Birinci divizionda yarışan “İmişli” klubunun baş məşçisi Ruhid Usubovun Qol.az saytına müsahibəsi
- Əvvəlcə sizi doğma meydanınıza qayıtmağınız münasibəti ilə təbrik edirəm.
- Çox sağ olun, təşəkkür edirəm.
- İmişli şəhər stadionu ilə bağlı məsələyə toxunaq. PFL stadion haqqında müsbət qərar verəndə hansı hissləri keçirdiniz? Komanda bunu necə qarşıladı?
- PFL rəhbərliyinə rəsmi olaraq “İmişli” Futbol Klubunun rəhbərliyi tərəfindən müraciət ünvanlanmışdı. İlk olaraq infrastruktur vəziyyəti və ot örtüyü barəsində ətraflı məlumat alındı, baxış keçirildi. Biz həm AFFA nümayəndəliyinə, həm PFL nümayəndəliyinə, xüsusən də Elxan Səmədova, Aslan Şahgəldiyevə, Elgiz Abbasova təşəkkür edirik. Bizə dəstək oldular, zaman verdilər. Biz də bu çatışmazlıqları aradan qaldırdıq. Ümumiyyətlə, bu, rayonumuz üçün xoş bir hadisə oldu, “İmişli” öz ev oynunu doğma meydanda keçirdi.
- "Qarabağ-2" ilə matçda stadionun tribunalarının bir neçəsi tam dolmuşdu, böyük maraq var idi. Bunu gözləyirdiniz?
- Bilirsiniz ki, uzun illər İmişlidə futbol yox idi. Biz hətta daha çox azarkeşin gəlməsini gözləyirdik. Yəqin ki, matç iş günündə olduğu üçün bir qədər az azarkeş gəldi. İnanın ki, oyun şənbə və ya bazar günündə keçirilsəydi, tribunalar tam dolacaqdı. İmişlidə tamaşaçılar futbola acdırlar. 6 ilə yaxın idi ki, İmişlidə böyük futbol yox idi. Yəni, biz bundan da çox azarkeş gözləyirdik. Amma eybi yox, gələn il daha çox olacaq. Azarkeşlər artıq bilirlər ki, rayonumuzda futbol klubu fəaliyyət göstərir. Ona görə də oyunlara gələnlərin sayı çoxalacaq.
- Sizcə, İmişlidə oynamağınız komandanın nəticəsinə necə təsir göstərəcək?
- Biz uzun müddət süni ot örtüklü meydanda məşq etmişik, oynamışıq. Futbolçularımız üçün hələ təbii ot örtüyü yaddır. Zaman keçdikcə bunun da öhdəsindən gələcəyik. Süni ot örtüklü meydan ilə təbii ot örtüklü meydan arasında böyük fərq var. Artıq İmişlidə məşqlərə başlamışıq. Gələcəkdə futbolçularımız buna daha da uyğunlaşacaqlar.
- Artıq doğma meydanda oynamağın motivasiyasını hiss edirsiniz?
- Əlbəttə. Azarkeşlər bizim məşqlərimizə gəlirlər. Hətta fanklublarımız yaranıb. Üzərimizdəki məsuliyyət birəbeş artacaq. Oyunlara daha da yaxşı köklənəcəyik.
- Birinci divizionda aşağı pillələrdə qərarlaşırsınız. Bu haqda nə deyə bilərsiniz? Səbəblər nələrdir?
- Biz yeni komandayıq. Qeyd etdiyim kimi, uzun müddət İmişlidə futbol olmadığına görə futbolçular öz ideal formalarından uzaqlaşmışdılar. Bu isə bizə çətinliklər yaradır. Bildiyiniz kimi, 1-ci diviziona ayrılan büdcə ilə biz komandaya daha yüksək səviyyəli futbolçu cəlb etməkdə çətinlik çəkirik. Ona görə də əsasən gənclərə və yerli futbolçulara üstünlük vermişik. Bunun üçün də bizim məqsədimiz divizionda yuksək yer tutmaq deyildi.
- Sizcə, indiyədək ev oyunlarını öz meydanınızda keçirməməyiniz nəticələrə necə təsir göstərib?
- Əlbəttə. Saatlıda oynayanda stadiona 10-15 azarkeş gəlirdi. Amma İmişlidə oynayanda ən azından hər bir futbolçunun valideynləri, yaxınları stadiona gəlirlər. Məsuliyyətimiz birəbeş artır. Bu da futbolçuya əlavə məsuliyyət verir. Çünki öz tamaşaçısının qarşısında, öz evində oynayır. Bunlar tam fərqlidir. Əlbəttə ki, Saatlıda oynamağımız nəticələrə təsir edirdi.
- Mövsümə başlayanda qarşıya hansı hədəflər qoyulmuşdu, məqsədiniz nə idi? Və buna nə qədər nail olmusunuz?
- Komandanı formalaşdırmağı, infrastruktur məsələlərini həll etməyi, doğma meydanımıza qayıtmağı hədəfləmişdik. Biz yeni bir komanda olduğumuza görə çox əziyyət çəkmişik. Məşqlərə bir az gec başladıq. Uğurlu transferlər edə bilmədik. Məncə, 1-ci ilin komandası üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışmışıq və çalışırıq da. Əsas məqsədimiz böyük futbolun İmişliyə qayıtması idi ki, buna da nail olmuşuq.
- Bilirsiniz ki, Premyer Liqada sonuncu yeri tutan komanda diviziona düşəcək və diviziondan 1 komanda əsas liqaya gələcək. Bu, sizə növbəti mövsüm üçün motivasiya verir? Yəni, artıq gələn mövsüm komandanı gücləndirməyi, qarşıya ciddi hədəflər qoymağı planlayırsınız?
- Bəli. Hər bir komandanın məqsədləri var. Bizim də hədəfimiz Premyer Liqadır. Bunun üçün çalışırıq. İnanıram ki, gələn il yaxşı yerlər uğrunda mübarizə aparacağıq, komanda güclənəcək. Bunun üçün də klub rəhbərliyi ilə müzakirələr aparırıq. Özünüz də görürsünüz ki, azarkeşlərimiz futbolu necə sevirlər. İnşallah, növbəti mövsüm üçün məqsədimiz yaxşı yerlər uğrunda mübarizə aparmaq, Premyer Liqaya vəsiqə qazanmaq olmalıdır. Elə bilirəm ki, İmişlini Premyer Liqada təmsil edəcəyimiz günlər çox uzaqda deyil. İnanıram ki, bu arzumuza çatacağıq. Hamımız yumruğumuzu bir yerə vurub, Premyer Liqaya vəsiqə qazanmalıyıq.
- Bəs, Premyer Liqada oynamaq üçün şəraitiniz varmı?
- Əlbəttə ki, var. Potensialımız da var, infrastrukturumuz da buna imkan verir. Uşaq futbolumuz var. Premyer Liqa üçün lisenziya məsələsi qalır ki, onu da rəhbərliyimiz həll etməyə çalışır. Rəhbərlik ümumiyyətlə, orada olan bütün tələbləri, qadın komandasının yaradılması məsələsini həll etməyə çalışır.
- Klub rəhbərliyi ilə münasibətləriniz necədir?
- Klub rəhbərliyi ilə münasibətim çox yaxşıdır. Əvvəllər də bir yerdə oynamışıq. Bir komandada uzun illər forma geyinmişik. Sonra uşaq futbolunda fəaliyyətə də birlikdə başlamışıq.
- Bəs, klubun maddi durumu necədir? Yəni transfer planlarınız var?
- Bizi sırf AFFA maliyələşdirir. Ona görə də bəzi məsələlərdə çətinlik çəkirik. Transferlərlə bağlı indidən söhbətlər gedir. Bir neçə xarici ölkələrdən də transferlər etmək planımız var. Əsasən də yerli futbolçulara üstünlük verəcəyik. İmişlidən olan, hal-hazırda digər klublarda oynayan futbolçularla bağlı planımız var ki, onları komandaya cəlb edək.
- “İmişli”yə sponsorluq etmək istəyənlər var? Bu məsələ üzərində axtarışlar gedir?
- Bunu deyə bilərəm ki, 1-ci Divizion komandaları sponsorlar üçün o qədər də maraqlı deyil. Biz çalışırıq ki, öz rayonumuzdan olan adamları ilə əlaqə saxlayaq.
- Ümumiyyətlə, bu məsələlərə görə Futbolun İnkişafı Fonduna müraciət etməyi planlayırsınızmı?
- Əlbəttə. Futbolun İnkişaf Fondu ilə əlaqədəyik, müraciət etmişik və işlər görürük. Onları “Qarabağ-2” ilə oyuna da dəvət etmişdik. Gəlib baxdılar, infrastrukturla tanış oldular, tamaşaçıları da gördülər. Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural müəllimlə də bu barədə görüşlərimiz olub. İnanıram ki, ən yaxın zamanda bizə dəstək olmaq istəyən iş adamları çıxacaq.
- “Turan Tovuz” və “Kəpəz”ə avtobus alınması üçün “100 k” layihələri həyata keçirildi. Siz də bənzər layihəyə qatılmaq istəyirsiniz?
- Bəli. Biz də müraciət etmişik. Çünki bizim də avtobusumuz yoxdur. Bu sarıdan əziyyət çəkirik. Amma hər şeyin zamanı var. İnanırıq ki, ən qısa zamanda bu məsələ də həll oluncaq. Əlbəttə ki, həm AFFA-nın, həm də Futbolun İnkişafı Fondunun dəstəyi ilə çox işlər görülür və biz hələ çox işlər görmək üçün qarşımıza məqsədlər qoymuşuq.
Nur Zeynalova
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi