Elnur Allahverdiyev: “Həqiqətən də getmək istəyirəm”

Elnur Allahverdiyev: “Həqiqətən də getmək istəyirəm”
MÜSAHİBƏ 3 Yanvar 2011 / 21:45 4855
-  A +

Azərbaycan milli komandasının və "Xəzər Lənkəran" klubunun futbolçusu Elnur Allahverdiyevin müsahibəsi

- “Xəzər Lənkəran”ın heyətində onsuz da oyunçu qıtlığı var idi. Unibank Premyer Liqasının ötən turundan sonra isə komandanızın rəhbərliyi daha 4 futbolçu ilə vidalaşdı. Bu qərarı necə qarşıladınız?

- Bu xəbəri eşidəndə doğrudan da pis oldum. Heç istəməzdim ki, futbolçu mövsümün ortasında komandadan xaric olunsun. Bunu nəinki öz komandamızdakılara, ümumiyyətlə, heç bir futbolçuya arzulamıram. Belə hallar həm futbolçu üçün pisdir, həm də klubun özünə ziyandır. Amma “Xəzər Lənkəran”ın baş məşqçisi var. Mirça Rednik bu qərarı veribsə, klub rəhbərliyi də yerinə yetirməlidir. Çünki nəticəyə cavabdeh şəxs baş məşqçidir. Fikrimcə, Rednik daha səviyyəli oyunçular gətirəcək və komandamızı gücləndirəcək.

- Bəs keçmiş klubunuz “Qarabağ”a məğlubiyyət nə dərəcədə gözlənilməz oldu?

- Həqiqətən də “Qarabağ”a uduzacağımızı gözləmirdik. Mənə elə gəlir ki, sadəcə, oynaya bilmədik. Həqiqətən də oyunumuz alınmadı. Şəxsən öz çıxışımdan razı qalmadım. Qalib gəlməyi çox istəyirdik. Amma futbolda belə şeylər olur. “Qarabağ” 3 xala layiq idi və hava-su kimi vacib olan qələbəni qazandı. İnşallah, hələ oyunlar qabaqdadır. “Xəzər Lənkəran” kimi “Qarabağ” da ilk “6-lıq”da yerini təmin edə bilsə, daha 2 dəfə qarşılaşacağıq. Hər şeyi zaman göstərər. Amma “Xəzər Lənkəran” həqiqətən də güclü komandadır.

- Həm “Qarabağ”, həm də “Xəzər Lənkəran”da çılğın xarakterinizlə tanınmısınız. Belə xasiyyəti nə ilə əlaqələndirərdiniz?

- Uduzmağı həqiqətən də xoşlamıram. Mənim xarakterim budur. Həmişə istəmişəm ki, uduzmayım. Düzdür, uduzmağı bütün idmançılar pis qəbul edir. Amma bu, mənə doğrudan da çox pis təsir edir. Ona görə istər-istəməz məndə də belə xüsusiyyətlər özünü büruzə verir. Mən də istəmərəm ki, xarakterim barədə belə sözlər deyilsin. İnşallah, yaxşı olar. Özümə söz vermişəm ki, tezliklə belə xüsusiyyətimi aradan qaldıracağam.

- Demək, uduzanda hirsinizi başqalarından çıxmağa çalışırsınız?

- Bəli. Özüm istəməsəm də, hərdən olur.

- Amma Azərbaycan milli komandasının oyunçusu qismində çıxış etdiyiniz vaxt belə xarakterinizlə rastlaşmamışıq...

- Yığmamızın baş məşqçisi Berti Foqts hər oyundan əvvəl mənə sakit olmağımı tapşırır. Özü də xarakterimi bilir. Buna görə məsləhətlərini verir. “Çox münaqişəyə girmə. Bu, Avropa çempionatının seçmə oyunudur. Belə matçlarda hakimlər konfliktə meylli futbolçunu dərhal cəzalandırırlar” deyir. Özüm də bir tərəfdən millinin maraqlarını düşünür, digər yandan, oyunu izləyən bütün Azərbaycan azarkeşlərini məyus etmək istəmirəm. Düzdür, futbolda qırmızı vərəqə ala bilərsən. Amma millini çətin vəziyyətdə qoymaq daha ağırdır. Buna görə də özümü yığışdırıram.

- Azərbaycanlı hakimlər haqqında hansı fikirdəsiniz?

- Düzü, mən hakimlərlə heç vaxt yola getməmişəm. Ona görə də onların qarasına danışa bilərəm. Demirəm ki, hakimlərimiz pisdir. Hamı səhv edə bilər. Heç kim deyə bilməz ki, bilə-bilə səhv edirlər. Amma doğrudan da hakimlərin yanlış qərarları olur. Məncə, AFFA və Peşəkar Futbol Liqası bunların hamısını yoluna qoyacaq.

- Bəs hakimlərin Sizi bağışladığı halların daha çox olduğunu düşünmürsünüz?

- Hakimlərin məni bağışladığı hallar da olur. Mən yaxşılıqlarını unutmuram. Amma bilirsiniz necədir? Futbolda uduzan komanda həmişə hakimdən nə isə tələb edir. Elə də olur ki, komanda udur. Hakimlərin isə bu komanda əleyhinə elə səhvləri olur ki... Lakin bunları heç kim büruzə vermir. Bir var ki, bilərəkdən eləsinlər. Halbuki mən hakimlərimizin buna əl atmasına inanmıram. Bizim hakimlər qəsdən belə şeylər etməzlər. Rövnəq Abdullayev də, Ramin Musayev də buna çox pis yanaşırlar. Əsla inanmaram. Amma səhvlər ola bilər. Cavan hakimlərimiz çoxdur. Onlardan Avropa səviyyəli hakimlik tələb etmək düzgün deyil. Biz özümüz də Azərbaycan futbolunu qaldırmağı qarşımıza məqsəd qoymuşuq. Birdən-birə hamı hakimlərdən tələb edir ki, sən orda belə etməli idin, burda bunu etmədin. Səhvləri olur. Çox olur. Amma bilə-bilə etdiklərinə inanmıram. Bir sözlə, hakimlərin məni bağışladıqları hallarla yanaşı, haqsız olduqları vaxtlar da olub.

- Amma klubunuzun rəhbərliyi hakimlərin “Xəzər Lənkəran”a qarşı qərəzli olduqlarını iddia edir...

- Mən də deyərdim ki, hakimlərimizin idarəçiliyi “Xəzər Lənkəran” tərəfindən daim narazılıqla qarşılanıb. Belə olmaz! Biz çempionluğa oynayan komandayıq. Belə hallar komandamıza zərbə vurur, itirilən xallar bizə təsir edir. Futbola baxanlar nə dediyimi bilirlər.

- Artıq bir müddətdir başqa klublara transfer oluna biləcəyinizə dair xəbərlər yayılmaqdadır. Bunlar nə dərəcədə həqiqətə uyğundurlar?

- Həqiqətən də mənimlə maraqlanan klublar var. Sadəcə, “Xəzər Lənkəran”la müqaviləm davam edir. Klubum çempionluğu hədəfləyib. Komandamı yarı yolda qoyub gedə bilmərəm. Müqaviləm olmasaydı, başqa kluba keçidim daha real idi. Həqiqətən də getmək istəyirəm. Hamı deyir ki, Elnur Allahverdiyev niyə getmir? Özüm də belə söz-söhbətlərə son qoyulmasını istəyirəm. Amma elə vəziyyət yaranıb ki, bir futbolçu kimi çempion olmaq və “Xəzər Lənkəran”dan başıuca getmək istəyirəm. Təkliflər var, amma açıqlamaq istəmirəm. Keçidim real deyilsə, nə deyim? Vaxtı gələndə açıqlayacağam.

- Legionerlərimizdən Rəşad Sadıqov Türkiyə Superliqasında, Mahir Şükürov isə Rusiya Premyer Liqasında oynamağa hazır olduğunuzu bildirirlər. Bəs bu iki ölkənin klublarından təkliflər almamısınız?

- Var. İstəməzdim ki, lovğalıq olsun. Türkiyə Superliqası klublarından biri deyirdi ki, gəl müqavilə bağla və oyna. Amma istəmirəm. Mən “Xəzər Lənkəran” kimi komandanı, futbolu sevən azarkeşlərini yarı yolda necə qoyub gedim? İnanın, Lənkəran camaatına baxıram, həzz alıram. Orada Avropa səviyyəli futbol oynayırlar. Bu, adama ləzzət edir. Ona görə də istəyirəm ki, kişi kimi oynayım və başıuca gedim. O halda hamı mənə hörmət qoyar.

- Demək, qış transfer dövründə heç bir kluba keçmək istəmirsiniz...

- Xeyr. Getsəm, 2011-ci ilin yayında klubumdan xeyir-dua alıb gedəcəyəm.

- Azərbaycanda sol cinah oyunçusu çox az olduğu halda, baş məşqçilər tez-tez Sizi başqa mövqelərdə də sınayırlar...

- Əlbəttə, sol cinah müdafiəçisi olduğumdan, bu mövqe mənə doğmadır, orada rahat çıxış edirəm. Amma ümumilikdə, mənim üçün fərqi yoxdur. Fikrimcə, hara deyilsə, futbolçu orada da oynamalıdır. O, istənilən mövqedə çıxış etməyə hazır olduğunu göstərməli, ümidləri doğrultmalıdır. Məşqçilər də məni gah sağda, gah ortada, gah da sol cinahda oynadırlar. Onların bu yerdəyişmələrinin səbəbini yaxşı anlayıram. Hamısı taktiki xarakterlidir. Rəqibin hansısa güclü futbolçusunu “bağlamağ”a yönəlir. Elə qəbul edirəm ki, baş məşqçi mənə bu mövqedə inanırsa, onun etimadını doğrultmalıyam.

- Amma belə hallar üzündən baş məşqçilərlə futbolçular arasında münaqişələr yaranır...

- Allaha şükürlər olsun ki, indiyədək məndə belə şeylər olmayıb. Hər şey yaxşıdır. Baş məşqçimizlə əla münasibətimiz var. Bir-birimizə hörmət qoyuruq. Rəhbərliyimiz də yaxşıdır. Allah klubumuzun fəxri prezidenti Mübariz Mənsimovun canını sağ etsin. Mənsimov futbolu sevən adamdır. O, həqiqətən də Avropa səviyyəsinə çatmağımızı istəyir. Hazırda Lənkəranda bu yöndə işlər gedir. Bu da mənim üçün xoş haldır. Maaşımızı vaxtlı-vaxtında verirlər, lazımi məşq və məişət şəraiti yaradırlar. Bizə daha nə qalır? Çıxıb oynamaq, onların başını uca etmək və Azərbaycan futbolunu qaldırmaq!

- Heç bir baş məşqçi ilə mövqe dəyişikliyi üstündə mübahisə etmədiyinizi dediniz. Elə isə “Qarabağ”da ikən baş məşqçi Qurban Qurbanovla münaqişənizin səbəbi nədə idi?

- Münaqişə yaranmamışdı. Qurban müəllim mənə dar gündə kömək oldu. Məni “Qarabağ”a gətirdi, orada oynadım. Ondan həmişə razıyam. Sadəcə, ötən mövsüm Qəbələdə eyniadlı komanda ilə oyundan sonra nizam-intizamı pozmuşdum. Komandanı qoyub Bakıya gəlmişdim. Sağ olsunlar, buna rəğmən, məni mövsümün sonunadək saxladılar. Futbolda məşqçi ilə konflikt olur. O hadisədən sonra Qurbanovla elə bir münaqişəmiz olmayıb. Qərarı mən verdim. “Qarabağ”dan özüm ayrıldım.

- Niyə?

- Müqavilə müddətim başa çatmışdı. “Qarabağ” rəhbərliyi mənə komandada qalmağı təklif etdi. Lakin gücümü başqa komandada sınamaq qərarına gəldim. “Qarabağ”a çempion olmaq istəyilə gəlmişdim. Amma alınmadı. Çempion olmaq, daha irəli getmək istədim. Ona görə də “Xəzər Lənkəran”ı seçdim. Həmişə lider komandalarda oynamaq, çempion olmaq və Azərbaycan futboluna fayda vermək istəmişəm. Mənim prinsipim və məqsədim budur.

- Lənkəranda qalmaq çətin deyil?

- Düzdür, qalmaq çətindir. O mənada ki, doğmalarım Bakıdadırlar. Amma mən peşəkar futbolçuyam, bütün gücümü futbola həsr edirəm. Məşqimi edirəm, qalıram. Hər şey normaldır, elə bir problem yoxdur.

- “Qarabağ”da əksər futbolçular azərbaycanlı idilər. “Xəzər Lənkəran”da isə yerli oyunçuların sayı azdır. Bu mənada yeni klubunuz Sizin üçün nə dərəcədə arzuolunandır?

- Həqiqətən də “Qarabağ”dakı kollektiv mənə ləzzət edirdi. Azərbaycanlı futbolçular idilər, gözəl kollektivimiz var idi. Bütün klublara elə kollektiv arzulayıram. “Xəzər Lənkəran”a gədikdə, azərbaycanlı futbolçular azdır, amma orada da əla kollektiv var. Çoxu legionerdir. Lakin bu, təbiidir. Çünki biz çempionluq üçün oynayırıq. Avropanın bütün aparıcı klublarında da əcnəbilər çoxluq təşkil edir. Legionerlərin çoxluğu nəticəsində komanda daxilində sağlam rəqabət yaranır. Düzdür, Azərbaycana səviyyəsiz legionerlər də gəlir. İstərdim ki, səviyyəlilərin sayı çox olsun və futbolumuz inkişaf etsin.

- “Xəzər Lənkəran”dan ayrılanlar səviyyəsiz legionerlər idilər?

- Deməzdim ki, səviyyəsiz idilər. Sadəcə, baş məşqçimiz belə qərara gəldi. Demək, onlardan güclü futbolçular gətirəcək ki, belə məsləhət bilib.

- Yeni İli necə qarşıladınız?

- Öz evimdə. Xaricə getməkdənsə, ailəmlə, dostlarımla birgə olmağa, onlara vaxt ayırmağa üstünlük verdim. Yanvarın 10-dək yaxınlarımla birgə dincəlmək niyyətindəyəm. Sonra isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplantımız başlayacaq. Xaricə lazım olanda gedirik. Yeri gəlmişkən, 2011-ci il münasibətilə hamını təbrik edir, uzun ömür, can sağlığı, futbolumuza isə böyük inkişaf arzulayıram.

Mənbə: Lent.az

 

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır