"Neftçi"nin "Aris"lə oyunu fiasko, biabırçılıqdır” - Bəxtiyar Musayev

"Neftçi"nin "Aris"lə oyunu fiasko, biabırçılıqdır” - Bəxtiyar Musayev
MÜSAHİBƏ 24 İyul 2022 / 10:44 5472
-  A +

"Qarabağ", "Neftçi" və Azərbaycan milli komandasının sabiq üzvü Bəxtiyar Musayevin müsahibəsi

- "Neftçi"də baş məşqçi təyinatının gec olmasının komandaya təsiri necə oldu?

- Baş məşqçi təyinatı 1 həftə, 10 gün tez gerçəkləşsəydi, daha yaxşı olardı. Ancaq "Aris"lə oyuna hazırlaşmaq üçün yetərincə zaman da var idi. Baş məşqçi ilə bağlı qərar verilməsinin çox da gecikmədiyini düşünürəm. Düzdür, bu, elə dönəmdir ki, bir gün də hazırlıq prosesində fərq edir. Amma məncə normal hazırlaşmaq üçün çox da gecikmiş məşqçi təyinatı olmamışdı.

- Laurentsiu Regekampfın baş məşqçi təyin olunmasını necə dəyərləndirirsiz? Sizcə rumıniyalı mütəxəsiss "Neftçi"yə layiq məşqçidir?

- Regekampfın məşqçilik fəaliyyəti ilə bağlı çox dərin fikir bildirə bilmərəm. Oyunlarını izləməmişəm, nə cür bacarıqlarının olduğunun şahidi deyiləm. Rumıniyada "Styaua" ilə ölkə çempionu olduğunu bilirəm. Amma Rumıniyada bu komanda ilə çempion olmaq elə də super güc, məşqçilik keyfiyyəti tələb etmir. Bəli, çempionluq özü bir nəticədir. Amma "Styaua" həmişə Rumıniyada sayılıb-seçilən komandalardan olub. Ona görə də bu komanda ilə çempionluq qazanmaq elə də fövqəladə məşqçilik bacarığına malik olmaq demək deyil. Bildiyim qədərilə Regekampf daha sonra ərəb klublarında çalışıb. Bu ölkələrdə hansı klub maddi cəhətdən daha imkanlı olursa, onlarla çempion olmaq, kubok qazanmaq elə də problem yaratmır. Regekampfın məşqçilik bacarığına çox bələd deyiləm. Ona görə də əminliklə deyə bilmərəm ki, bu mütəxəssis "Neftçi" üçün uğurlu, böyük transferdir. Regekampfla bağlı gördüyüm "Aris"lə ilk matç oldu. Bu oyunda da heyət seçimində çox böyük səhvlərə yol verdi. Mənim fikrimcə Mamadu Mbodju sağ cinah müdafiəçisi kimi meydana buraxmaq savadsız məşqçi gedişi idi.

- "Neftçi"nin yeni transferləri haqda fikirləriniz necədir?

- Yeni transferlərdən heç bir futbolçu bizi müsbət mənada təəccübləndirmədi. Bir az Kenni Sayefin koordinasiyası, topla rəftarı gözəgəlimli oldu. Cəldliyi var, amma sürət baxımından əskikləri olduğuna görə böyük işlər görəcək futbolçu deyil. Böyük işlər dedikdə Avropanı nəzərdə tuturam. Azərbaycan çempionatında bəlkə də özü haqda müsbət mənada fikir formalaşdıra bilər. Amma avrokubok oyunlarında yüksək çıxışa nail olacaq futbolçu deyil. Ataa Caberin meydanda nə etdiyi ümumiyyətlə bəlli deyildi. Heç bir göstəricisi ilə bizim futbolçulardan seçilmirdi. Müdafiə xəttinə Solomon Kverkveliyanı transfer ediblər. Bəli, təcrübəli olduğu görünür, mövqeyində seçimi doğru edir. Amma ümumi götürəndə "Neftçi"nin müdafiə xətti ləng futbolçulardan qurulub və daha bir ləng futbolçunu heyətə qatdılar. Bunun da müsbət dəyişiklik edə biləcəyinə inamıram. Müdafiədəki 4 futbolçunun hamısı ağırdır, dönmələrdə çətinlik çəkirlər. Kverkveliya təcrübəli futbolçudur. Amma "Neftçi"yə təcrübəli müdafiəçi lazımdır? Komandaya daha cəld, sürətli, birəbir mübarizələrdə top almaq qabiliyyəti yüksək olan müdafiəçi lazım idi, nəinki təcrübəli, ləng futbolçu. Kverveliya ilə bağlı fikirlərim müsbət deyil. Hücumçu Qodsvey Donyo hərəkətli futbolçudur. Onu əvvəldən də bir az tanımışam. Sürəti, gücü normaldır. Amma ustalıq səviyyəsində, qol vuruşlarında problem var. Bəlkə də nəsə edə bilər. Ancaq böyülk işlər görmək üçün lazım olan keyfiyyətlərə malik deyil. Azərbaycan çempionatında qollarını sıralaya bilər. Azərbaycan Premyer Liqasında "Qarabağ" fərqi göstərdi. Təkcə Ağdam təmsilçisi çempionatda "bir ayaqla" oynaya bilər. Çoxları deyirdi ki, çempionatımızın səviyyəsi yüksəkdir. Amma avrokubok oyunları göstərdi ki, biz hansı vəziyyətdəyik.

- "Neftçi"ninn"Aris"lə oyununu necə dəyərləndirirsiz?

- "Neftçi"nin "Aris"lə oyununu fiasko, biabırçılıq adlandırardım. Rəqib 2:0 hesabı ilə qalib gəldi, xeyli qol epizodlarından istifadə edə bilmədi. "Aris" elə də güclü rəqib deyil. Sadəcə "Neftçi" özünü meydanda nə etdiyini bilməyən komanda kimi göstərdi. Futbolçularda nə fikir var, nə taktiki gedişlər. Ən əsası da komandada meydanda vuruşmaq qabiliyyəti, mübarizə əzmi yox idi. Futbolçular meydançada sadəcə olaraq gəzirdilər. İlk hissədə 10-15 dəqiqə hərəkət var idi, o da top rəqibdə olanda. Amma sonradan tam bir biabırçılıq, fiasko izlədik, kimin nə etdiyi bəlli deyildi. Çox şükür ki, matç 2:0 hesabı ilə bitdi. Rəqib xeyli qol imkanlarından istifadə edə bilmədi. 

- Komandanın mərhələ keçmək şansı nə qədərdir?

- "Neftçi"nin mərhələ keçmək şansı məncə var. "Aris" 2:0 hesabı ilə qalib gəlib, bu qədər qol vəziyyətləri yaratsa da, güclü rəqib deyildi. 2-3 əsas oyunçu əvəzlənəndən sonra komandanın oyununda çöküş hiss olundu. Son 10 dəqiqədə topu hara gəldi vururdular, top saxlamaq keyfiyyətləri yox idi. Son dəqiqələrdə belaruslu futbolçuları əlverişli vəziyyətdən topu tribunalara göndərdi. Bu da onun ustalıq səviyyəsindən xəbər verir. "Neftçi" "Aris"i keçmək gücündədir. Hətta bu çox yaxşı oynamayan, yaxşı qurulmayan "Neftçi" də "Aris"i keçməyə borcludur. İnanıram ki, "ağ-qaralar" səfərdə pis oynamaqlarına baxmayaraq, evdə azarkeşlərin dəstəyi ilə "Aris"i keçəcək.

- Digər klublarımız avrokubok oyunları haqda fikirləriniz necədir?

- Həmişəki kimi "Qarabağ" yenə hamımızı sevindirir. Tək nəticələrlə deyil, göstərdiyi oyunla da. "Qarabağ" Avropa ölkələrinin çempionlarına qarşı tam fərqli futbol nümayiş etdirir. Polşa və İsveçrənin çempionatları bizim Premyer Liqa ilə müqayisəolunmazdır. Amma "Qarabağ" sanki Azərbaycan çempionatında çıxış etmir, başqa bir ölkənin çempionudur. Ağdam təmsilçisi bu cür rəqiblərə demək olar ki, göz açmağa imkan vermir. "Qarabağ" klubuna xüsusi təşəkkürlər düşür, xüsusilə də Qurban Qurbanova. Əvvəllər də demişəm, bu insan Azərbaycan futbolunu tək çiynində daşıyır. Həm digər klublarımızın, həm milli komandanın pis çıxışını "Qarabağ" kompensasiya edir. "Zirə"yə təcrübəli, həm də heyət və maddi cəhətdən çox güclü rəqib düşmüşdü. Heç kim gözləmirdi ki, "Zirə" "Makkabi"ni mübarizədən kənarlaşdıracaq. 0:3 hesablı məğlubiyyəti bir az acınacaqlı oldu. Amma səviyyə fərqi var. "Zirə" bir möcüzə yaratmadı. "Makkabi"nin hərtərəfli "Zirə"dən üstün olduğu aydın idi. "Qəbələ"nin oyununa təəssüf ki, baxa bilmədim. Sadəcə onu deyim ki, komanda çempionatda bir az başından yuxarı tullandı, avrokuboklara vəsiqə verən yerlərdən birini tutdu. Onlardan böyük nəticələr tələb etmək də düzgün deyil. Amma layiqli mübarizə aparmaq olar. 

- Sizin fikrinizcə hansı klubların mərhələ keçmək şansı var?

-  "Zirə" və "Qəbələ"ni bu nəticələrə görə qınamaq doğru olmaz. Bilirik ki, son vaxtlar Macarıstan çempionatı yüksəlişdədir. Onların klubları son illərdə həm maddi, həm də oyun cəhətdən çox inkişaf ediblər. Nə "Zirə"yə, nə "Qəbələ"yə böyük iradımız ola bilməz. Düzdü istərdik ki, daha yaxşı hesablar olsun, amma olmadı. Ən böyük fiasko yenə deyirəm, "Neftçi"dir. Rəqib də dişlərinə uyğun idi. "Aris" ilk dəfədir beynəlxalq arenada çıxış edir. "Neftçi" borcludur ki, evdə, azarkeşlərin qarşısında bizləri sevindirsin. Komandadan gözləntimiz böyükdür.(sportal.az)

Daha çox


Son xəbərlər