad futbolun "akula"sı idi. Mən ondan çox şey öyrəndim. Doğrudan da Rəşadla birlikdə oynamaq mənim üçün böyük təcrübə oldu.

- Heç karyeranızı başa vurmağı düşünürsünüz?

- Xeyr, hələ bunu düşünmürəm. Çünki hiss edirəm ki, gücüm və komandanın mənə ehtiyacı var. Ola bilər ki, son zamanlar meydana az çıxıram. Amma daim çalışıram ki, komanda yoldaşlarımla ünsiyyət qurum, köməklik edim, danışım. Bunların hamısı təcrübə ilə qazanılır. Mən legioner deyiləm ki, gəlim 1-2 il oynayım, pulumu qazanım, sonra gedim. Yox! "Qarabağ" mənim doğma klubumdur. Nə qədər ki burdayam, komandaya motivasiya verəcəyəm.

- Futbolçu olmasaydınız, kim olardınız? Bacardığınız xüsusi bir iş, peşə var?

- Bunu indi deyə bilmirəm. Mən məktəbdə çox yaxşı oxuyurdum. Həkim olmaq istəyirdim. Amma birdən-birə futbolla məşğul olmağa başladım, gördüm ki, nəticələr gəlir. Futbolu çox sevdim. Bütün günüm futbolla bağlı idi. Sonra valideynlər də başa düşdü ki, bu uşaq idman yolunu seçir (gülür). Mənə heç bir mane yaratmadılar. Dedilər ki, bu, sənin seçimindir, necə istəyirsən, elə də et. Bundan sonra dərslərdən uzaqlaşdım, bütün fikrimi futbola yönəltdim.

- Bir kapitan kimi yəqin ki, Qurban Qurbanovdan sonra futbolçulara nəzarət edən, onları bir araya toplayan şəxs sizsiniz. Futbolçularla necə münasibət qurursunuz?

- Kapitanlıq deyəndə çox adam fikirləşir ki, sarğını qoluna taxır və oyuna çıxır. Amma belə bir şey yoxdur. Kapitan futbolçunu hiss etməlidir. Hər bir futbolçunun öz mentaliteti var. Onlara yanaşma fərqli olmalıdır. Elə futbolçu var ki, onu tərifləsən, daha yaxşı oynayır. Amma eləsi də var ki, ondan daha çoxunu tələb etməlisən. Bu balansı qoruyub-saxlamaq lazımdır. Çünki hansısa bir məsələ olada kapitana suallar verilir. Mən həmişə çalışmışam ki, komandada kimsə kiminləsə mübahisə etməsin, dava olmasın, bir-birlərinə aqressiv cavab verməsinlər. Bəzən görürsən ki, oyunun gedişatında futbolçular öz aralarında kobud danışırlar. Bunun qarşısını amaq lazımdır. Çünki sinir sisteminə təsir edir və hər iki futbolçu oyun səviyyəsini itirir. Çalışıram ki, hər şey qaydasında olsun. Çox vaxt arxada oluram, nəzarət edirəm. Futbolçuların qulağı məndə olmalıdır ki, oyun idarə edilsin. Bəzən motivasiya vermək lazım gəlir. Kimsə nəsə səhv edəndə o an məlumat vermək lazımdır. Tək oyunda yox, bazada, təyyarədə - hər yerdə nəzarət edilməlidir. Gözün daim futbolçularda olmalıdır. Çünki futbolçular bir az dəcəl olurlar (gülür). Hər şey qaydasında olmalıdır - zarafat da, deyib-gülmək də. İşimizə ciddi yanaşmalıyıq. Çünki biz özümüz də dərk edirik ki, hansı klubdayıq.

- Artıq ÇL-də 1-ci təsnifat mərhələsi üçün 13 potensial rəqibiniz bəllidir. Bu barədə müzakirələriniz olub?

- Bu gün biz ancaq adlara baxaraq nəsə deyə bilərik. Amma daha dəqiq danışmaq üçün hər bir komandanı analiz etmək, bugünkü durumlarına baxmaq lazımdır. Biz hər şeyi nəzərə almalıyıq. Bəlkə də onların arasında elə bir komanda var ki, pis səslənməsin, Lüksemburqu təmsil edir, amma heyəti gücldür. Və ya əksinə ola bilər. Hazırda dəqiq nəsə demək çox çətindir. Püşkatmanı gözləməliyik. Rəqib dəqiqləşəndən sonra onları yaxından analiz edəcəyik, buna uyğun olaraq öz işimizi görəcəyik.

Nur Zeynalova

Daha çox


Son xəbərlər