Aslan Kərimov: «Milli komandada legionerlərin çoxluğu pis haldır»

Aslan Kərimov: «Milli komandada legionerlərin çoxluğu pis haldır»
MÜSAHİBƏ 8 Fevral 2009 / 11:36 4931
-  A +

«Qarabağ» komandasının kapitanı Aslan Kərimovun Qol.Az saytına müsahibəsi


- Aslan, komandanızın birinci dövrədəki çıxışını necə dəyərləndirərdiniz?
- Keçmiş baş məşqçi Rasim Karanın komandadan qəfil gedişi və onun yerinə Qurban Qurbanovun təyin olunmasının heç şübhəsiz ki, birinci dövrədəki oyunlarımıza müəyyən təsiri oldu. Ancaq keçmiş məşqçimizin qəfil gedişinə baxmayaraq, ilk dövrənin ortalarından toparlanmağa  başladıq. Hesab edirəm ki, ilk dövrədə «Qarabağ»ın adına layiq çıxış edə bildik.
- İlk dövrədə keçirdiyiniz son 9 oyunu məğlubiyyətsiz başa vurdunuz. Necə fikirləşirsiniz, ikinci dövrədədə məğlubiyyətsizlik seriyasını davam etdirə biləcəksiniz?
- Fikrimcə, bu uğurun davamını gətirə biləcəyik. Çünki komandada elə də böyük dəyişilik olmayıb. Yalnız komandaya üç nəfər güclü futbolçu dəvət edilib ki, onlar da bizə kömək edəcəklər. Onlar bizim oyunumuzu daha da gücləndirəcəklər.
- Komandaya yeni oyunçuların transferi gözlənilirmi?
- Komandada olan söhbətlərə əsasən yeni transferlərin gözlənilmədiyini deyə bilərəm.
- Deməli, «Qarabağ» üçün transfer pəncərəsini bağlı hesab etmək olar?
- Bu mənim subyektiv fikrimdir. Bəlkə də rəhbərlik, məşqçi başqa fikirdədir. Məlumatıma görə, transferlə bağlı daha hansısa fikir yoxdur.
- Hələ çempionat başlamazdan əvvəl Tahir Gözəl başda olmaqla klub rəhbərliyi bu il «Qarabağ»ın ancaq çempionluq, ən azı avrokuboklara çıxmaq üçün oynayacağını bildirmişdi. Bu məqsədə çatmaq üçün böyük təcrübəsi olmayan gənc mütəxəssisin məşqçi təyin edilməsi yetərli olacaqmı?
- Mən Qurban Qurbanovun heç də təcrübəsiz məşqçi olduğunu düşünmürəm. Zənnimcə, Qurban müəllim ilk dəfə məşqçiliyə başladığı «Neftçi»yə ölkə çempionatında 2-ci yeri qazandırması böyük uğurdur. Demək olar ki, o, komandada böyük bir məktəb keçib. Qurban Qurbanovun başqa məşqçilərdən fərqi ondadır ki, o, mən də daxil olmaqla komandamızda çıxış edən futbolçuların əksəriyyətilə bir yerdə oynayıb və hər birimizin psixologiyasını gözəl bilir. Məşqçi seçimi rəhbərliyimizin atdığı növbəti düzgün addımlardan biridir.
- Baş məşqçiniz komandanın ikinci dövrəyə 70 faiz  hazır olduğunu bildirib. Kapitan kimi necə fikirləşirsiniz, çempionata hazırsınız?
- Əlbəttə, komandanın yüz faiz hazır olduğunu demək olmaz. İnanmıram ki, dünyada hansısa bir komanda yüzdə-yüz hazır vəziyyətdə olsun. Çünki komandalarda hansısa əskiklərin olması qaçılmazdır. Biz də bu məsələdə istisna deyilik.
Hazır olmağımızla bağlı Qurban Qurbanovun fikirlərilə razıyam. Qarşıdakı bir həftə ərzində müəyyən çatışmazlıqları aradan qaldırmağa çalışacağıq və belə fikirləşirəm ki, ikinci dövrəyə 90-95 faiz hazır olacağıq.
- Birinci dövrənin ilk turlarındakı uğursuzluqlar təkrarlana bilərmi?
- O uğuruzluqlar bizim üçün bir dərs olacaq. Bu haqda komandada müzakirələr olacaq. Hesab edirəm ki, birinci dövrədəki buraxdığımız həmin səhvləri təkrarlamamaqla bağlı məsləhətlər də olacaq. Qurban müəllimin bir özəlliyi də var ki, o, müntəzəm olaraq oyunçularla psixoloji və taktiki baxımdan söhbətlər edir. Hansı ki, biz məhz elə həmin səhvlərə görə yeddinci yerdəyik. İnanıram ki, artıq o, səhvlərə yol verməyəcəyik.
- Antalyadakı 25 günlük təlim-məşq toplanışınız necə keçdi. Siz futbolçular həmin məşqlərdən nə dərəcədə razı qaldınız?
- Həmin məşq prosesi bizi tam qane etdi. Gündə iki dəfə, bəzən də bir dəfə məşqimiz olurdu. Beş yoxlama oyunu keçirdik.
- Söhbət yoxlama oyunundan düşmüşkən, komandanız heç bir oyunda qalib gələ bilmədi. Bu azmış kimi Türkiyənin 2-ci dəstə komandasıyla da bacara bilmədi.
- Ordakı yoxlama görüşlərində bizə nəticə lazım deyildi. Məqsədimiz əsas çatışmazlıqları müəyyənləşdirmək, habelə bunların üzərində işləmək idi.
- Komandanızın məşqçisi olan Mehmet Ak mətbuata açıqlamalarının birində səninlə bağlı bildirmişdi ki, Aslan Kərimov hələ bundan sonra daha bir neçə il oynamaq gücündədir.
- Mehmet bəy mənim məşqçimdir, o insana böyük hörmətim var. Amma mən qarşıma konkret olaraq neçə il oynayacağımı qoymamışam. Komandamla yaya qədər müqaviləm var. Anlaşmam başa çatandan sonra vəziyyətə baxacam. Əgər zədə və başqa problemlərim olmasa, güman edirəm ki, daha bir il oynamağa gücüm çatar.
- Futbolçu koryeranızı başa vurduqdan sonra nə işlə məşğul olmağı düşünürsünüz?
- Məşqçi və yaxud menecer kimi futbolda qalmaq istəyirəm. Futbol aləmində böyüyüb başa çatan bir insan kimi bu həyatdan ayrılmaq mümkün deyil.
- Ali təhsiliniz varmı?
- Bəli, Bədən Tərbiyyəsi və İdman Akademiyasını bitirmişəm. Ancaq kurslar, kateqoriyalar yüz faiz olmalıdır.
- Hazırda uğura nail olmaq üçün hansı amillər daha vacibdir?
- Buraya bir çox amillər daxildi. Futbolçuların psixologiyasının hazırlıqlı olması, birlik və maddi tələbatın ödənilməsi.
- Bu məsələdə sizdə vəziyyət necədir? Hansısa çatışmazlıq hiss olunur?
- Deyərdim ki, biz psixoloji cəhətdən tam hazırıq. Bunu ikinci dövrənin oyunları başlayanda daha dəqiq görəcəyik. Birliyə qaldıqda isə deyə bilərəm ki, bəlkə də, komandamızda olan birlik az-az komandalarda mövcuddur.
- Hazırda dünyada baş verən maliyyə böhranı futbolçuların məvaciblərinin vaxtı-vaxtında ödənilməsinə nə kimi təsir göstərir?
- Komandamızda maddi vəziyyət normaldır. Pulla bağlı problem yoxdur və hər bir futbolçunun məvacibi vaxtında verilir.
- Öz oyununuzdan razısınızmı?
- Hələ elə bir oyunum olmayıb ki, özümdən tam razı qalım. Özümə qarşı çox tələbkaram. Hər dəfə nədənsə narazı oluram. Mənə elə gəlir ki, inkişaf etmək istəyən futbolçu məhz belə olmalıdır. Özündən razı qalan futbolçu yəqin ki, çox inkişaf edə bilməz.
- «Qarabağ» komandasıyla bağlı hansı hadisə və yaxud hadisələr yaddaşınızda silinməz izlər qoyub?
- Bu komandayla çempionluq yaşamışam, kuboku qazanmışam. Bu, futbolçu karyeramla bağlı ən böyük nailiyyətlərimdən biridir. Bundan əlavə, futbol oynaya-oynaya «qrad» mərmisinin üstümüzdən keçib partladığını görmüşəm. Təssəvvürünüzə gətirin ki, futbol oynadığımız yerdə başımızın üstündən raketlər uçurdu. Bunlar adamın ömrü boyu yadından çıxası hadisələr deyil. Mənim üçün ən gözəl, unudulmaz an isə iki il əvvəl ölkə kubokunu qazanmağımızdır. Komandanın prezidenti Abdulbari Gözələ kuboku hədiyyə etməyin özü bir xoşbəxtlikdir. 2000-ci ildən «Qarabağ» komandasının yükü o insanın çiyinlərindədir. O zəhmətin qarşılığında həmin nailiyyəti qazanmaq bizim üçün bir fərəh idi.
- Rəhbərlik tərəfindən «Qarabağ»ın ikinci dövrədə əsas ev oyunlarını Ağdamın Quzanlı qəsəbəsində oynamaq istəyinin olduğu bildirilərək, bunun üçün son hazırlıq işlərinin getdiyi qeyd edilir. Siz futbolçular buna hazırsınızmı?
- Həqiqətən o günü çox səbirsizliklə gözləyirik. Biz də ev oyunlarımızı məhz Ağdam rayonunda oynamaq istəyirik. Əgər ev oyunlarımızı azarkeşlərimizin qarşısında keçirsəydik, indiyədək olan xal itkilərinə yol verməzdik. Bu amil həm də rəqib komandaya psixoloji tərəfdən çox təsir etmiş olardı. Belə vəziyyətdə bizim üçün qələbə qazanmaq çox asan olardı. İnanmıram ki, legionerler müharibə şəraiti olan bir bölgədə oynamağa razılıq versinlər. Ancaq hər hansısa komandayla müqavilə bağlayanda bunlara hazır olmaq lazımdır. Əgər həqiqətən ordakı stadion yaxşı vəziyyətdə olsa, futbolçuların hər bir cəhətdən tələbatları təmin olunarsa, gedib oynayarıq. Biz hələ Ağdamda oynayanda oradakı stadion ot ortüyünə görə Azərbaycanda bir nömrəli idi. O çinarların altında oynamaq insana həzz verirdi. Mən inanıram ki, biz yaxın vaxtlarda «İmarət»ə qayıdacağıq.
- Bir vaxtlar müdafiədə oynamısız, indi isə əsasən yarımmüdafiə xəttinda çıxış edirsiniz. Sizin üçün  hansı daha rahatdı?
- Gənc vaxtlarında bir o qədər təcrübəli olmursan, ona görə məşqçi əsasən kənar müdafiəçi qismində oynadır. Mən də belə başladım, sonradan təcrübə yığdıqca yarım müdafiənin ortasında oynayıram. Orta xəttə oynamaq bir az maraqlıdır. Çünki belə demək mümkünsə, oyunun açarı sənin əlində olur. Həm hücumun qurulmasında iştirak edirsən, həmçinin də müdafiədə oynayırsan.
- Milli komandamızın indiki durumu keçmiş kapitan kimi sizi nə dərəcədə razı salır?
- Düzdü, irəliləyiş hiss olunur. Hərçənd, Berti Foqtsun gəlişi ilə qlobal dəyişiklik görünmür. Hiss olunur ki, az da olsa, hücuma meyilli oynamaq istəyirlər. Məni milli komandamızda narahat edən məsələ legionerlərin çoxluğudur. Bu, çox pis haldır. Legioner ehtiyyat oyunçular skamiyasında oturursa, bu özü artıq Azərbaycan futbolu üçün mənfi haldır. Əgər millidə legioner varsa, o əsas heyətdə oynamalıdır.

Daha çox


Son xəbərlər