«Neftçi» klubu: «Cəzalı Jabanın bizimlə oynamasına etiraz etmirik!»
«Çox təəssüf ki, dəfələrlə açıqlama verməyimizə və təkzib etməyimizə baxmayaraq, bəzi insanlar hələ də «Neftçi» klubuna qarşı böhtan atır, əsassız iddialar səsləndirərək guya müəyyən dairələrin bizim komandanı çempion eləmək istədikləri barədə cəmiyyətdə yanlış rəy formalaşdırmağa çalışırlar. «Neftçi» klubu həmin insanlara bir daha bildirmək istəyir ki, ucuz dedi-qoduyla məşğul olmaqdansa, öz komandalarının işlərinə fikir versinlər». Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri «Neftçi»nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu söyləyib.
«Bakı»nın futbolçusu Jabanın AFFA İntizam Komitəsi tərəfindən «Neftçi»ylə oyunu buraxması üçün dörd oyunluq cəzalandırıldığı haqda iddialara da toxunan E.Əşrəfoğlu bunları deyib: «Neftçi» və «Bakı» klubunun rəhbərliyinin çox gözəl, səmimi münasibətləri var. Biz «Bakı» klubunun prezidenti Hafiz Məmmədovun Azərbaycan futbolunun inkişafı üçün göstərdiyi fəaliyyəti müsbət qiymətləndiririk. Bu klubda futbolu çox gözəl bilən Zeynal Məmmədov, Yaşar Seyidov kimi insanlar da var. Təəssüf ki, müəyyən araqarışdıranlar Jaba məsələsini ortaya atmaqla bizim «Bakı» klubuyla olan səmimi münasibətlərimizə kölgə salmaq istəyirlər. «Neftçi» klubu olaraq bəyan etmək istəyirik ki, cəzalı olmasına baxmayaraq, Jabanın bizə qarşı oynamasına etiraz etmirik. Braziliyalı futbolçu çıxıb «Neftçi»yə qarşı oynaya bilər».
Qeyd edək ki, Jabanın dörd oyunluq cəzası bu turdan qüvvəyə minir. «Neftçi» ilə qarşılaşma isə üçüncü oyuna təsadüf edir.
E.Əşrəfoğlu onu da bildirib ki, bütün söz-söhbətlərə baxmayaraq, «Neftçi» sözünü meydanda deyir: «Klubumuzun prezidenti Sadıq Sadıqovun da söylədiyi kimi, «Neftçi» futboldan kənar işlərdən uzaqdır. «Neftçi» futbol adına ləkə gətirən işlərlə məşğul olmayıb, olmur və bundan sonra da olmayacaq. Bir daha təkrar edirəm, biz sözümüzü meydanda deyirik və sübut edirik ki, güclüyük».