“Büdcə nə qədər aşağı olsa da, “Qəbələ” brenddir” – Elmar Baxşıyev

“Büdcə nə qədər aşağı olsa da, “Qəbələ” brenddir” – Elmar Baxşıyev
MÜSAHİBƏ 25 May 2022 / 15:55 2432
-  A +

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevin Qol.az saytına müsahibəsi

- Bu mövsüm “Qəbələ” üçün enişli-yoxuşlu oldu və sonda məqsədinizə çatdınız. Mövsümü necə dəyərləndirərdiniz?

- Çempionata yaxşı başladıq. Qış fasiləsindən sonra komandada eniş yaşandı. O da oyun baxımından olmadı. Sadəcə, ehtiyat qüvvəmiz az idi. Zədəli və cəzalı futbolçularımız çox olduğundan oyunlara optimal heyətlə çıxa bilmirdik. Bu da təbii ki, oyunumuza təsir edirdi. Zədəlilər sıraya dönəndən sonra isə yenə “Qəbələ” öz iddiasını göstərə bildi.

- Mövsümün əvvəlindən avrokuboklara vəsiqə qazanmaq kimi bir hədəfiniz var idi, yoxsa çempionatın gedişində sizdə bu iddia yarandı?

- Səmimi deyim ki, komandanı yığanda avrokuboklara getməliyik deyə fikir yox idi. Qısa zaman ərzində komanda formalaşdırdıq. Futbolçuların keyfiyyətini, oyunları gördükcə içimizdə belə bir hiss yarandı ki, daha iddialı ola bilərik.

- Məhdud büdcə ilə Konfrans Liqasına vəsiqə qazandınız. Bu uğurun sirri nədədir?

- İnanın ki, heç kimin əlində sehrli çubuq yoxdur. Bəlkə də, çoxları düşünür ki, burda nəsə sehrli bir şey var. Amma “Qəbələ” klub olaraq bu uğura addım-addım getdi. Burada rəhbərliyin də, texniki heyətin də, hamının əməyi var.

- Eləcə də sizin əməyiniz böyükdür.

- Mən özümü fərqləndirməzdim. Hamının əməyi olduğuna görə bura gəlib çıxmışıq. Klubda hamı bir-birinə dəstək olub. Klubu reklam etməyə ehtiyac yoxdur. “Qəbələ” Azərbaycan futbolunda ən önəmli klublardan biridir. Büdcə nə qədər də aşağı düşsə, bu klub brenddir. İnanın ki, komanda 7-8-ci pillələrdə olanda da “Qəbələ”yə brend kimi baxırdılar. Bilirdik ki, büdcə aşağıdır, amma klub həmişə öz markasını saxlayıb. Etdiyimiz transferlər də, komandanın komplektləşdirilməsi də bu peşəkarlığın və həmin o təcrübənin hesabına olub.

- Bir çox futbolçunun müqavləsi başa çatıb. Yeni sözləşmə var?

- Əcnəbilərdən Ruan Renate və Rafael Utziqlə müqavilə yenilənib. 

- Komandadan gedən futbolçular olacaq?

- Hələ ki, sual altından olan məsələlər var. Müqaviləsi başa çatan futbolçularla danışıqlar gedir. Mən komandanı qorumağın tərəfdarıyam. Kimisə göndərmək yox, əksinə yeni oyunçular gətirməliyik.

- Bununla bağlı işlər nə yerdədir? Transfer gözlənilir?

- Hələ ki, heyətdə olan futbolçuların müqaviləsinin uzadılması ilə bağlı işlər gedir. Heç kimlə nə maraqlanmamışıq, nə də rəsmi təklif etməmişik. Təbii ki, transferlərə ehtiyac var. Büdcə məsələsi müəyyənləşəndən sonra transfer məsələsi də dəqiqləşəcək. 

- Komandanın kapitanı Asif Məmmədovun da müqaviləsi başa çatıb. 36 yaşında olmasına baxmyaraq, çox yaxşı mövsüm keçirdi. Onunla müqavilə yenilənəcək? 

- Asifin yaşına baxmayın. O, həm oyunu, həm yanaşması ilə hamıya göstərdi ki, futbolçunun yaşı o qədər də önəmli deyil. Asif həm meydançada, həm də meydandan kənarda klubumuza faydalı oyunçudur. O ki qaldı müqaviləsinə, ola bilər ki, rəsmi açıqlamamışıq, amma elə ən birinci Asiflə danışıq olub. Ümumiyyətlə, yerli futbolçuların hamısının razılığı tam alınıb. Onlarla klub arasında o qədər səmimi münasibət var ki, müqavilə o qədər də əhəmiyyət kəsb etmir. Bəli, Asif komandada qalacaq.

- “Qəbələ” həmişə öz akademiyasının yetirmələri ilə seçilib. Qarşıdan gələn mövsümdə komandada yeni simalar görə biləcəyik?

- Nəzər yetirsəniz, bu mövsüm Emil Səfərov, Rüfət Əhmədov, bəzi oyunlarda isə Hüseyn Mürsəlov kimi gənc oyunçularımız meydanda olub. Biz o klublardanıq ki, öz yetirmələrimizin inkişafını düşünürük. Əlbəttə, gələcəkdə yeni simalar da görə bilərsiniz.

- Çarpaz bağlarından əməliyyat olunan Urfan Abbasov yəqin ki, uzun müddət komandaya kömək edə bilməyəcək.

- İki gündür əməliyyat olunub. Uzun müddət kənarda qalacaq, amma “Qəbələ” ilə müqaviləsi artırılacaq.

- Nə vaxt sıraya dönə bilər?

- 4 aydan sonra məşqlərə başlaya bilər.  

- Təlim-məşq toplanışını harada keçirməyi planlaşdırmısınız?

- İlkin mərhələni ayın 15-də Qəbələdə başlayacağıq. Hər şey büdcədəna asılıdır. Büdcəmiz buna imkan versə, əlbəttə, ölkə xaricinə çıxmaq önəmlidir ki, vacib olan yoxlama matçlarını keçirək. Hələ büdcəmiz dəqiqləşmədiyi üçün bu sualı tam cavablandıra bilməyəcəyəm. 

- “Qəbələ” buna qədər Avropa Liqasında mərhələlər keçməklə azarkeşləri sevindirb. Bəs, Konfrans Liqasında komandadan nə gözləmək olar? Büdcənin məhdudluğu işinizi nə dərəcədə çətinləşdirir? 

- Vallah necə olacaq, bunu hələ nə mən, nə də klub düşünür. Əsas vacib olan kollektivi formalaşdırmaqdır, komandanı qorumaqdır. Bundan sonra iddiadan da danışmaq olar. 

Ramiq Ağaməmmədov

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi