Fuad Əsədov: «Əcnəbilərə üstünlük verməklə, futbolumuzun səviyyəsi istədiyimiz kimi olmayacaq»

Fuad Əsədov: «Əcnəbilərə üstünlük verməklə, futbolumuzun səviyyəsi istədiyimiz kimi olmayacaq»
ÖLKƏ FUTBOLU 5 Fevral 2009 / 16:23 3364
-  A +

AFFA-nın keçmiş baş katibi Fuad Əsədovun Qol.Az saytına müsahibəsi

- Xeyli müddət futbol sahəsində çalışmısınız. Azərbaycan futbolunun hazırkı durumu haqda nə düşünürsünüz?
- Federasiyada çalışdığım dövrdə həm sağ, həm sol tərəfdən döyəşənlər, ağızlarına gələni danışanlar vardı. Mən də belə hərəkət etsəm, onlarla nə fərqim olacaq?!
- Hər halda, fikrinizi öyrənmək maraqlı olardı.
- İlyarımdır ki, AFFA-dan ayrıldığım müddətdə çox sayda həmkarlarınız məndən müsahibə götürmək istəyiblər, ancaq hal-əhval tutub ayrılmışıq. İndi də belə olmasını çox istərdim. O qədər mütəxəssis var ki…
- Azərbaycan çempionatını izləyirsiniz?
- Əlbəttə. Çempionatı niyə izləməməliyəm ki? Oyunlara televizorda baxıram. 
- Stadionlara getməyə vaxtınız olmur?
- Olur, onsuz da bekar adamam. Nəvələrimlə məşğulam. Digər tərəfdən, televizayada baxmaq asandır. Oturub bir stəkan çayı qabağına qoyub baxmağın ləzzəti başqadır.
- Bəlkə federasiyadan incik ayrılmısınız?
- Siz nə danışırsınız? Mən AFFA-dan özüm ayrılmışam, heç kimin istəyi ilə getməmişəm. Məsələ burasındadır ki, mənim səhhətimdə problem - şəkər xəstəliyi, təzyiqim vardı. Kimsə federasiyada gəlib işləməlidir. İndi AFFA-da yaxşı maliyyə mənbəyi var. Əvvəllər isə federasiyada maddi baxımdan çətinlik vardı. Baxmayaraq ki, sponsorumuz neft şirkəti idi. Hətta mötəbər yarışlara getməyimiz sual altına düşürdü. Sağlıq olsun, gözləyək görək nə edirlər, axırı necə olur. Fikrimcə, gələcəkdə Azərbaycanda da futbol olar.
- Sizcə, AFFA-nın hazırkı rəhbərliyi doğru yoldadır?
- Deyə bilmərəm ki, doğru, yoxsa əyri yoldadır. Bilirsiniz ki, prezidentin təsdiq etdiyi 2015-ci ilədək dövlət proqramı var. Buna uyğun hərəkət etmək lazımdır. Onların işinə baxıb özünüz nəticə çıxarın (gülür).
- Gəlin, milli komanda haqda danışaq.
- Gərək nəticə olsun. Hələlik bu, yoxdur. Nəticə olanda nəsə demək, qiymət vermək olar. Ancaq bir məqamı qəti deyə bilərəm ki, xaricdən gətirilən məşqçilər bizimkilərdən üstün deyillər.  
- Belə çıxır ki, millinin baş məşqçi vəzifəsinə Berti Foqtsun gətirilməsi də səhv addımdır.  
- Mən belə deməzdim. Bu qərarı qəbul edən adamlar hesab edirlər ki, düzgündür. Bəlkə də doğru addım atıblar, bəlkə dəvət olunan adam o adam deyil. Fakt budur ki, məşqçilərimizin göstərdiyi nəticələr əcnəbi çalışdırıcılardan üstündür.
- İndiki baş katibin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Mən qiymət vermək istəməzdim.
- Klubların səviyyəsi necədir?
- Mən həmişə daha çox yerli futbolçulara üstünlük verilməsinin tərəfdarı olmuşam. AFFA-da çalışdığım dövrdə daim xaricdən gələn futbolçuların əleyhinə olmuşam. Əfsuslar olsun ki, legioner limiti aradan götürülüb, daha çox əcnəbilərə üstünlük verilir. Hazırda istər klublar, istərsə də milli komandalarda oynayan futbolçuların əksəriyyəti əvvəlki nəsillərin nümayəndələridir.     
- Demək olarmı ki, gələcək haqda nikbin fikirdə deyilsiniz?
- Belə də. Nə qədər ki, əcnəbilərə çox üstünlük veriləcək, Azərbaycan futbolunun səviyyəsi istənilən kimi olmayacaq. Futbolu inkişaf etdirmək üçün çox çalışmaq lazımdır. Özü də birgə fəaliyyət göstərməklə buna nail olmaq mümkündür. 
- Hansısa komandanı fərqləndirərdiniz?
- Həmişə olduğu kimi, 5-6 komanda yüksək yerlər uğrunda mübarizə aparır. 
- «İnter»in keçmiş baş direktoru Alı Alıyev komandadan çıxırılmağında sizləri ittiham edərək «AFFA-nın əvvəlki rəhbərliyinin fəaliyyəti əsl mafioz qrupun fəaliyyətinə bənzəyirdi» deyib.
- Alıdı də, qoy danışsın. O, bizim işçi olmayıb, onu kim qəbul etmişdisə, o da qovub. Getsin, Alı onlarla məşğul olsun.
- Hakimlərin səviyyəsi haqda nə deyə bilərsiniz?
- Yaxşı hakimlərimiz var. Ancaq səhvlər də olur. Hətta dünya və Avropa çempionatlarında belə hakimlər xətalara yol verirlər. Bizimkilər öz üzərilərində çox işləməlidirldər. Hərdən xaricdən hakimlər ölkəmizə gətirilsə, yaxşı olar. Bu, oyunu canlandırar, matç ətrafında söz-söhbət yaratmaz.
- Sizin fəaliyyətiniz dövründə təcrübəli futbolçulardan Rəşad Sadıqov və başqaları kimlərə görəsə milli komandadan kənarda saxlanılırdı…
- Bu, baş məşqçi Şahin Diniyevin qərarı idi. Əmin olun ki, federasiya rəhbərliyi baş məşqçinin fəaliyyətinə heç vaxt qarışmırdı. Şərait yaradırdıq ki, bütün imkanlardan istifadə etsin. «Neftçi»nin baş məşqçisi Gede Rəşad Sadıqovu klubdan kənarlaşdırmışdı. Foqtsun işinə də qarışmırlar. 
- AFFA-nın keçmiş rəhbərliyi ilə əlaqələriniz qalıb?
- İstər Fuad Musayev, istərsə də Çingiz İsmayılovla əlaqə saxlayıram, onlarla görüşürük. 

 

Daha çox


Son xəbərlər